Söküntü işləri insan həyatı üçün necə təhlükə yaradır?
Bizi izləyin

Qırmızı.az

Söküntü işləri insan həyatı üçün necə təhlükə yaradır?

Paytaxtda universitet yataqxanalarının sökülməsinə ötən ildən başlansa da, proses davam edir. Yataqxanaların sökülməsi, yerində müasir tələblərə cavab verən binaların tikilməsi müsbət hal kimi dəyərləndirilə bilər. Əlbəttə, tələblərə uyğun olması yataqxanalar tikiləndən sonra bilinəcək. Binalar üçün tikinti norması qədər, söküntü qaydalarına əməl edilməsi də aktualdır. Amma bizdə istər yataqxana, istərsə də digər binaların sökülməsində normalara əməl edilmir.

Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında aparılan söküntü işləri artıq ətrafda yaşayanların, ərazidən keçənlərin ekoloji və fiziki təhlükəsizliyi üçün təhlükəlidir. Ərazi hasara alınsa da, söküntünün maşın yolunun kənarında olması təhlükəni qaçılmaz edir. Üstəlik ərazinin bir hissəsi hasarlıdır, digər tərəflər açıqdır. Yarımçıq çəkilən hasar yalnız insanları uçan binanın tam yaxınlığından keçməkdən qorumaq üçündür. Söküntü zamanı ərtafa yayılan tozun qarşısını almaq üçün heç bir tədbir görülməyib. Yaxınlıqda yaşayan sakinlər ən azından bu söküntüdən xəbərdar olsalar da, oradan təsadüfən keçənlər bir anda toz dumanının içində qalırlar. İstər ərazidə yaşayanlar, istərsə də təsadüfən oradan keçənlər bu tozu uzun müddət ciyərlərinə çəkmək məcburiyyətində qalırlar. Səhər saatlarından etibarən fəhlələr işə başlayır, toz-duman ətrafa yayılır. Küləkli havalarda durum lap kəskinləşir. Yoldan keçib gedənlər yenə də əlləri ilə ağız-burunlarını tuturlar.

Amma bu tozlarla yaxın təmasda olanların səhhətində qalıcı izlər qoya bilər. Bəs söküntü işləri necə təşkil edilməlidir?

Memar Feyzulla Quliyevin sözlərinə görə, söküntü aparılması üçün əvvəlcə bunun normalara uyğun olduğu müəyyən edilməlidir. Memarın sözlərinə görə, qərar verildikdən sonra bu iş fiziki nöqteyi nəzərdən ətrafa zərər vurmadan həll edilməlidir:

“Söküntü aparılarkən ilk növbədə ətrafdakı yaşayış obyektləri nəzərə alınmalıdır. Bu proses insanların səhhətinə də zərər vurmadan həll edilməlidir. Söküntünün ətrafı setkalarla əhatə edilməlidir. Sökülməsi üçün xüsusi qurğu və aparatlar quraşdırılmalıdır ki, vertikallıq gözlənmək şərtilə bina yerinə çöksün. Bu zaman da ətraf tutulmalıdır ki, toz yayılmasın. Əslində, şaquli istiqamətdə çökəndə ətrafa toz dağılması təsadüfi hallarda baş verə bilər. Ən yaxşı variant hissə-hissə sökməkdir. Kiçik binalarda söküntünü bu cür təşkil etmək mümkün olsa da, 4-5 mərtəbəli binaları uçurtmalıdırlar. Amma uçurdarkən də, söküntü qaydalarına rizayət edilməlidir”.

Tibbi ekspert Adil Qeybulla paytaxtda aparılan tikinti və söküntü işlərinin atmosferi həddən artıq çirkləndirdiyini bildirdi:

“Tikinti materialları, onların hissəcikləri ətrafa yayılır. Bəzi tikinti materiallarının tərkibində istifadə edilən azbest məhsulları ağ ciyərdə xərçəngin yaranmasında ən təhlükəli maddədir. Bronxlara çökür və xroniki bronxit yaradır. Kanserogen maddə olduğundan onunla uzun müddət təmasda olmaq təhlükəlidir. Bu məhsullarla işləyən şəxslər xüsusi qoruyucu maskalar taxmalıdırlar. Həmçinin erkən yaşdan təqaüdə buraxılırlar. Amma küçədən təsadüfən keçən insanlar bu vasitələrdən istifadə etmirlər. Bakı küləkli şəhərdir və tikinti tozu asanlıqla uzun məsafələrə daşına bilir”.

Ekspert havadakı maddələrlə zəhərlənmək bir tərəfə, həmçinin tikintidə təhlükəsizlik, travma məsələlərinə də diqqət yetirilməməsinin insan həyatı üçün təhlükə daşıdığını bildirdi:

“Bunlara diqqət edilməməsi, təhlükəsizlik qaydalarının gözlənilməməsi insanları saymazlıqdır. Söküntü aparılan binanın ərtafının setkalarla hasarlanması lazımdır ki, söküntü zamanı yaranan toz insanların səhhətinə zərər vurmasın. Söküntü işləri aparılarkən əvvəldən vətəndaşlar xəbərdar edilməlidir ki, ərazidən keçərkən qoruyucu maskalardan istifadə etsinlər. Həmin ərazidə mümkün qədər az dayanmaqları tövsiyə edilməlidir. Bu cür qabaqlayıcı tədbir görməyənlərin ilk növbədə yuxarı tənəffüs yollarında problem yaranır, qalıcı təsirləri də olur. Ona görə də insanlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Xatırladaq ki, bu il yanvar ayında Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülən binanın uçması söküntü prosesində təhlükəsizlik qaydalarına nə qədər az diqqət ayrıldığını bir daha sübut etdi. Həyətə doğru uçurulmalı olan bina, yola tərəfə uçuruldu, nəticədə iki insan həyatını itirdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm