• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ADU-da “Böyük Britaniya mətbuatı” ilə bağlı açıq dərs keçirildi

ADU-da “Böyük Britaniya mətbuatı” ilə bağlı açıq dərs keçirildi

Azərbaycan Dillər Universitetində ADU-nun Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri, BDU-nun “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi Pərvanə İbrahimova mühazirə-açıq dərs keçib.

Bu barədə Publika.Az-a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Dərs Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti arasında 2012-ci ildə bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq pedaqoji və elmi işçilərin müvafiq fakültələrdə təcrübə mübadiləsi çərçivəsində baş tutub. Eyni zamanda ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin dəvəti ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, Departamentin rəhbəri Zeynab Kazımovanın Jurnalistika ixtisasının 1-ci kursunda təhsil alan tələbələrə “Xarici ölkələrin jurnalistikası” fənni üzrə tədris etdiyi dərsdə qonaq olan Pərvanə İbrahimova “Böyük Britaniya mətbuatı” ilə bağlı mühazirə oxuyub.

Bu günlərdə Böyük Britaniyada “Biznes Jurnalistika” təlimləri çərçivəsində London şəhərində bir həftə ərzində müxtəlif media orqanlarında təlimlərdə iştirak edən Pərvanə İbrahimova Jurnalistika ixtisasının tələbələrinə “BBC”, “The Daily Telegraph”, “Financial Times” kimi nəhəng media korporasiyalarının işi və fəaliyyəti, sözügedən media orqanlarında jurnalistlərin gündəlik işlərinin qurulması haqda danışıb. Mövzu üzrə slayd-təqdimatla çıxış edən Pərvanə İbrahimova BBC-nin xəbər xidməti, “The Daily Telegraph”, “Financial Times” qəzetlərinin dünya mediasında tutduğu mövqe barədə tələbələrə geniş məlumat verdi. Eyni zamanda, o, səfər zamanı rastlaşdığı müxtəlif maraqlı məqamlardan da söz açıb.

Sonda P.İbrahimova tələbələrin böyük marağına səbəb olan mühazirədə onları maraqlandıran çoxsaylı suallara cavab verib.

Qeyd edək ki,, ötən ay Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində 12 nəfər jurnalist İngiltərənin paytaxtı London şəhərində olub. Bir həftə ərzində jurnalistlər sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması istiqamətində BBC, “The Daily Telegraph”, “Financial Times” kimi nəhəng media koorporasiyalarında iştirak ediblər.

Xatırladaq ki, 2012-c il aprelin 2-də Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. ADU və BDU arasında imzalanan anlaşma memorandumuna əsasən, Bolonya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR