• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ey gözəl Krım..!

Ey gözəl Krım..!

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir məqalə)

Bir neçə gün öncə İstanbulda Krımdan olan aydınların və Türkiyədə fəaliyyət göstərən Krım türkü dərnəklərində birləşmiş dəyərli dostların açdığı çay süfrəsində, könül süfrəsində söhbət edirdik. Ukrayna ətrafında baş verən məlum olayları, Krım türklərinin durumunu incələyirdi dostlar. Hamısının gözündə bir rahatsızlıq halı, kədər və gələcəyə doğru bir əndişə var idi. “Nə olacaq Krım türklərinin gələcəyi?” – deyə söhbət edir, dərdləşirdilər.

***

Onları illərdir ki, tanıyıram. Gözlərindən kədər, ağrı, rahatsızlıq, nigarançılıq heç zaman əksik olmadı. Sanki illərdir hopmuşdu gözlərinə və hələ də davam ediridi… Doyunca gəzmək, görmək, tanımaq imkanım olmuşdu Krımı… Krım türkü dostlarımızın müşayiəti ilə gəzmişdim o gözəl türk yurdunu. Gözlərində illərlə yaşadıqları sürgünün, əzab-əziyyətinin verdiyi acıları görmək çətin deyildi... amma Tanrıya şükr edirdilər ki, ən azı yurdlarına dönə bilmişdilər. “Dədələrimizin, atalarımızın və bizim yaşadıqlarımızı övladlarımız, nəvələrimiz inşallah, yaşamaz” deyə dua edərdi dərdli dilləri... Çoxu kasıbdı – bir ömürdə iki ağır köç yaşamışdılar. Evlərindən sürgün olunmuş illər sonra yenidən dönmə imkanı qazanmışdılar. Üzüntülləri də az deyildi. Sosial üzüntülərin yanında, ana dilində məktəb, təhsil, milli mədəniyyəti qoruyub saxlamaq kimi çətinliklər... amma evlərinə, yurdlarına dönə bildikləri üçün hər zaman şükr edirdilər və gələcəyin daha yaxşı olacağını, Krım türklərinin bir daha ağır təlatümlər yaşamayacağını ümidlə dilə gətirirdilər. Mən də hər dəfə ürəklə “amin” deyirdim onların dualarına…

Krım gözəldi amma onu daha da gözəlləşdirən türklərin buradakı böyük tarixi və abidələridir məncə… Krım xanlarının paytaxt Baxçasaraydakı sarayı İstanbuldakı Topqapı Sarayını xatırladır. Böyük bir tarixi nümayiş etdirir hər gələn qonağa…

Krım səfəri zamanı xanların qəbirlərini ziyarət etmişdim amma mənə ən çox təsir edən “Zincirli Mədrəsə” olmuşdu. Mədrəsəyə girmək istəyəndə qapının girişindən sallanan zincirin altından keçməli olursan və biz də eləcə ikiqat əyilərək keçmişdik... Bu mədrəsədə Krım xanları və ailə üzvləri dərs alırlarmış. “Zincir asma”nın səbəbini soruşduq, dedilər, “xan da daxil hər kəsə, elmin, bilginin qarşısında hətta xan da əyilir” mesajını verilmişdir bununla...

Krımda türklərin, müsəlmanların kimliyi, haqları uğrunda mübarizə aparan İsmayıl Bəy Qaspirallının mübarək evini, “Tərcüman” qəzetinin redaksiyasını, böyük fikir adamının qəbrini ziyarət edib, Tanrıdan rəhmət diləyirik. Belə aydınlar olmasaydı daha nə qədər böyük acılar yaşana bilərdi. …Və bugün tutuna biləcəyimiz bir abidə isim olmasaydı... necə olardı?!.

***

...Qıpcaq əsilli Qızıl Ordanın davamı sayılan Krım xanlığı Fateh dönəmində Osmanlıya qatılmışdı. Bu Osmanlının gücünə güc qatmışdı və strateji olaraq həyati önəm daşıyırdı. Qardaşlıq ittifaqı Yavuz Sultan Səlimin Krım xanı Mengü Giray xanın qızı Ayşə Hafza Sultanla evlənməsi ilə daha da güclənmişdi. Mengü Giray xan bölgədə sabitliyi təmin edə bilmişdi və ciddi mədəni inkişaf başlamışdı.

Krımın və buradakı türk insanının xoşbəxtliyi Çar Rusiyasının güclənməyə başlaması, Osmanlının zəifləməsi ilə pozulmağa başlayıb. Krımı yavaş-yavaş əllə keçirməyə başlayan Çar Rusiyasının 1783-cü ildə Baxşasarayı ələ keçirib yandırması ilə acı günlər başlayır... 1873-cü ildən 1922-ci ilə qədər nə az nə çox 1 milyon 200 min Krım və Kazan türkü (tatarı) öz evindən didərgin düşərək Türkiyəyə köç edir... O dövrə görə bu rəqəmlərin nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Köç edən türklərin yerinə ruslar köçürülür Krıma və Krımın kimliyi dəyişdirilməyə başlayır...

Türkiyəyə köç etmək istəməyib hər çətinliyə dözərək vətənlərində yaşamaq istəyən türklər isə 1944-cü ildə Stalinin zülmü ilə üzləşdi... Stalin Krımda qalmış 302 min tatar türkünü ellikcə Orta Asiyaya sürgünə göndərdi və beləcə Krım türksüzləşdirildi. – Bu adıyaman iş üçün “səbəb” tapmağa nə vardı? Sən demə, Hitler Almaniyasına yardım edirlərmiş Krım tatarları... amma bütün iddiaların doğrusunu Tanrı bilir və düşünən hər bir Tanrı bəndəsi bilir ki, sənədlərdə nə yazılır-yazılsın, məqsəd Krımı türksüləşdirmək olub!

Alah Fisher “The Crimean Tatars” kitabında qeyd edir ki, o zaman 300 min Krım türkündən 18 yaşdan yuxarıların sayı 95 min nəfər idi ki, onların da 53 min nəfəri Sovet ordusu sıralarında Hitler Almaniyasına qarşı savaşmışdılar və aralarında medal alanları da az deyildi. 12 min nəfər yeraltı dirənişdə görəv almış, 30 min savaşda həlak olmudşu... Stalinin Krım türklərini öz evlərindən sürgün etməsində heç bir gerçək səbəb yox idi. Üstəlik 1944-cü ildə Hitler Almaniyası artıq zəifləmişdi və Krım sovetlərin nəzarətində idi. Stalinin əsas dərdi Krım kimi strateji bölgəni türksüzləşdirmək idi və nə yazıqlar ki, bunu etdi... Çox sayda Krım türkü sürgün zamanı məşəqqətli yollarda həlak oldu və onların acılar dolu sürgün həyatı başladı. Krım isə 1954-cü ildə Ukrayna SSR-yə bağlandı...

...Amma ağır sürgün belə Krım türklərinə öz doğma yurdlarını, evlərini unutdurmadı. Çox sevdiyim və fəxrlə dəyərli dostum və qardaşım adlandırdığım Mustafa Cəmiloğlunun başçılığı ilə hələ Sovetlər dönımində mübarizə başladı. Onu Tatar Qandi də adlandırırdılar. Barışçı yollarla mübarizəsini aparırdı, aclıq elan edərək, haqqı dünyaya car çəkməklə…

Nəhayət 30 il öncə Krım türkləri öz evlərinə qayıtmaq imkanı əldə etdilər. Çətinliklərlə, əziyyətlərlə... amma ümidlə, eşqlə..! Elə ailələr gördüm yoxsul amma “çox şükür, evimizə, yurdumuza döndük” deyirdilər bir ağızdan...

Sayları 300 mindir Krımda… Nəhayət bir az rahatlıq tapa biləcəyik, deyirdilər... indi də belə… Yenə gərginlik, yenə əziyyət, yenə rahatsızlıq, yenə bəlirsizlik..!

Bu gün Strasburqda Krımdan gəlmiş türk qardaş-bacılarımızla oturmuşduq. Çay içib, söhbət etdik bir az… O qədər rahatsız, o qədər nigarandılar ki… Nə deyəsən bu talehə?!.

Ey gözəl, ey başıbəlalı Krım və Krım türkləri! Allah yardımçınız olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR