• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

YAP Gəncədə ulu öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlərə start verib

YAP Gəncədə ulu öndərin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlərə start verib

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti, genişmiqyaslı fəaliyyəti dövlətimizin yüksəlişinə, inkişafına yönəlib.

Memarı dahi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri görülən işlərin önündə gedir, həyata keçirilən işlərdə fəallıq göstərirlər. Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə partiya günbəgün inkişaf edir, yeni-yeni uğurlara imza atır. YAP sıralarına qoşulanların sayının artması da dövlət başçısına xalqın inamından qaynaqlanır.

Bu gün YAP Gəncə şəhər təşkilatının 30 928 nəfər üzvü var, onların 17859 nəfəri gənclərdir. İlin əvvəlindən indiyə kimi 882 nəfər partiya sıralarına qəbul olunub.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı hazırlıq işlərindən bəhs edərək bildirdi ki, 2014-cü ildə qarşımızda mühüm vəzifələr durur. Hazırda başlıca vəzifə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün yüksək səviyyədə qeyd edilməsidir. Ulu öndərimizin Azərbaycan xalqının qarşısındakı xidmətləri əvəzsizdir. Dövlətimizin inkişaf strategiyası məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu strategiya möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyevin irsinin öyrənilməsi, gənclər arasında təbliğ edilməsi bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

Ulu öndərin doğum gününün yüksək səviyyədə qeyd edilməsi üçün Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə geniş tədbirlər planı hazırlanıb və aprel ayının əvvəlindən bu silsilə tədbirlərin keçirilməsinə start verilib. Silsilə tədbirlər sırasında Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında ziyalılar, ağsaqqallar, partiya və müharibə veteranları, tələbə-gənclərlə keçirilən görüşlər, yerlərdə təşkil olunan yığıncaq və toplantılar geniş yer alıb. Bu toplantılarda partiya sıralarına qəbul olunmaq üçün müraciət edən, öz fəaliyyət sahəsində, həmçinin ictimai işlərdə fərqlənən yüzlərlə şəhər fəalına, gənclər və tələbələrə partiyanın üzvlük vəsiqələri təntənəli şəkildə təqdim olunub və bu tədbirlər mütəşəkkil, yüksək səviyyədə davam edir. Toplantı və yığıncaqlarda YAP Gəncə şəhər təşkilatının rəhbərliyi, məsul işçiləri, partiya fəalları, veteranlar, ziyalılar, idarə, təşkilat, təhsil və müəssisə rəhbərləri iştirak edirlər.

8 aprel 2014-cü il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş "Heydər Əliyev və aqrar siyasət" mövzusunda ADAU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri, onun aqrar iqtisadiyyat, aqrar siyasət sahəsində həyata keçirdiyi islahatlar barədə geniş məlumat veriblər. Həmçinin tədbirdə ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Universitetdə ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunmuş silsilə tədbirlər, inşa yazı müsabiqələri, fənn olimpiadaları, idman turnirləri və yarışlar keçirilir və bu tədbirlər may ayınadək universitetin bütün fakültə, kafedra və şöbələrində davamlı olaraq həyata keçiriləcək.

Ənənəvi olaraq, hər il şəhərimizdə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının yubiley günləri ilə bağlı ağacəkmə aksiyası keçirilir. Aprel ayının 11-dən başlayan ağacəkmə aksiyası 450 hektar sahəsi olan Heydər Əliyev park-kompleksindən start götürüb. Yubiley gününədək şəhərin müxtəlif istiqamətlərində 91 min ağac əkiləcək. Gənclər bu aksiyada xüsusilə fəallıq göstərirlər. Gəncə şəhərinə Göygöl, Şəmkir və Yevlax istiqamətlərindən girişdə artıq 20 minə yaxın ağac əkilib. Gəncənin yaşıl libasını bəzəyən bu ağacların - şam və xan çinarların hər biri sakinlərin ulu öndərə sonsuz məhəbbətinin təcəssümüdür.

Ulu öndərin doğum gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanşünaslıq" mövzusunda elmi-praktik konfrans, ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev dahi şəxsiyyətdir" adlı inşa müsabiqəsi, Heydər Əliyev Universitetinin seminarları, "dəyirmi masa"lar, ali və orta ixtisas məktəbləri YAP Gənclər Birliyi ərazi ilk partiya təşkilatlarının nümayəndələri arasında "Heydər Əliyev irsini öyrənirik"adlı bilik yarışı, o cümlədən futbol və şahmat turnirləri keçiriləcək. Şəhər təşkilatı İdarə Heyətinin müvafiq qərarı ilə keçiriləcək tədbirlərin Təşkilat Komitəsi yaradılıb. Bilik yarışının birinci mərhələsində fərqlənən komandalar arasında final görüşü təşkil ediləcək. Yarışların bütün iştirakçıları YAP Gəncə şəhər təşkilatı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qalib komandaya YAP-ın Keçici Bayrağı təqdim olunacaq. Bu yönümdə keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı yubiley tədbirləri planlaşdırıb. Dahi şəxsiyyətin xatirəsinə YAP şəhər və rayon təşkilatlarını təmsil edən YAP gənclərinin futbol turniri keçiriləcək.YAP Gənclər Birliyinin tərtib etdiyi Əsasnaməyə görə, turnirin birinci mərhələsi bölgələrdə, YAP rayon təşkilatlarının futbol komandaları arasında keçiriləcək. YAP Gəncə şəhər təşkilatı bu turnirə xüsusi önəm verir. Gəncə-Qazax bölgəsində turnirin birinci mərhələsində YAP Gəncə şəhər təşkilatını təmsil edəcək komandanın yaradılmasına başlanıb. YAP Gəncə şəhər təşkilatı ali və orta-ixtisas təhsil müəssisələrinin nümayəndələrindən ibarət futbol komandalarını formalaşdırmaq məqsədi ilə ərazi ilk partiya təşkilatlarına müraciət edib və artıq bu komandalar formalaşdırılır. YAP üzvlərindən təşkil olunan komandalar arasında aprelin ikinci ongünlüyündə keçirilən görüşlərdə qalib komanda Gəncə təşkilatını təmsil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR