20 Yanvar şəhidləri Şərqşünaslıq İnstitutunda anıldılar
Bizi izləyin

Qırmızı.az

20 Yanvar şəhidləri Şərqşünaslıq İnstitutunda anıldılar

Yanvarın 17-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirildi.

Yanvarın 17-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirildi.

Tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı oldular. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər. O hadisələri bizim müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi hesab etmək olar. Həmin hadisələri orta nəsil, yaşlı nəsil gözəl xatırlayır. Həmin dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi. Bu, xalqımızın böyüklüyünü sübut edir.

Həmin yanvar günlərində xalqımızın ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla, Sovet rəhbərliyini tənqid edən bəyanat verdi və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırdı, bildirdi ki, Azərbaycana qoşun yeridilməsinin heç bir əsası yox idi, bunlar xalqa qarşı təcavüz kimi qiymətləndirilməli və bu hadisəni törədənlər cəzalandırılmalıdır. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ulu öndər yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra verildi. Ulu öndərin hakimiyyətdə olduğu dövrdə 20 Yanvar şəhidlərin xatirəsinin anılması ilə bağlı verilən fərman və sərəncamlar həmin hadisənin qurbanlarının anılması, onların ailə üzvlərinə, eləcə də həmin hadisələrdə yaralananlara dövlət tərəfindən qayğının göstərilməsi istiqamətində mühüm addımlar oldu”.

Gövhər xanım həmçinin Şərqşünaslıq İnstitutunda xalqımızın mübarizə tarixinin şərəfli səhifələrinə həsr olunmuş əsərlərin çap olunduğunu, bu əsərlərin müxtəlif dillərə tərcümə olunaraq bütün dünyaya yayıldığını qeyd etdi və bu istiqamətdə institutun öncül yerlərdən birini tutduğunu vurğuladı.

Anma mərasimində çıxış edən institutun “Ərəb filologiyası” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov həmin günlər paytaxtımızda baş verən qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edərək, sovet ordusunun onun gözü önündə törətdiyi cinayətlərdən danışdı. V.Cəfərov həmin hadisələrdə Şərqşünaslıq İnstitutunun əməkdaşı Mənsur Əliyevin də yaralandığını yada saldı.

Şərqşünaslıq İnstitutunun həmkarlar təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə 1990-cı ilin 20 Yanvar faciəsinin dəhşətlərindən söz açaraq, bu hadisələrin qurbanlarının tək Azərbaycan Respublikasında deyil, Cənubi Azərbaycanda da ürək ağrısı ilə anıldığını qeyd etdi. S.Mirzəzadə təbrizli şair Bəhruz İmaninin 20 Yanvar şəhidlərinə həsr etdiyi şeri mərasim iştirakçılarına söylədi.

Tədbirin sonunda yekun nitqi söyləyən Gövhər Baxşəliyeva bir daha vurğuladı ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü deyil, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla, mübarizlik və qəhrəmanlıq nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm