ATV-nin aparıcısı bir nəfərin ölümündə günahlandırılır - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

ATV-nin aparıcısı bir nəfərin ölümündə günahlandırılır - YENİLƏNDİ

Uroloq Səriyyə Ələkbərovanın bağırsağını tərs tikib və əməliyyat sonrası yaranan ağır böhran xəstənin həyatına son qoyub

“Həmin veriliş ATV-də hazırlanmır. O, prodakşn məhsuludur, biz sadəcə verilişi yayımlayırıq. Ona görə də, məsələyə münasibət bildirməyim düzgün deyil”.

Bunu "Azad Azərbaycan” televiziyasının “Xəbərlər“ departamentinin rəhbəri Vaqif Aydınoğlu ATV-də yayımlanan “Çox yaşa” verilişinin aparıcısı ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

ATV sözçüsü onu da vurğulayıb ki, veriliş prodakşn məhsulu olduğundan televiziya bu məsələdə məsuliyyət daşımır.

Xəstənin əməliyyat edildiyi “City Hospital”dan isə məsələni araşdırıb məlumat verəcəklərini dedilər.

Gülxar

***

58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub.

Publika.az-a daxil olan məlumata görə, O, “Azad Azərbaycan” (ATV) televiziyasında yayınlanan “Çox yaşa” verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də “City Hospital-da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb.

Qeyd edək ki, S.Ələkbərovanın sidik kisəsində xoşxəssəli şiş olub və o əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib. V. İsmayıl isə sidik kisəsinin ümimiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib.

Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib. S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər “City Hospital”da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib.

Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Belə ki, əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikinməyib, tamamilə açıq qalıb və irinləyib.

Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay “City Hospital”da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik klinikaslına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib.

Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün “Medistyle” özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Həkim Vasif İsmayıl isə iddia edir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib. “Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı” – deyə Vasif İsmayıl bildirib.

Amma S.Ələkbərovanın həyat yoldaşı həkimin yalan danışdığını deyir: “Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan verməmişik. Faktiki olaraq biz 1,5 ay xəstəni reanimasiyada saxlamışıq və bu müddət ərzində xəstənin əməliyyatı və müalicəsi üçün 22 min manat xərc çəkmişik. Üstəlik bu müddətdə xəstəyə vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də biz öz hesabımıza almışıq. Biz görəndə ki, artıq “City Hospital”da xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir, onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq. Başqa klinikada isə xəstəyə baxan kimi bizə onun ölümcül olduğunu, müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir neçə həkim bizə bildirdi ki, sidik kisəsinin götürülməsi onun ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən sonra əməliyyat etməliydi. Amma o bunun fərqinə varmadan xəstəni tələsik əməliyyat edib. İkincisi, o əməliyyat zamanı xəstənin bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağ ciyərlərində ləkələr olub və əməliyyat sonra onun ağ ciyərində durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs bilməliydi ki, ağ ciyərində belə bir problemi olan adamı əməliyyatdan sonra nə gözləyə bilər ”.

Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq müstəvisində danışmaq məcburiyyətindədirlər:

“O, ölümünə bais olduğu xəstənin həyatına görə, qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Biz bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik”.

Z.Ələkbərov həmçinin vurğulayıb ki, “Vasif İsmayıl bir insanın həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına baxmayaraq, hələ də ATV-də “Çox yaşa” verlişini aparır və özünün reklamı ilə məşğuldur. Bu reklam isə insanların həyatı bahasına başa gəlir. Həm ATV telekanalı, həm də V.İsmayılın əməkdaşlıq etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə deyərlər, bazarını bağlamalıdır....”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm