• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Artur Rasizadə görüş keçirdi

Artur Rasizadə görüş keçirdi

Ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Sen aprelin 21-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb.


Publika.az AzərTAc-a isinadən xəbər verir ki, təkbətək görüşdən sonra baş nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Baş nazir Artur Rasizadə Azərbaycanın iqtisadi inkişafı, regionda baş verən proseslər haqqında kambocalı həmkarını məlumatlandırıb, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı layihələr barədə danışıb. Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını deyən Baş nazir A.Rasizadə bunun nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin düşdüyünü bildirib. Artur Rasizadə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, hələ ki, heç bir nəticənin əldə olunmadığını qeyd etmişdir. “Bu da münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olduğunu nümayiş etdirir”, - deyə Baş nazir A.Rasizadə vurğulayıb.


Artur Rasizadə ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Bunun üçün ikitərəfli komissiyalar yaradılmalıdır ki, iqtisadi sahədə əlaqələri inkişaf etdirək, qarşılıqlı maraq doğuran layihələri reallaşdıraq”.


Kamboca Krallığının Baş naziri Hun Sen ilk dəfə Azərbaycana 32 il bundan əvvəl səfər etdiyini xatırladıb. Hun Sen Kambocanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edərək deyib: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə mövqeyimiz dəyişməzdir. Biz ərazi bütövlüyünün pozulması hallarını dəstəkləmirik”. O, Azərbaycanı Kambocanın kənd təsərrüfatına sərmayə yatırmağa dəvət edib. “Biz Azərbaycanı Kambocanın düyü istehsalı və emalı sahəsinə sərmayə yatırmağa dəvət edirik. Biz birlikdə düyü istehsal edərək dünya bazarlarına çıxara bilərik. Kambocada daxili tələbat üçün düyü istehsalının həcmi kifayət qədərdir. Lakin maliyyə resursları az olduğundan biz istehsal etdiyimiz düyünü dünya bazarlarına çıxara bilmirik”.


Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR