Bahalı forma, valideynləri təhqir - BTE-nin QANACAĞI
Bizi izləyin

Qırmızı.az

Bahalı forma, valideynləri təhqir - BTE-nin QANACAĞI

“Ötən gün məktəbli forması almaq üçün “Bakı Tikiş Evi”nin Nəsimi rayonundakı mağazasına getdim. İki balaca uşaqla həmin mağazadan geyim almaq əsl mübarizəyə çevrildi. Birinci problem satış üçün ayrılan sahənin çox kiçik olması idi. Bu da mağazada sıxlığa səbəb olurdu. Lakin bu problemi müəyyən qədər anlayışla qarşılaya bilərdik, satıcıların kobud rəftarı ilə qarşılaşmasaydıq. Məktəblərdə məhz Bakı Tikiş Evinin formalarından geyinmək tələb olunduğundan hər kəs bu formaları almağa məcburdur. Satıcılar da bunu yaxşı bilir. Ona görə də valideynlərlə çox kobud davranmaqdan çəkinmirlər. Gülərüz olmalarını istəmirik, adi suallara normal cavab versinlər, yetər. Onların bu kobudluğuna səbr edə bilməyib “Hansı haqla alıcı ilə belə davranırsınız?” dedim. Onlar üzr istəmək əvəzinə, daha da kobudlaşdılar və davranışlarına haqq qazandırdılar”.

Bunu saytımıza Bakı Tikiş Evinin xidmətindən narazı qalan valideynlər deyib.

Valideynlər deyir ki, satıcılarla yaranan mübahisəyə müdaxilə üçün satışa nəzarət edən rəhbər şəxs gəldi, lakin onların da davranışı fərqli olmadı.

Hər tədris ili başlayanada valideynlərin “Bakı Tikiş Evi” ilə bağlı problemləri gündəmə gəlir. Geyimlərin keyfiyyətindən tutmuş ölçülərin uyğunsuzluğuna qədər çoxsaylı şikayətlər olub.Hər dəfə də şirkət bu şikayətlərə müxtəlif açıqlamalar verib. Bəs bu dəfə BTE satıcıların davranışını necə əsaslandıracaq?

“Bakı Tikiş Evi”nin satış şöbəsinin rəisi Etibar Əzimov Publika.az-a açıqlamasında əvvəlcə mağazadakı sıxlığa münasibət bildirdi. O, sıxlığı valideynlərin uşaqlarına forma almaq üçün gec müraciət etməsi ilə əlaqələndirib: “Həmin satış mağazamızda sıxlıq olması müraciətlərin çoxluğu ilə bağlı ola bilər. Bakıda 14 mağazamız var, ancaq heç kim formanı yaşadığı ərazidən almaq istəmir. Hamı fabrikə gəlir. Elə bilirlər ki, fabrikdə onlara başqa şey veriləcək. Məktəbin açılmağına iki həftə var, hamı indi gəlir. Biz nə etməliyik?”.

E.Əzimov satıcıların kobud davranışı ilə bağlı şikayətə münasibət bildirərək deyib ki, satış mağazaları ilə bağlı bütün problemlərdən xəbərdardırlar, lakin satıcıların kobud davranışı barədə onda məlumat yoxdur:

“Bizim qaynar xəttimiz var, satıcılardan narazı olanlar həmin xətdə müraciət edə bilərlər. Həmin alıcılar mağazamıza müraciət etsinlər. Mən və müavinlərim gün ərzində satış prosesinə nəzarət edirik. Otağımda monitor var, orada gün ərzində satışı izləyirəm. Belə bir problemlə qarşılaşmamışıq. Lakin əgər hər hansı problem yaşanıbsa, bizim günahımız varsa, üzr istəməyə hazırıq. Heç bir alıcıya kobud davranıla bilməz. Ancaq bəzi alıcılar bizi söyür, mağazaların sayının az olmasından narazılıq edir. Amma biz heç nə demirik”.

Gün ərzində otağındakı monitorda mağazadakı prosesi izlədiyini deyən E.Əzimovun ötən gün həmin mağazada yaşanmış problemdən xəbərsiz olması xeyli şübhəlidir. Hər halda yeganə istəyi övladını məktəbə ən yaxşı formada hazırlamaq istəyən valideynin “Bakı Tikiş Evi”ndən şikayət etməkdə başqa heç bir marağı ola bilməz.

Qeyd edək ki, bu ildən “Bakı Tikiş Evi”nin istehsal etdiyi məktəbli formalarının qiymətində artım olub. Bu ildən 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 3 manat bahalaşaraq 37 manat olub. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-dən 54 ölçüyədək qiymət 43 manat idi. Bu ildən isə 32-54 ölçüyədək formanın qiyməti 46 manata satılır.

Məktəbli formalarının satış qiymətlərinin artımı və eləcə də, paytaxt məktəblərində bu formaların məcburi olması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə iyunun 20-də ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm