• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hansı marketdə don vurmuş məhsullar satılır? - FOTOLAR

Hansı marketdə don vurmuş məhsullar satılır? - FOTOLAR

Paytaxt marketlərində insanlara keyfiyyətsiz məhsullar satılır. Market sahibləri firmalardan aldıqları məhsul keyfiyyətsiz olduqda həmin firmaları ittiham edir, məsələni üzərlərindən atırlar.

Meyvə-tərəvəzin keyfiyyətinə gəldikdə isə buradakı qüsurları kiminsə boynuna atmaq olmur. Bu məhsulların vaxtının ötdüyü, keyfiyyətini itirdiyi baxan kimi hiss olunur.

Redaksiyamıza edilən müraciət də məhz “Bee Gross” adlı marketdə don vurmuş məhsulların satılması ilə bağlıdır.

Müraciətdə bildirilir ki, marketdən alınan soğan və kivini evə gətirəndə onların don vurmuş məhsullar olduğunu görüblər. Marketə qayıdıb, malları göstərdikdə isə əvvəl müştəriyə qarşı kobud davranılıb, məhsulların həmin marketdən alınmadığı deyilib. Mübahisədən sonra isə mallar geri qaytarılıb. Ödənilmiş pul geri verilib.

Bəs marketlər alıcılara nə üçün belə məhsullar satır? Köhnə, keyfiyyətini itirmiş məhsullar vaxtında ləğv edilə bilməzdimi? Müştərinin zəhərlənməsinə görə kim məsuliyyət daşımalıdır?

Deyəsən market rəhbərliyi heç bu suallar barədə düşünmür.

Həmin marketə üz tutduq. Əvvəlcə, rəhbər şəxslər mağazada olmadığına görə, məhsullarla maraqlandıq. Qiymətlər heç də ucuz deyildi. Bazarda 4 manata olan alça 9 manata, kilosu 4 manata olan üzüm 8 manata idi.

Bu qiymətə məhsul satan mağaza hər bir mala görə, məsuliyyət daşımalıdır. Meyvə-tərəvəz satılan bölmədəki məhsullara baxanda köhnəldiyi hiss olunur. Amma bununla kifayətlənməyib, bir az kivi, bir az da soğan alırıq. Kivilərin demək olar ki, hamısı boşalmışdı. Soğanlar isə qarışıq idi, içərisində yaxşıları da vardı, boşalmışları da.

Məhsulları alıb, ödənişi edib, mağaza rəhbərliyini axtarırıq. Satıcı xanım müdir müavini Elgiz bəyin həyətdə olduğunu, bir az gözləməli olduğumuzu deyir. Bir az gözlədikdən sonra Elgiz bəy gəlir. Ona yaxınlaşıb özümüzü təqdim edir və bizə edilən şikayət barədə məlumat veririk. Vəsiqəmizi alıb baxandan sonra, belə bir şeyin mümkün olmayacağını, həmin müraciəti yazılı formada onlara göstərməyimizi tələb edir. Müraciət şifahi olduğundan bunun mümkün olmadığını, amma sübut üçün mallara yerindəcə baxmağı xahiş edirik. Elgiz bəy məhsulların keyfiyyətinə əmin olduğunu, hər hansı problem olduqda isə malı geri qaytardığını deyir. İsrarlarımızdan sonra meyvələrə yaxınlaşırıq, soğanı götürüb kəsməklərini xahiş edirik, amma soğan təzə çıxır (əvvəl demişdik soğanların qarışıq olduğunu). Bu zaman mağazanın bütün əməkdaşları başımıza toplaşır və bizi yalan məlumat yazmaqda, rəqib marketdən gəlib təxribat etməkdə, hətta rüşvət məqsədilə gəlməkdə ittiham edirlər. Düşündükləri heç bir variantın düzgün olmadığını, məqsədimizi əvvəldən bəyan etdiyimizi deyirik. Uzun mübahisədən sonra bizi inandırmağa çalışırlar ki, məhsulları keyfiyyətlidir, amma zay məhsulun olması da normaldır. Biz də hər hansı fərqli məqsədimizin olmadığını, edilən hər bir müraciət və şikayəti dəyərləndirdiyimiz üçün gəldiyimizi bir daha deyirik.

Məqsədimiz başqa olsaydı, bizə edilmiş müraciəti qarşı tərəfin fikrini öyrənmədən verərdik. Amma biz qarşı tərəfin də fikrinə hörmət edib, onların da mövqeyini vermək üçün marketə getmişdik.

Market əməkdaşları son 20 gündə heç bir malın geri qayıtmadığını deyir. Qaytarılmış mallara yerindəcə baxmaq istəyimizlə əvvəl razılaşır, sonra isəı imtina edirlər.

Söhbəti bitirib aldıqlarımızı da götürüb mağazadan çıxanda Elgiz bəy aldıqlarımıza baxmaq istəyir. Bu zaman soğanı torbadan çıxarır və dəyişdirilməsini tapşırır. Çünki satıcının əvvəl bizə verdikləri don vurmuş idi, üzünə baxan kimi hiss olunurdu. Aldığımızın geri qaytarılmasını tələb etsək də, bizə seçilmiş soğanlar verilir. Üstəlik çəkisi də daha çox idi. Kivilərə isə toxunmaqlarına icazə vermirik.

Mağaza rəhbərliyi bütün məhsullarının keyfiyyətinə əmin idisə, nə üçün soğanları dəyişdirdi? Bu sualımıza cavab verə bilmirlər. Üstəlik, zorla fotoaparatı əlimizdən alıb, şəkillərin silinməsini tələb edirlər. Amma biz media etikasını və qanunları bildiyimizdən gizlin şəkil çəkmirik.

Mağaza rəhbərliyi isə haqqı olmadan bizim aparatımızı alır. Çəkinəcəkləri bir məqam yoxdursa, nə üçün şəkilləri silməyə çalışırlar?

Mübahisəmiz mağazanın həyətində davam edir. Özləri kobud və qeyri-etik davrandıqları halda, bizi yalan məlumatda ittiham edirlər. Elgiz bəy redaktorumuzla danışıb, bir daha məsələni dəqiqləşdirir, bizim həqiqətən jurnalist olduğumuzu öyrənməyə çalışırlar. Baxmayaraq ki, iki dəfə uzun-uzun vəsiqəyə baxmışdılar. Elgiz bəy danışığını bitirib, yenə də bizi qeyri-obyektivlikdə suçlayır. Bir daha bizim gizlin iş görmədiyimizi, amma onların davranışının şübhə yaratdığını bildiririk.

Bu zaman bizə geri qaytarılmış məhsulların çekini gətirirlər. Düzdür, içərisində soğan və kivinin geri qaytarılması barədə çek yox idi, amma bütün çekləri gətirdiklərini də deyə bilmərik. Seçilərək gətirilmədiyi şübhəlidir.

Elgiz bəy mağazadan sanballı, imkanlı adamların alış-veriş etdiyini və onları narazı salmamaq üçün keyfiyyətli məhsul satdıqlarını deyir.

Amma deyəsən, xüsusi müştərilə sata bilmədiklərini bizim kimi təsadüfən marketə daxil olanlara satırdılar. Ən azından jurnalist olduğumuzu bildikdən sonra məhsulların dəyişdirilməsi bunu sübut edir.

Bir daha bəyan edirik, bizim məqsədimiz yalnız xüsusi imkanlı və sanballı təbəqənin razılığı deyil. Biz həm də sadə vətəndaşların şikayət və təkliflərini dəyərləndirir, onların razı qalmasına çalışırıq. Ona görə də, hər bir şikayəti dəyərləndirib, onunla maraqlanırıq.

"Bee Gross" rəhbərliyinin isə davranışı və gördüklərimiz edilən şikayətin haqsız olmadığını sübut edir.

Kivilərin boşalması bir tərəfə içərisi də qaralmışdı. Aldığımız məhsulların fotoları isə aşağıdadır:

Gülxar

Fotolar Xəyal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR