"Orda bir yer var... Əfsanələr diyarı"
Bizi izləyin

Qırmızı.az

"Orda bir yer var... Əfsanələr diyarı"

Əsrarəngiz, qədim, gözəl və sirli Malatya...

(“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” silsiləsindən)

“KÖNLÜNÜ DƏRVİŞ EYLƏ...”

“Yarın hal didarını görməy ister göz ilə” deyə tərəfini tuturdu qoca Yunus Əmrə könlünü dərvişə çevirən kəsin. Gözəlliyi, gözəl yaradılanları, kamil yaranmışları göz ilə görməyin öz savabı var. Gözəl yaranmışlar çəkər könülü. Yunusun diliylə dinirəm sənə, ey gözəl yaranmış gözəl türk eli:

Gözüm səni görmək üçün,

Əlim sənə yetmək üçün

Bu gün canım yola qoyam –

Sabah səni tapmaq üçün.

Nəfəsimi içinə çəkir, ünlü türk şairi Yavuz Bülənd Bakilərin illər öncəsi ana yurdu, bizim doğma Ağdam şəhərini xalq şairi Bəxtiyar Vahabzadə ilə bərabər ziyarət edərkən keçirdiyi hissləri eynən yaşayıram. Ustadın “Azərbaycan ürəyimdə bir şah damardır” kitabında belə yazırdı: “Ağdam Türkiyədəki şəhərlərimizdən qətiyyən fərqli bir minari tərziylə qarşıma çıxmadı. Evləri bizim evlərimiz kimi idi. Yolları bizim yollarımız kimiydi. Və insanları bizim insanlarımızdan fərqsizdi. Qadınlar, uşaqlar, qocalar bizimkilərin bənzərləriydilər...”

Qarşılıqlı olaraq “bizimkilər”, “özümüzkülər” kimi görüb-tanıdım Malatya insanlarını; cocuqları cocuqlarımıza, qocaları qocalarımıza bənzəməkdəydi. Evləri evlərimiz, yamacları yamaclarımız, dağları dağlarımız, dərələri dərələrimiz kimiydi. Əski qədim Malatyadı burası. “Sadəcə yolların buluşduğu nöqtədə deyil, Anadolunun bir zəngin mirasının odağında bulunmaqdadır”. Malatya valisi Dr. Ülvi Saran belə tanıdır bu doğma vilayəti başdan-binədən. Deyir ki, “dünyanın çox az coğrafiyası Anadolu qədər fərqli uyğarlığı bağrında bələyib-barındırmış, yaşatmış və abidələrini günümüzə daşımışdır... Malatyanın mədəni mirasında önəmli pay sahibi olan Battalqazidə (əski Malatya) həyata keçirilən mədəniyyət çalışmaları vilayətimizin bu sahədəki zəngin ənənələrinin qorunmasında xüsusi rol oynayır...”

Tarix yazanlar “Əski Malatya, quruluş və ad etibarilə başlanğıcdan zamanımıza qədər böyük bir dəyişikliyə uğramadan gələn Anadolu şəhərlərindən biridir” – deyə bəhs etməkdədilər. Bu, o Malatyadı ki, adının Hititcə “bol” anlamını verən “Melid” sözündən gəldiyi bilinməkdədi. Urartu qaynaqlarından adı “Meştea” deyə keçir. Böyük səyyah, tarixçi Strabon ondan “Melitənə” adıyla bəhs edib. Bu, Bizans qaynaqlarında da belə yazılmaqdadı. Daha yaxşısını yunanlar zikr edib: “Malatiyyə...”

Təməli Hititlər dönəmində atılıb. Zaman-zaman dışıdığı fərqli dəyişik ismi günümüzdə Malatya olaraq sabitləşib. Bütün zamanlarda Anadolu və Ortadoğunun qovşaq nöqtəsi olaraq adı əziz tutulub. Ən qədim, ən əski yolları keçir Sivas üzərindən Ərzurumacan. Bu yollar boyunca ağlamaq tutub Lələni, deyib, Kərəm, gəl qayıdaq bu yoldan, deyib, Lələ, dömək mənə ar gəlir... Bu səmtdən Qafqaza uzanan yollar gələr Diyarbəkrə, Güneydoğuya! Böyük İpək yolu kimi bilinən yollar kəsişərlər Malatyada. Hitit kralı bu yoldan keçərək Aşağı Firat boyunca yürümüşdü. Bu yolun Kayseri-Kültəpə səmtindən çıxıb Kürün-Darendəyə, Samsata, Urfaya yetişməyi var. Biləydim, görəydim kimlər oxuyub, kimlər dil ucunda əzbər eləyib bu gül maniləri illər öncəsi:

Gözümün bəbəyi yar,

Əlimin əməyi yar.

Zəhmət ilə var olub

Süfrəmin çörəyi, yar...

Atımın boynu qara,

Minib gedəm o yana.

Ya gələm, ya gəlməyəm,

Deyələr battı qana...

Əsrlər boyu Malatya insanı “yaxşıdan uzaq olsun, pislərə gəlsin ölüm” arzusuyla yaşayıb, var olublar. Könül-göz ağrıları dərdli Qarabağımın dərdincə olub. Elə bil qos-qoca bir Malatyalı insanı yox, ağdamlı, şuşalı, xocalılı, laçınlı, kəlbəcərli soydaşım söyləyib:

Çıxdım Urusun dağına,

Qan dizləyə-dizləyə.

Yaralarım göz-göz oldu,

Həkim gözləyə-gözləy.

Bu ağır günlərində belə dilləri dualı-sayalı olub. “Allah heç kəsi dindən-imandan eləməsin, düşməni sevindirməsin” söyləyiblər. “Saqqalın Sağlıqla ağarsın”, “qəbir-qəbir dolaşdıqca yatası yer tapmayasan” diləyi ediblər. Dədə öyüdünə etinalı olublar: “Əsil azmaz, bal qoxumaz”, “Əl qaşınan yeri bilir”, “kəlməni gül, dilini bülbül qıl” – deyib də uğurlayıblar dostu-doğmanı...

DAĞLARA ÇƏN DÜŞƏNDƏ...

Sıx-sıx oxunur bu şərqi bizdə. Gör ey, nə biçimdə, hansı ovqatda ruphuma sarılır bu yollar boyu. Arabamız Karabük-Safranbolu səmtdən Qırıqçalanı keçib Pinarbaşını arxada qoyur. Adlamışdıq Qəhrəman Maraşı, Sivas sol tərəfdən əl eyləmişdi. Pişvaza çıxmışdı dağlar səfiylə, zirvədən görünən bəyaz buludlar bir gözəl başında örpək kimiydi. Bizi Malatyaya götürən yollar boyunca səf-səf, düzüm-düzüm dayanan dağlar gah sazaq gətirir, gah yaz havası. Malatyaya gedirik. Çoxdan oxuduğum bir şeirdə deyildiyi kimi, gör nə xeyirxahdı bu dağ ölkəsi – dağ kimi yaşamaq öyrədir elə...

Tomarza dərəyə sığınıb qalmış gözəl bir şəhərdi yolumuz üstə. Sağda Məlikqazi dağlar qoynunda. Bu, Pinarbaşıdı, salam, ay elim. Səndə ürəyimi qoyub keçirəm. 11300 nəfərlik bu yaşam yeri necə doğma gəlir ruhuma, Tanrım! 260 km-lik yol var burdan Malatyaya. Gərəkdi Sarazı sağda qoyasan. Qaynarı keçəsən... Sonra da gözəlim Sarıqışlanı. Qaragöz sağında qala, solunla dəmyə əkin yeri uzanıb gedə. Boran dərəsini keçəsən gərək... İlahi, Kərəmi üşüdən qardı yolların sağ səmti, sağ üzü burda. Şosse yolu ilə sərhədlənibdi; elə bil ilahi bir əl özünü qabağa verib, yolun sol üzünü qardan qoruyub. Bu, bir möcüzədi... Elə bil geriyə çəkilib dağlar, yolun sol üzünü arana verib. Kürünü keçdikcə əkin yerləri öz geniş köksünü açır dostlara. Sonra da təpələr gəlir, sonra da adlayıb keçirik Qızılçeviki. Çakmak sağda qalır, başlayır yenə o bolluq, bərəkət ətirli çöllər. Daşlar təmizlənib şum yerlərində, balaca-balaca tayalanıbdı. Uşaqlıq illərimizdə qurduğumuz evcikləri göz önünə gətirir. Baxıram, ardınca ötən illərin gözlərim, ürəyim qubar eyləyir. Bu yerlərdə torpaq qanı üzünə çıxmış sifətə bənzəyir. Lalə rənıgindədi; qonur-qırmızı... Qayaaltı səmti belədi, Olukaya tərəfi belədi...

Yolboyu balaca, kiçik kəndlərdi. Öndə Örənşəhər, Qaraquyudu... Sonra Uzunpinar gəlir, biləsən... Buz tutub, qar basıb Sivas yolunu, Sivas sınırları buz bağlayıbdı. Beləcə görünür Ziyarət səmti... Yazyurdu gedibdi qış yuxusuna. Solda Qızılpinar – qarı ərimiş. Bahar mövsümüdü sanki qış çağı. İncəsu dərəyə sığınıb qalıb. Yanı çinarlıqdı dərə boyunca. Bir az da keçirsən – Mazıqqırandı... Dərədən boylanır Kürün üzünə. Abad bir şəhərdi bayrağı sıx-sıx... Yellənir fərəhlə Türk bayraqları. Burdan Darendaya 37 km yol var. Göypinar bir nəfəs boyu qədərdi. Keçib Sucatuya yetişəcəksən. Qarşı yol dərəyə-təpəyə çıxır...

YOLLARIN MƏNZİLİ KƏSƏ DEYİL Kİ...

Ankara-Qırıqqala, Keskin-Kiman, Kürşəhər-Talas, Pinarbaşı, Gürün yollarını keçib Malatya-Elazıq yolları boyu yürüyüb getdiyimiz o xoş anlarımda ikiyə bölünmüş vətən dərdini şerinin-sözünün can köynəyindən keçirib özünə doğma eyləyən xalq şairi Söhrab Tahirin misralarını ruhuma sarınan görürəm elə. Sözlərini dost-doğma fikrim-düşüncəm kimi diləzbəri edirəm:

Dolanır boynuma burmaca yollar,

Arxamca cığırlar, yollar sürünür.

Sənsizlik yolunda kövrəlir bahar,

Əlvan çiçəklər də rəngsiz görünür.

Atalı günlərimi xatırlayıram... Həyatımın mənası sandığım atamı! İtkisinə heç vaxt hazır olmadığım unudulmaz insanı; həmişə “Sənə yaman ehtiyacım var” – deyə düşünmüşəm onu. Sağlığında həmişə deyərdi ki, mən onun ən qiymətlisiyəm. Mənə deyirdi ki, hər şey yaxşı olacaq. Hər şeyin yaxşı olmadığı haqqında olan düşüncələrimi bölüşmək istəyirəm onunla. Xalq şairi Nəriman Həsənzadənin misralarıyla adını yad edirəm: “Nisgilli bir ad var sənin adında, könül bağlamışam mən də bu ada”:

Canlı dünyam idin, indisə torpaq...

Sənsən sağ canımda ağrıyan yerim.

Çöldə qalmaq olmur, evdə yaşamaq,

Nə gedən yerim var, nə qalan yerim...

Yaxşı ki, yollar var... Yaxşı ki, bu yolların elin o başını bu başına götürməsi, bənzər durumunu sərgiləməsi var. Malatyaya götürən yolların bizim Kəlbəcəri yada saldığı kimi! Heyrətimi tanış şerin misraları alıbda apardı dərələr boyu: ”Qarşıma sən çıxdın bu yerdə yenə, quruyub sözlərim dilimdə qaldı”. Dolama yolla qalxıb yüksəklik boyunca baxdığımız anın şəklini çəkən yox burda ötüb-keçən vaxtın əliylə... Baxılsa-deyərlər Kəlbəcərdəyik. Deyərlər bu eniş o yurda enir. O cığır aparır Taxtadüzünə, ordan İstisuya keçib gedilir. Gözün gördüyünə inanmaq çətin, ruhun dediyini eşitmək olmur. Yolboyu uzanan ərik bağları xoş ətir qoxuyur qış günündə də! Hava nə gözəldi, su nə təmizdi, könül necə xoşdu gör Malatyada. Kiçik və Böyük Pinarbaşı köylərini keçib getdiyimiz anlarda bu fikirlər mənimləydi. Akçatopraq kəndinin bənzərsiz təbiəti bir dünya duyğuya qucaq açırdı. Qışın qış vaxtında sanki çiçək fəsliydi, hava gül nəfəsliydi. “Qayıdanda yol verməyə gəldilər, bir bəxtəvər dustaq olan dağlara” düşüncəsinə dalıb getmişdim.

Bir azdan qarşı yatan qara dağın boyu bərabəri qalxıb gedirik. Nümayəndə heyətimizdə olan şair qardaşım Sərvaz bəy “bizim Kəlbəcər tərəfləri xatırladır, elə bil Sultanheydər təpəsini qalxırıq” deyə fikirdən ayırır məni. Duyğulandığını, sım-sıx kövrəldiyini görürəm...

Abad, bütün qədimliyi ilə bərabər çağdaş və modern bir auranı özündə qapsayan Malata şəhərinə bu düşüncələrlə baş-başa qədəm basdım. Müasir, çağdaş Türkiyənin dövlət quruculuğu sisteminin fikir babalarından biri olmuş Əli bəy Hüseynzadə türk hissiyyatlı, islam əxlaqlı, Avropa qiyafəli bir quruluşun oluşmasını tövsiyyə etmişdi Türk insanına. Eyni dəyərlərin daşıyıcısı olaraq gördüm Malatyanı. Malatya böyük şəhər Bələdiyyəsinin başqanı Əhməd bəy Çakırla olan görüşümüz zamanı bu barədə ətraflı söz açdım. Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında olan fikirlərimi bölüşdüm. Malatya Valisi Vasip bəy Şahinlə olan görüşün zamanı bu barədə olan söhbətimizi davam etdirdik. O görüşlərdən unudulmaz xatirə şəkilləri yadigar qaldı. Həm valiyə, həm də bələdiyyə başqanına həmmmüəllifi olduğum “Xocalı soyqırımı şahidlərin dili ilə” “Qaradağlı soyqırımı şahidlərin dili ilə”, “ Bağanıs Ayrım soyqırımı şahidlərin dili ilə” kitablarını təqdim etdim. “Qənirə Paşayeva ilə Türk düyasını addım-addım” albom-kitabımı bağışladım. Onları Azərbaycana dəvət etdim. Böyük sayğıyla “Mütləq Azərbaycanı ziyarət edəcəyik” söylədilər. Malatada fəaliyyət göstərən İ. İnönü Universitetinin rektoru Cemil Çelik bəylə görüş də eyni unudulmazlıqla qaldı yadımda. Azərbaycan ədəbiyyatına yetərincə bələd olmasından qürurlandım. “Canım sıxılanda Mirzə Ələkbər Sabiri, Şəhriyarı, Bəxtiyar Vahabzadəni oxuyuram” – söyləməsi sanki dağ başına qaldırdı məni. Cemil bəyin “Aşıq Şenliyi, Bəxtiyarı, Şəhriyarı oxuyanda ruhum dincəlir” deməsini duyma, bu barədə söhbətlər də o qədər maraqlı idi ki...

QARABAĞ ADINI DAŞIYAN BİR PARK...

Malatya bələdiyyəsinin sədri sayın Əhməd Çakırla görüş zamanı tarixi dostluq və qardaşlığımız əsas söz konusu oldu.Doğma ünsiyyət və səmimiyyət istəyimi dilə gətirməyə yol açdı. Qardaşın qardaşdan nə istəyi olacaqdı ki? Malatyada Qarabağın adını daşıyan bir parkın açılması istəyində olduğumu bildirdim. “Göz üstündə” cavabı kövrəltdi məni. Üstəlik, Malatya Bələdiyyəsinin Azərbaycanın hər hansı şəhər və bələdiyyəsi ilə qardaşlışması təklifim də səmimiyyətlə qəbul olundu. Malatya İ.İnönü Universitetinin rektoru, profesor Cemil Çeliklə olan söhbətlərimiz də eyni səmimiyyətdən qaynaqlanırdı... İstər-istəməz unudulmaz “Heydər baba, gün dalını dağlasın” misrası qanadlandı dodaqlarımdan. Davamını birlikdə söylədik. Cemil bəy Bəxtiyar Vahabzadənin “On beş yaşımda mən elə bilirdim qırx qocalıqdı” misralı şerini əzbər söylədikcə ruhum dincəldi. Malatya Universitetində çalışan həmyerlimiz, professor Teymuraz Abbasov, Dr.Mustafa Yucel maraqlı söhbətə qoşuldular. Tarix vərəqləndi sayğılar ilə. Sayın rektorun “Şah İsmayıl dönəminə qədər bu torpaqlar Azərbaycan daxilində yer alırdı” məlumatı ötüb-keçənlərə ayna tuturdu. Tanış misralar dolaşırdı yaddaşımda: “Yaşayaq, yaşadaq gərək tarixi, tapmaca deyil ki, - tarix yozulmaz. Qanıyla yazıbdı Babək tarixi, qan yuyula bilər, qan yerdə qalmaz...”

Ortaq tariximizə əl və dil uzadanlardan danışdıq Malatya Universitetində müəllimlərimizlə və gənclərimizlə. Universitetin Xoca Əhməd Yəsəvi salonunda müəllim-tələbə heyətilə olan görüşümüzdə Xocalı faciəsini, Qarabağ ağrısını yaşadanlardan, arxalarında dayananlardan danışdıq gənclərimizlə... Tarixi sənədlərin dili açıldı. Sənədli filmlər könül dağladı.

Ağladıq bir yerdə bir dilək ilə. “Yerin yurdun hanı indi Xocalı!” Göynəyi sel oldu yanağımızda...

Zalda bayrağımız dalğalanırdı. Şeiri sələnirdi Əhməd Cavadın:

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına.

“Ah” deyirdin heç ölməzdim

Düşə bilsəm ayağına!

...Dost elindən əsən yellər,

Bana şeir... salam söylər.

Olsun bizim bütün ellər,

Qurban Türkün bayrağına...

MALATYANIN NÜVƏSİ OLAN BATTALQAZI

Millətlər daha çox ədəbi-mədəni abidələri ilə tarixdə iz qoyurlar. Türkiyənin başbakan yardımçısı Bülent Arınçın söylədiyi kimi, bizi biz yapan ən dəyərli özəlliklər mənsub olduğumuz mədəniyyətin ölməz ruhu, mənəvi diriliyidi. Bu mənəviyyat diriliyi Anadolu dünyasının ən mükəmməl təmsilçilərindən biri olan Battalqazinin başlıca məziyyətidi, eyni zamanda da o, Malatyanın nüvəsidir. Bu sətirləri yaza-yaza Battalqazi kaymakanı Abdulmutalib Aksoyun "Battalqazinin mədəniyyət xəzinəsini qoruyub, yaşada bilmək bizim vəfa borcumuzdur" fikrini yenidən xatırlayıram. Battalqazi Bələdiyyə başkanı Selahattin Gürkan bu mövzudan bəhs edərkən bu gözəl məkanı haqlı olaraq mədəniyyət beşiyi kimi dəyərləndirir. Malatya valisi Ülvi Saran onun zəngin dünyasından könül xoşluğu ilə söz açır. Çekül vəqfinin başqanı Metin Sözen Edip Cansevərin fikrini necə də məqamında önə çıxarır: "İnsan yaşadığı yerə bənzər; o yerin suyuna, o yerin torpağına oxşayar".

Malatyada yaşayıb ömr edən insanları o gözəlim torpağın özü kimi dəyərli, səmimi, duyğulu gördüm, ünsiyyət bağladım. Battalqazi qəzası Malatyanın quzeyində, Bəydağı ətəklərinin Qaraqaya səmtinə qovuşduğu bir məkanda yer alır. Doğusunda Qala qəzası və Baraj gölü, batısında Akçadağ ovası və Dilək qəsəbəsi, quzeyində Qaraqaya baraj gölü, güneyində Malatya vilayəti yer almaqdadı. 213000 hektarlıq bir ərazini çevrələyib. Dəniz səviyyəsindən hündürlüyü 850 metrdir. Ən önəmli axarsuları Tohma və Firat çaylarıdı. Yazı quraq, qışı soyuq və qarlı keçər. 13-14 dərəcə civarında illik istiliyə malikdi. Qədim dövr coğrafiyaşünaslarından Strabon Malatyadan "Melitene" deyə bəhs edib. 1056-1101-ci illər arası bu bölgədə davam edən Türk-Bizans qarşıdurmaları indi uzaq əfsanəyə, nağıla dönüb. Eləcə də Hitit-Assur-Urartu dönəmləri. Fars və Hellenist dönəmləri M.Ö.522-485-ci illərin tarix boxçasına sığınıb qalıb. O çağların sonuna doğru (M.Ö 120-60) qədim Malatya bir müddət Pontus krallığı tabeçiliyini yaşamışdı. Sonra gəlmişdi Roma dönəmi. Bu, daha çox tarixin XII yüzilliyinə söykənir. Bölgənin Roma imperatorluğunun diqqətini çəkməsinə əsas səbəb bu yerlərin önəmli bir yol qovşağında olması, Firat çayının burada keçid verməsi, su qaynaqlarının, ərzağın bol olmasıydı. Gəlmişdi Bizans dönəmi: Artıq bu zamanlarda biz Malatyanı bir əyalət mərkəzi olaraq tanıyırıq. Bizanslar Yeni Malatyanı Sasanilərə qarşı bir qala, sipər şəhəri olaraq qurmağa başlamışdılar. Bu dönəmlə bağlı olmuşlar şəhərin bələdiyyə hamamı inşası ilə bağlı qazıntı zamanı üzə çıxan qızıl sikkələr və digər tapıntıların şəhadətiylə bir arada öyrənilməkdədi. Öyrəndikcə tarixin 1071-1078-ci illəri yenidən dil açıb danışır elə. Müsəlman ərəblərin Anadoluya ilk səfərlərində Malatyanı bir neçə dəfə ələ keçirdikləri də artıq bilinən bir tarixdi. Bu dönəmdə Həzrəti Əli və Müaviyə tərəfdarları arasında baş verən ziddiyyətlərdən Bizanslar faydalanmağa çalışmışlar. Battal Qazi Əksişəhər yaxınlığındakı Akrokkon önündə gedən savaşda bu dönəmdə şəhid olmuşdu. Onun tarixi qəhrəmanlığı haqqında dildən-dilə düşən əfsanələr o çağdan-bu çağa səsləniş edir.

Bir gül qönçəsi, ağac tumurcuğu kimi gün işığına çıxır Türk idarəçiliyi dönəmi. Tarix şəhadət verir: Kutanmişoğullarından Süleyman şah ilə qardaşı Mansur Konyadan İznikə qədər olan bölgəyə sahib çıxaraq 1075-ci ildə Mərkəzi İznin olmaq üzrə Anadolu Səlcuqlu Dövlətinin qurdu və müstəqilliyini elan etdi.

Böyük zəfərlər, ağır məğlubiyyətlər də oldu. Nəticədə 1110-cu ildə İrandan yürüş edən Şahənşah Konyada taxta çıxdı və ilk olaraq Səlcukluların yenidən toparlanmasını təmin etdi. Bundan sonra Monqol və Memluklular dönəminə qədər baş verənlər artıq Səlcuklular daxilində baş verən daxili çəkişmələr çevrəsindədi. Bu dönəmdə Malatya idarəçiliyindən Anadolu Səlcuklu Sultanı Birinci Məcudun və qardaşı Tuğrul Arslanın, Belek (Balak) Qazinin, Danışmentli Əmir Qazinin, Nurəddin Muradın, Məlik Nəsrəddin Məhəmmədin, Munzeddin Kayserişahın adları keçir. Tarixin 1196-cı ilində taxt-tacını I Süleyman şaha təslim etmək zokrunda qalan Qiyasəddin Keyxosrov geri dönərək Konyada öz sultanlığını elan etmişdi. Bunun ardınca da oğlanlarından İzəddin Keyqubadı əski Malatyaya, Aliəddin Keyqubadı Toqata, Celaleddin Keyqubadı isə Koyuhisara əmir təyin etmişdi.

Tarix gözlərim önündə vərəqlənir... I İzzəddin Keyqubadın 1220-ci illə tarixlənən ölümündən sonra onun taxtına əyləşən İ Ələddin Keyqubadın əmri ilə Malatya şəhərini əhatələyən qala divarlarının yenidən möhkəmləndirilməsi səhnələri gəlir göz önünə. Keyqubad quruculuğundan yadigar qalan ən önəmli abidələrdən yalnız Malatya Ulu Camesi indi tarixə şaihdilk edir. 1224-cü ildə yapdırılan bu abidə Anadolu Səlcuqlu memarlığı üslubunu özündə yaşadan yeganə yaddaş xəzinəsidir. Keyqubad 1226-cı ildə yaz-yay aylarını burada, Malatyada keçirmiş, qışın nəfəsini duyar-duymaz Antalyaya hərəkət etmişdi. O, taxt-tacını İzzəddin Qılınc Arslana əmanət etmək istəyirdi. Ancaq sən aydığını say... Taleyin və fələyin öz diqtəsi, qaçılmazlığı da var. Gəldi 1237-ci il... Əcəl öz hökmünü verdi. Qara torpaq aldı, götürdü. Dönəmin vəziri Sadəddin Köpək öz köpəkliyini büruzə verdi; hiylə ilə Qılınc Arslanın əvəzinə II Qiyasəddin Keyxosrovu taxta çıxardı. Ancaq Anadolu Səlcuqlarının xidmətində dayanan Harzəmşahı bəyləri bu seçimi qəbul etmədilər. Yeni qovğalar başladı. II Qiyasəddin Harzem bəylərinə və əsgərlərinə başçılıq edən Kayırxanı həbs etdirdi. Sui-qəsd nəticəsində aradan götürdü. Nəticədə Harzemşahılar batı və orta Anadolunu tərk edərək Malatya döndülər. Durum II Qiyasəddini təşvişə saldı və incimiş Harzemləri geri döndərmək üçün mərkəz ordusunun başına keçirdiyi Kəmaləddin Kamyarı göndərıdi. Lakin anlaşma baş tutmadı və savaş başlaıdı. Bu, Harput sınırlarının şahidlik etdiyi son qardaş savaşlarından idi... Seyfəddin Bayram şəhid oldu, Seyfud Dövlə Ər Tokuş əsir alındı. Monqol istilasının qapısının ağzını kəsdiyi bir vaxtda Harzenşahların itkisi Səlcuqlu dövlətinin gücünü sarsıtdı, çökdürdü...

Dərəyə sığınıb qalmış Tomarza, Məlikqazi, Pinarbaşı köyləri bu olayların canlı şahidləri kimi mənimlə üzbəüz qalmışdı. O gözəlim yerlərdən Malatyanı 26 km məsafə ayırır. Yolun sağ üzü qarıydı, qırov bağlamışdı dağlar boy-boya. Boylanıb baxırdı Pinarbaşına. İndi bu söylənən tarix qos-qoca əfsanə, nağıl kimiydi.

Tarixin 1240-cı ili...

Baba İshakın əmri ilə Türkmənlər qoyundan qoyun, keçidən keçi satıb silah almağa başlayıblar. Cihad elanı Türk qəbilə və obalarını bir araya gətirib. Əski Malatya böyüyü Müzəffərəddin Əlişir bütün türk ellərini səfərbər edib. Qarışqa qaynaşan kimi qaynaşır əski Malatyanın yurd aşiqləri. Nə yazıqlar ki, 1243-cü ildə Köşədağ savaşında Səlcuqlular ağır məğlubiyyətə uğradılar. Sultan II Qiyasəddin Keyxosrov Tolata sığınası oldu. Malatya böyükləri əski şəhəri tərk etmək zorunda qaldı. Qədərin qaçılmaz olduğunu görən şəhərbaşı Rəşidəddin əhalidən 40 min altun toplayaraq monqollara verdi və onların Azərbaycana dönmələrini sağladı.

Bir bəla belə ötüşdü... “Məndən ötdü, qardaşıma dəydi” acısı yenidən yaşanası oldu. Ancaq amansız vəba, taun xəstəliyi monqol qırğınının yerini boş qoymadı. 1256-cı ildə Bayğu Noyan Anadolu səfərinə çıxdı. II İzzəddin Keyxosrov Bizansa sığındı və bu olay IV Qılınc Arslanın Anadolu Səlcuqlu taxtına rəqibsiz olaraq çıxmasını təmin etdi. 1257-ci ildə Bayğu Noyan Azərbaycana səfər etdi və bundan istifadə edən İİ İzzəddin Keyxosrov yenidən taxta çıxdı və Şərəfəddin Əhmədi əski Malatyaya göndərdi. Bu dönəmdən sonra gah monqollar Malatyanı yendi, gah da əksinə. Dönəm bir neçə dəfə təkrar oldu. Üzrlər, bağışlanmalar bir-birini əvəz etdi.

Olan o idi ki, Səlcuqlular dönəmində əski Malatya sənaye və ticarət mərəzi olaraq zəngin bir şəhərə dönmüşdü. Burada 12-19 min arası qumaş toğxuyan dəsgah bir araya gəlmişdi. Ancaq sonucda Məmluk əsgərləri bu zəngin şəhəri yağmalamışdı. Ancaq Əmin Çoban durumu yoluna qoymuş, Əski Malataya gəlib viran edilən şəşhərin bərpasını təmin etmiş, müdafiə məqsədi ilə iki min əsgəri Malatyada saxlayaraq 1315-ci ildə Təbrizə dönmüşdü. Nələr olmuşdu, eyy... 1317-ci ildə Elxani hökmdarı Əbu Səid Bahadurun sayəsində Əmir Çoban daha da gücləndi. Oğlu Timurtaşı Anadolu valisi təyin etdi. 10 il keçdi. Atasının ölümü səbəbindən Tumurtaş Ertanə bəyi vəkil elan edib, Məmlüklərə sığındı. Oğuzlarım Bozak qolundan olan Dulkadir türkmənləri 1339-cu ildə Məmlüklərə bağlı olan Dulkadir bəyliyini qurdular.

Gəldi 1399-cu il... İldırım Bəyazid qarışıqlıqdan istifadə edərək Əski Malatyaya sahib çıxdı. Nə yazıqlar ki, Teymurləngin Anadoluya yürüşü bu idarəçiliyi tezliklə çökdürdü. 1401-ci ildə Teymur orduları Malatyanı yenidən odlara qalayıb keçdi. 1402-ci ildə Ankara savaşı Anadoluda bəyliklərin yenidən canlanmasına şərait yaratdı. Bu, Çaldıran savaşına qədər belə oldu... Durna dağı savaşı Dulkadir bəyliyinin çırağını söndürdü. 1838-ci ildə Osmanlı ordusunun komandiri Hafiz Paşa qərargahını Harput Mezradan əski Malatyaya köçürdü. Əsgərlər şəhərə yerləşdirildi. Bağlara çəkilən əhali yenidən geriyə dönmədi daha. Tarixlər dəyişdi...

Türkiyə Cümhuriyyətinin qurulduğu çağda artıq Yeni Malatya vardı...

Əski çağlardansa daha çox əfsanələr, inanclar qalıb.

GERÇƏKLİKDƏN ƏFSANƏYƏ

XIX yüzilin əvvəlləri idi...

Əhalinin hər il Aspuzu bağlarına köç edərkən ocaq qalamaq üçün gərəkli olan odu (qoru) bir quyuya əmanət edib qapatdıqları zamanlardı. O il Əski Malatyadan Aspuza dönən əhali quyuya əmanət etdikləri odun (atəşin) söndüyünü görür. Deməli, uğursuzluğun ilk xəbərdarlığıdı bu! Qara günlərin başlanacağına işarədi... İnanclı əhali Malatyanı tərk etməyi qərarlaşdırır. O çağdan-bu çağa Bəydağında yuxuya dalıb sonra da daşa dönmüş bir həsrətli haqqında deyilənlər var: “O həsrətli hər il bir dəfə yuxudan oyanıb Bəydağından xəbər alır ki, Malatya obası qızıl sütunlarla yenidən tikilib-qurulurmu?” Cavab könülaçan olmadığından yenidən yuxuya gedib, vaxtı-zamanı gözləyir. Gözləməyində çox haqlıdı: bu bərəkətli, bolluq xəzinəsi olan vilayətin hər daşının qızıldan yapılacağı gözləniləndi. Yetər ki, əkəni-biçəni hər vaxt könüldən işləyə, sevə bu yurdu.

BİR SEVDA UCALDIB ULU CAMENİ...

Ailə dirənişi Malatyada iki sevən gənci aralı salır. Gənc qız sevdiyinin həsrətinə dözə bilmir, xəstələnir. Qızın atası öz əmir hökmü ilə təbiblərdən çarə istəyir. Ancaq qız təbiblərin dərmanını qəbul etmir ki, etmir. Son nəfəsində cehiz əvəzi olaraq atasından onun xatirəsinə came və mədrəsə yapdırmağı xahiş edir. Vəsiyyət yerinə yetirilir. Ulu Came və mədrəsə hasilə gəlir. Əfsanəyə görə cehiz parası olaraq ayrılan qızıl külçələrdən artıq qalanlar Ulu Camenin divarları arasına hörülüb.

DAHA BİR ƏFSANƏ VAR...

Bu, Xoca Vaiz əfsanəsidi... O behiştlik Anadolu Səlcuqları dönəmində əski Malatya bəyi imiş. Bizans üzərinə saysız yürüşlər edərmiş. Növbəti həmlələrin birində düşmən qılıncı onun başını bədənindən ayırır. Xoca Vaiz kəsilmiş başını qoltuğuna vurub Əski Malatyaya dönür. Şəhərin girişində onun bu halətini görən bir qadın qorxub qıyya çəkir. Bu səsdən diksinən Xoca Vaizin başı qoltuğundan yerə düşür və o, beləcə haqq dünyasına qovuşur. Öldüyü yerdə türbəsi ucaldılır.

SULTANI XİLAS EDƏN ƏL

Əfsanəyə görə IV Sultan Murad Bağdad səfəri zamanı at belində Firatı keçmək istərkən boğulma təhlükəsində qalır. Bu zaman bir əl uzanaraq padşahı xilas edir. Padşah o əl sahibinin surətini yadında saxlayır. Bağdad səfərindən geri döndüyü zaman Əski Malatya alimlərini, üləmaları bir yerə cəm edir, bütün ərənləri yanına çağırır. Qələbəlik içərisində həmin o xilasedici əlin sahibi olan Qoca Vaizi tanıyır. Bəs deyincə hörmət edir, ölüncə sayğı göstərir... Malatya əhalisi “Al qapı” (Hal qapı) əfsanəsini heç unutmadı ki! Yağmur duasını bütün quraqlıqlara qarşı vird etməkdən usanmadılar. Burda Topğaş əfsanəsi, Qırxlar nağılı, Gəlincik Qayası hekayəti uzun qış gecələrinin söhbət mövzusudu.

QIZ ARAMA VƏ İSTƏMƏ ADƏTİNDƏN SÖZ AÇIM SİZƏ

Elə ki, oğul 18-19 yaşına çatdı, Malatyalı analar başlar övladına qız axətarmağa... Bunun ən asan yolu yaxın ətrafda keçirilən toya, nişana getməkdi. Ailə məclisləri və yaxud hamam günləri də gözəl vasitədi; Glet, gör, seç, seçələ... Fiziki gözəllik, kübarlıq, əl işlərinə sahiblik məharəti, evdarlığa bağlılıq seçimdə başlıca rol oynayır. Elə ki, oğlan anası qızı seçdi-bəyəndi, yaxın ətrafından onun kimliyi, nəsli-nəcabəti haqqında bilgi toplanar. Hər şey qaneedicidirsə, bir bəhanə ilə qız evinə ayaq açar, ağızlarını ararlar. Söhbət ləzzətli olsun deyə şirniyyat məhsulları yapılar.

ELƏ Kİ, GƏLDİ NİŞAN GÜNÜ...

Əvvəlcə hər iki tərəf alış-verişə çıxar. Gəlinlik, çeşidli geyim əşyaları alınar. İki-üç gün əvvəldən qonum-qonşu nişana dəvət olunar. Bu adətlər eynən bizim doğma el-obamızda olduğu kimidi. Ta bəyin gəlin evinə əldə çiçək, gül dəsti aparmasına qədər. O ki qaldı nişan mərasiminə, bu da bizim öz adətimizcədi; Battalqazililər İslami dəyərlərə bağlı olduqlarından rəsmi nişanla yanaşı dini nişaın da yaparlar.

XİNAYAXDI GECƏSİNDƏ

Toydan bir gün əvvəlki söhbətdi. Gəlin istəsə bir ovcuna öz adının, o biri ovcuna da nişanlısının adının baş hərfini xına ilə yapar. Mahnılar oxunar: “Gəl anam, gəl bacım, gəlin olasan, çərşənbə, pərşənbə bizə gələsən...” Bu törənlər bəmazə atmacalarsız da olmaz: “Aldıq qızınızı, it yalasın üzünüzü”, “Aldıq qızı, basdıq duzu...” Çeşidli türkülər də ki, dil ucunda qıpır-qıpır qaynamağında:

Əlinin xınasın al eyləmişlər,

Gözünün sürməsin bal eyləmişlər –

Çal, ozan, ayağı sayalı olsun...

Sonra da əsl toy törəni günü yetişir. Zurnalar püflənir, dəflər çalınır. Gəlin Qapısının bəxşişi əziz... “Dünyada hər ana öz anam kimi təkcə toy günündə ağlayaydı kaş” deyimi bu törən boyunca hey yada düşər. Ey əli xınal gəlin köçən qız sumanlı, ekşili şorba bişirmək, buğlama, sac qovurmaısı bişirib-düşürmək bacarırsanmı? Malatyada soğan dolması, kabak çiçəyi dolması, qaysı dolması növ-növ, löyün-löyün gələr süfrəyə.

Salam, köhnə qala, hasar bürcləri...

Bir şerin misraları düşür yadıma: “Ətlə, qanla, saçla, adamla hörüblər sizi, açın üzünüzü, açın gözünüzü, qala divarları, qala bürcləri”. Əski Malatya surları boyunca bu düşüncələr yaddaşımı çəkib aparır. Malatyanın ilk quruluş yeri olan Aslantəpə dolaylarından bugüngü yerinə köçürülməsi dönəminin tarixi yadigarlarıdı bu qədim divarlar, qos-qoca qala bürcləri. Roma-Bizans-Sasani-ərəb mücadilələri yaşanıb çevrəsi boyu.

Tarixini Evliya Çələbi yazıb da gedib.

Həzrəti Yusif Əleyhüssəlamın Mosul şəhərində dinə gətirdiyi Rakabe adlı qeysərin Malatyanın suyunu və havasını çox bəyəndiyi, burada qala yapdırdığı ağızdan-ağıza düşən bilgidi. Böyük Səlcuqlu sultanı Toğrul bəyin bu bölgəyə ilk türkmən köçlərini sövq etməsini hələ də unutmur qocaman tarix.

Bu, Ulu Camedi...

Anadolu Səlcuqlu dövləti dönəminin böyük yadigarı... Birinci Ələddin Keyqubad tərəfindən 1224-cü ildə yapdırıldığı söylənsə də Malatya Evkaf Dəftərində 1211-1220-ci illərdə Keykavus bin Keyxosrov tərəfindən inşa etdirildiyi qeyd olunub. Malatyalı memar Yaqub bin Əbubəkr tərəfindən hasilə gətirilib. Malatyada var Qaraxan Camesi ki, 1582-ci ildə Malatya miralayı Xosrov bəy tərəfindən yapdırıldığı bilinir.

BURDA ET NİYAZI...

Şəhərin qala divarları xaricində, Topdaş deyilən yerdə Toptaş camesi Tanrı dərgahına ucalıb durur. Sonra da gəlir Miralay Şah Əli bəy Camesi. Alacaqapı camesi deyilərək də tanınır. Seyid Ömər və Şah Əli bəy tərəfindən yapdırıldığı bilinir. Sonralar əlavə edilən minarəsi üzərində bu adlarla bərabər Seyid Nəbinin də ismi keçir. Kitabəsi 1592-ci ilin yadigarıdı.

Malatya qalasının quzey səmtində, qala qapısı girişində Əmir bəyin əbədiyyət yuxusuna getdiyi kiçicik bir məscid var ki, adına Əmir Ömər bəy məscidi deyilir. Bu şəxs Məlik Sunullah ailəsinə məxsus hörmətli bir şəxs olub. Daş məscid deyə anıldığı da var.

Malatyada Nəfisə xatun türbəsini ziyarət etmək boynumuzun borcudu. Peyğəmbər sülaləsinin yadigarlarından olduğu bilinir.

Namazgah önündə dayanıb əski Malatyanın qədim çağlarını göz önünə gətirir, yapdırdıqları abidələrlə tarixi yaşadan ərənlərin ruhuna dualar oxuyuram. II Keyxosrov zamanının komandirlərindən Sacəddin İshaq oğlunun, Kəmaləddin Kamyarın ruhunu şad olan görürəm. Ibn Ömər, Hirsli Baba, Qarababa, Hötüm Dədə, Qardaşlar, Həsən Basri, Əlibaba türbələrini, Qırxqardaşlar şəhidliyini ziyarət edirəm. İndi təməlini tapmaq belə çətindi Cingənəxan, Yarımcaxan, Qaraxan saraylarının. Təkcə Şişmanxan sarayı göz önündədi; Uçuq divarıyla, sökük daşıyla. Şişman kəndinin 2 km-dədir.

Battalqazinin 30 km-lik məsafəsində yer alan Cəfər tarixi qazıntı yerlərindən əldə olunan abidələr Dəyirmantəpə, İmamoğlu, Köşkərbaba səmtlərdən əldə edilən miraslarla bərabər qocaman tarixə yoldaşlıq edir. Gəzinti yerləri boldu qəzada. Battalqazi bələdiyyəsi tərəfindən yapılan, Mülkiyyət bələdiyyəyə aid Qırxqardaşlar ziyarəti, ya da Həsən Basri ziyarət sosial təsisləri olaraq adlandırılan geniş ərazi gəzinti üçün əvəzolunmazdı. Buraya təmiz və düzənli bir çevrə hakimdi. Saysız-hesabsız ziyarətçiləri burada hər addımbaşı görə bilərsən. Əski Kayserici çeşmə buradadı. Xəstəsi olanlar, sağlamlığı qayğısına qalanlar gələrlər bu yerə yaz-qış arası.

EVLİYA ÇƏLƏBİ BELƏ ANLATMIŞ...

Hələ on yeddinci yüzilin əvvəllərində Dədəmiz Qorqud sayağı öymüş, “bu Malatyanın Aspazon (Aspuzu) bağları, suları, havası bütün gördüyüm bağlardan üstündür” söyləmişdir. Qırmızı, sarı, bəyaz, sulu, ətli adıyla tanınan ərik bağlarının dünyalarca tanınan dadından-tamından bəhs eyləmişdi. “Göysuylu” armudunun adını ayrıca vurğulamışdı. Alma bağlarını hər çeşid bağlardan üstün tutmuşdu. Yaz aylarının qələbəliyini yaşayan bağ evlərinin könül xoşluğuna vurğuluğunu yazmışdı səmimi duyğular ilə...

Bu gözəl dəyərlər necə var durur.

Yazda Aspuzuya köçməsi payız qış ayları dönməsi durur.

Beləcə ömr edir Malatya yenə. Yenə də havası alma qoxuyur, ərik ətri gəlir hər qədəmindən. Ceviz ağacları yolunu gözlər, əncir ağacları payını saxlar.

KARHAN CAMİNİN GÜNEY SƏMTİNDƏ

İki qardaş qəbri yer alıb burda. Əhməd-Zemçi və Əhmed-Zeyni adında. Xorasan ərənləri olaraq Malatyanın fəthində qəhrəmancasına şəhid olmuşlar... 1794-cü ıillərdə Diyarbəkir valisi olmuş Emin Yusif Ziyanın oğlunun adını daşıyan Məhəmməd məscidi burada, qala divarlarının daş səmtindədi...

Hoca Ömərdənmi söz açım sizə, ya Məhəmməd bin Qazidən? Sonuncusu Hicri 597-ci ildə Anadolu Səlcuklu Sultanı Rükneddin Süleyman bu diyara sahib çıxınca Malatyaya gəlmişdi. Malatyada ən məşhur sülalələrin adını çəkəsi olsaq Alışanlılar, Bərbər Həsənlərdən tutmuş Haydarlara, Nazimlara, Katiblərə qədər 60-70 köklü nəsillərdən söz açmaq gərək.

Anadolu Səlcuklu dövlətinin qurucusu olan Kutalmışoğlu Süleymanın dayısı Məlik Əhməd Danışmənt Qazi ilə bağlı dastan və rəvayətlər bu bölgədə dil əzbəridi. Bütün bunlar öz yerində. Ancaq Battalqazi civarları boyu milli geyimlər altında qos-qoca bir türk xanıməfəndisi ruhunu əziz-əziz qoruyan anaların alın qırışlarında, üz cizgilərində duyduğum doğmalığı heç unutduğum olmadı. O baş yaylığını ki, eləcə bağlayırdılar, o tirmə şalların ətəklərinə o gözəlim naxışları eləcə ilmələyirdilər - hər biri doğmam-əzizimdi ilk görünüşdən. Bu durumda Halfetin minarəsinin, Ziddi Zeynəb Kümbəzinin qədim, duyğulu varlığı əks olunmaqdadı.

Tarixə, bəxtə, yaşama bax... Battal Qazinin anasının da, zövcəsinin də adı Zeynəb olub. O səbəbdən Ziddi Zeynəb Kümbəzinin bunlardan hansına mənsub olması tarixin gizlinidi. Ancaq nə fərqi, hər ikisi Səlcuqlu dönəminin ruh doğmalığına sahib çıxan türk qadını olub. Adları bir, dəyərləri bir, mövqeləri ucadan uca... 1184-cü illərdən yönü bəri boylanmaqdadırlar. Ümumilikdə türk insanının qadın, ana haqqına uca münaısibətini özündə şəkilləndirir. Hələ bir Şahabiyye-i Kubra və Suğra mədrəsəsi... Tam uçuqluğunda belə bütöv bir əzəmət, etibar anlayışı sərgilənib.

Uca-uca çinarların gövdəsinə kiçik lövhələrdə yaşıyla bağlı tarixlər yazılıb. Altı qələbəlik, nənlikdi elə. Yığışıb hər köydən doğmalar gəlib. Bir süfrə başında cəm olub millət. Baxıram, köksüm qabarır... Qulaqlarıma “Dədə Qorqud” dastanlarından bəlli sədalar gəlir:

“Gəldim, Qazan xan!”

“Yetdim, Qazan xan!”

“Sənləyik, səninləyik!”

Eyni duyğulara hesablanmışam: “Sizinləyik, Malatya insanları! Ruhumuz bir kökdən gəlir! Adət-ənənələrimiz doğmalar doğmasıdı. İstəklərimiz, qayğılaırımız, maraqlarımız birdi. Çünki biz birik, bir millətin mənsublarlyıq!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm