• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ADU-da "Çin dili günü" qeyd edilib

ADU-da "Çin dili günü" qeyd edilib

Aprelin 21-də Azərbaycan Dillər Universitetində “Çin dili günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Bu tarixi günün təsis edilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədi ilə BMT-nın İctimai İnformasiya Departamentinin təklifinə uyğun olaraq 2010-cu ildə həyata keçib.

Tədbirdə ÇXR-in Azərbaycandakı səfirliyinin birinci katibi Li Yunxuey, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, rektorun müşaviri Vazeh Əsgərov və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edib.

Bayram tədbirinin açılışında ənənəvi olaraq Çin dilində dərsliklər, lüğətlər və Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında göstərdikləri fəaliyyət haqqında kitablar, o cümlədən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitabların sərgisi keçirilib.

Sərgidə, eyni zamanda "Gohua" ənənəvi Çin stilində çəkilmiş rəsm əsərləri nümayiş olunub. Universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri Çin xəttatlıq sahəsinin ənənəvi üslubu və texnikası, naxışlarla düzəldilmiş kağızlar - "Szyançji" qonaqlara nümayiş etdiriblər.

Qonaqlar müxtəlif Çin çay növlərinin dadına baxarkən çay mərasiminə aid ustad dərsi keçirilib. Tədbirin rəsmi hissəsi Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasovun Çin dilinin tarixi barədə nitqi ilə başlayıb. O, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin dilin inkişafına verdiyi töhfələrdən söz açıb.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev öz növbəsində universitetdə Çin dilinin tədrisi ilə bağlı görülən işlərdən söz açıb. Çin dilinin tədrisinin perspektivlərindən danışan Anar Nağıyev, eyni zamanda Çin və onun mədəniyyətinin öyrənilməsinin də əhəmiyyətindən bəhs edib.

“Çin dili günü”nə həsr olunmuş bayram konserti tələbələrin ifasında Çin heroqlifi “Ven” üslubunda flashmobla başlayıb. Daha sonra Çin xalq vətənpərvərlik və lirik üslubda mahnılar, qədim Çin poeziyasının klassikləri Li Bay, Du Fu, Bay Szyuzinin şeirləri və rəqslər ifa olunub.

Tədbirdə, həmçinin Çin döyüş sənətinin - “Taysziszyuan” bəzi elementlərini nümayiş etdirilib və Çin dili müəllimi Aiguli Imamuaci ifasında Uyğur muğamı səslənib.

Sonda universitet tələbələrinin ifasında Azərbaycan xalq rəqsləri nümayiş olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR