Nuşirəvan Məhərrəmlidən ANS-ə CAVAB - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nuşirəvan Məhərrəmlidən ANS-ə CAVAB - AÇIQLAMA

Nuşirəvan Məhərrəmlidən ANS-ə CAVAB - AÇIQLAMA

“Bizim son xəbərdarlığımızdan sonra reklam və sponsorlarla bağlı televiziya kanallarında xeyli irəliləyiş var. Ancaq nöqsanlar hələ tam aradan qaldırılmayıb”.

Bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Əvvəlki illərə nisbətən xeyli irəliləyişin olduğunu vurğulayan N.Məhərrəmli deyib: “Biz tədricən bu prosesi tam başa çatdıracağıq və mövcud olan problemlər aradan qaldırılacaq”.

N.Məhərrəmli ANS TV-nin Milli Televiziya və Radio Şurasından bəzi narazılıqlarının olması məsələsinə də münasibət bildirib: “Təbii ki, belə hallar olur. Ancaq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün televiziya kanalları bizim üçün bərabər hüquqa malikdir. Yəni burada istər özəl, istərsə də, qeyri-özəl olan bütün televiziya kanallarının fəaliyyəti “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir. Bizim hər hansı televiziya kanalına qarşı qərəzli münasibətimiz yoxdur. İstər ANS, istər Xəzər, istərsə də, Lider telekanalı olsun, bütün televiziya kanallarının fəaliyyətinə qanunun prizmasından baxırıq. Televiziya kanalları arasında heç bir ayrı-seçkilik qoymuruq. Ancaq hər hansı televiziya kanalı “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozarsa, biz o zaman məsələyə qarışırıq. Bu isə bütün televiziya kanallarına şamil edilir. Bizim ANS-ə qarşı hər hansı ayrı-seçkilik münasibətimiz yoxdur və heç zaman da ola bilməz. Bu, şəxsi məsələ deyil ki, biz ayrı-seçkilik qoyaq? Bu dövlət məsələsidir və biz də dövlət qurumunda çalışırıq”.

Xatırladaq ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-nin qərarına əsasən, ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib. ANS isə MTRŞ-ı məhkəməyə verib, qərarın ləğvi barədə iddia qaldırıb. İş icraata qəbul edilib və sabah 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iş üzrə hazırlıq iclası keçiriləcək.

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov açıqlamasında bildirib ki, qərarı düzgün hesab etmirlər və bunun üçün də məhkəməyə müraciət ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm