• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Vasif Talıbovun oğulları - FOTOLAR

Vasif Talıbovun oğulları - FOTOLAR

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovlar barəsindədir.

Vasif Talıbov uzun illərdir Ermənistanın blokadasında qalan Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir. Bu il yanvarın 14-də 54 yaşını qeyd etmiş cənab Talıbov 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon Xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.

16 dekabr 1995-ci il tarixindən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş Vasif Talıbov 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib.

Azərbaycan Respublikası I, II, III və IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.
2010-cu ildə yubileyini - 50 yaşını qeyd edəndə ölkə başçısının sərəncamı ilə Vasif Talıbova Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə «Şöhrət» ordeni verilib.

Modern.az saytının məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun iki oğlu var - Rza və Seymur Talıbovlar.

Rza Talıbov Ali Məclis sədrinin böyük oğludur. O, atasının rəhbərlik etdiyi siyasi qurumun - hakim Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının şura üzvüdür.
Rza Talıbovun iş adamı kimi fəaliyyət göstədiyinə dair məlumatlar var. Məlumata görə, Bakı Dövlət Universitetini bitirmiş 32 yaşlı Rza Talıbov hazırda Naxşıvanda fəaliyyət göstərən “Gəmiqaya Holdinq”in prezidentidir.

Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov isə elm sahəsində çalışır. Onun Naxçıvan şəhərindəki 12 saylı orta məktəbi bitirəndən sonra London Universitetində ali təhsil aldığı bildirilir.
Modern.az saytının məlumatına görə, Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura üzvüdür.

Qeyd edək ki, Seymur Talıbov alimlik dərəcəsi almaq üçün bir neçə gün öncə - aprelin 1-də dissertasiya müdafiə edib. O,Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim etmişdi. Seymur Talıbovun müdafiə etdiyi elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.

Bəzi KİV-lər indiyədək Seymur Talıbovun fəaliyyəti barədə müxtəlif iddalarla çıxış edib. Onun gah XİN-də işlədiyi, gah da biznes sahəsində çalışdığı bildirilirdi. Amma indi belə məlum olur ki, bu iddaların əsası yoxmuş.






Xəbər lenti

DAHA ÇOX XƏBƏR