BP adından pul yığdı, 9 il cəza aldı
Bizi izləyin

Qırmızı.az

BP adından pul yığdı, 9 il cəza aldı

Dələduzluqda ittiham olunan 1980-ci il təvəllüdlü Durmuşov İlkin Aslan oğlunun məhkəmə istintaqı başa çatıb.

Dələduzluqda ittiham olunan 1980-ci il təvəllüdlü Durmuşov İlkin Aslan oğlunun məhkəmə istintaqı başa çatıb.

Məhkəmə yolu ilə müəyyən olunub ki, İ.Durmuşov 2009-cu ildən etibarən müxtəlif şəxsləri aldadaraq onlara külli miqdarda ziyan vurub.

İlk olaraq onun toruna düşən şəxs tanışı Qüdrət Həsənov olub. İ.Durmuşov Q.Həsənovu Norveçin Azərbaycandakı səfirliyi tərəfindən humanitar məqsədlə tikinti layihələrinin həyata keçirilməsi üçün 250 min manat məbləğində qrantın ayrılmasına köməklik edəcəyinə inandırıb. Bunun müqabilində isə tanışından 12500 manat alaraq mənimsəyib.

Bundan başqa, İ.Durmuşov özünü BP neft şirkətinin əməkdaşı kimi təqdim edərək Şirinat Məhərrəmovanı adıçəkilən şirkətə aşpaz, onun qızını isə kompüter sahəsi üzrə işə düzəldəcəyini dair yalan vədlər verib, onlardan 200 manat alıb. Eyni üsulla o, Arif Ələkbərovu da aldadaraq onu Səngəçal neft terminalında təlimatçı vəzifəsinə düzəldəcəyinə söz verib və sonuncunun 12000 manat pulunu ələ keçirib.

İ.Durmuşov BP şirkətində sürücü işləyəcəyini düşünən Heybulla Rüstəmovun 1100, tərcüməçi işləyəcəyini xəyal edən Əziz Fərəczadənin isə 2000 manatını mənimsəməklə onların arzularını gözündə qoyub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin Durmuşov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Arif Ələkbərov uzun müddətdən bəri iş axtardığını, elə bu səbəbdən də tanışı İlkininin vədlərinə inandığını deyib: “İlkinlə təsadüfən tanış olmuşduq. Söhbətlərimizin birində məni Səngəçal neft terminalında işə düzəldə biləcəyini dedi. Hər ay 2500 manat maaş alacağımı, bunun müqabilində isə öncədən 12000 manat pul vermək lazım olduğunu dedi. Mən də inandım. Tərcümeyi-halımı aldı, ingilis dilinə tərcümə etmək lazım olduğunu dedi. İşə düzələcəyim təqdirdə ədəbiyyatların ingilis dilində olacağını, gələcəkdə çətinlik yaranmasın deyə onları Azərbaycan dilinə çevirmək adı ilə əlavə olaraq 800 manat da istədi. Mən də verdim. Aradan bir müddət keçdikdən sonra Şəki və Qəbələdə məskunlaşmış məcburi köçkünlər üçün məktəb və yaşayış evlərinin tikilməsi məqsədilə İngiltərənin “World in Need” şirkəti ilə Azərbaycanın “Halal İnşaat” şirkəti arasında saziş bağlanacağını, xarici səfirliklərin həmin müqaviləyə qrant ayıracağını dedi. Bunu xarici şirkətlərlə əlaqələrinin geniş olması ilə əsaslandırdı. İlkin dedi ki, Tofiq Əhmədovun rəhbərlik etdiyi “World in Need” şirkəti sifarişçi kimi Orucəli Rəsulovun rəhbərlik etdiyi “Halal inşaat” şirkəti isə podratçı şirkət kimi müqavilədə iştirak edəcəklər. Bu işlərin icrasına başlamaq üçün isə Zaqatalada yaşayan dayım Qüdrətdən 12000 manat pul alıb. Borc pul tapıb notariat kontorunda İlkinə verdim. Amma aradan xeyli müddət keçsə də İlkindən pulumu geri ala bilmirdim. Məcbur olub onun valideynlərinin yaşadığı Zaqatala rayonuna getdim. Anası İlkinin üzünü çoxdan görmədiyini dedikdə kor-peşman geri qayıtdım”.

Zərərçəkən Qüdrət Həsənov məhkəməyə verdiyi ifadəsində ona vurulmuş maddi ziyanın artıq ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını dedi.

İlkin Durmuşov məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edildi. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm