“Bir türk onu sevəni sevər, sevməyəni isə rədd edər”
Bizi izləyin

Qırmızı.az

“Bir türk onu sevəni sevər, sevməyəni isə rədd edər”

“Bir türk onu sevəni sevər, sevməyni isə rədd edər”

Vüqar Abbasov: “Erməni diasporuna maraqlı dövlətlər nə deyir, hansısı göstərişi verirlərsə, onlar da onu edirlər”

Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasovun müsahibəsi

- Vüqar bəy, bu günlərdə xəbər yayıldı ki, Niderlandda qondarma erməni soyqırımına memorial kompleksi qoyulub. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu barədə ancaq Azərbaycan mətbuatından oxudum. Başqa bir məlumatım yoxdur. Ancaq olsa belə, burda təəccüb edilə biləcək heç nə görmürəm. Bilirsiz ki, sözügedən “soyqrım”ı Avropanın bir çox dövlətlərinin parlamentləri, o cümlədən də Niderland parlamenti tanıyıb. Mən bunu hansısa eməni diaspor təşkilatının uğuru, yaxud əksinə, bizim diaspor təşkilatlarımızın uğursuzluğu kimi deyərləndirməyin əleyhinəyəm.

Bunun bir neçə səbəbi var: öncə bu kimi qərarları mən dünyanın türk insanına olan münasibəti kimi görürəm. Daha sonra burda hər bir dövlətin öz marağı, daha doğrusu, maraqları var. Ermənilər sadəcə bir alətdirlər ki, hansısa dövlətə gərək olanda erməni faktorundan istifadə edirlər. Onlar isə məmnuniyyətlə istifadə olunmağa maraqlıdırlar, sonunda baş verənlər onların xeyrinədir.

Din faktorunu da unutmaq olmaz. Dünyada din faktoru çox önəmlidir, bunu danmaq olmaz. Mən bunu Niderlanda gələndən sonra daha çox dərk etməyə başladım. Təəssüflə qeyd etmək istəyirəm ki, dünyada bizim dinimizi “terrorçu bir din” kimi tanıda biliblər. Bunun ən başlıca səbəblərindən biri isə müsəlman dünyasında təhsilin aşağı olmasıdır. Təhsilin aşağı olması səbəbləri isə başqa mövzunun söhbətidir.

Bir daha qeyd etmək istəyirəm ki, ermənilərin xeyrinə dünya dövlətlərində qəbul edilmiş hansısa qərar nə Ermənistan dövlətinin, nə də erməni diasporunun uğuru deyil. Niderlanddakı qaçqınlar yaşayan yerlərə getsən, özünü Ermənistandakı kimi təsəvvür edərsən, oranın sakinlərinin əksəriyyəti erməni olduğundan erməni dilində danışıqları daha çox eşidərsən. Elə bilirəm ki, nə demək istədiyim aydın oldu.

- Hollandiyada fəaliyyət göstərən erməni diasporunun fəaliyyət istiqamətini necə təhlil edərdiniz?

- Maraqlı sualdır. Bir dəfə Niderlandda fəaliyyət göstərən türk təşkilatlarının birinin rəhbərindən müsahibə almışdım və o, olduqca maraqlı bir fikir səsləndirmişdi: “Erməni diasporunun varlığı “soyqrım” məsələsini gündəmdə tutmaqdan keçir”. Həqiqətən də elədir.

Bir anlıq təsəvvür edin ki, Türkiyəyə “soyqrım törətdin” deyə bir böhtan atılmayıb. Nə ilə məşğul olacaqdı erməni diasporu? Bu cür şantajlar səbəbindən təəssüflə demək istəyirəm ki, bəzən Türkiyə olduqca yumşaq davranır ermənilərə qarşı. Sanki Türkiyə bəzən hər vəclə sübut etməyə çalışır ki, Türkiyədə ermənilərə qarşı sevgi sonsuzdur.

Son olaraq Suriyadan ermənilərin Türkiyəyə gətrilməsini misal olaraq göstərmək kifayətdir. Mən bura “hamımız erməniyiz,” Ermənistanda futbol izləmə səhnələrini və s. daxil etsəm, böyük bir siyahı alınar. Ancaq hər kəsin bilməsi gərəkdir ki, bir türk onu sevəni sevər, sevməyni isə rədd edər. Sualınızdan bir qədər kənara çıxdım. Erməni diasporunun faəliyyətinə bir cümlə ilə qiymət vermək bəs edər: onlara maraqlı dövlətlər, dolayısı, yaxud birbaşa, nə deyir, hansısı göstərişi verirlərsə, onlar da onu edirlər.

- Bizim diaspor təşkilatlarımız yerli hollandlarla iş birliyi qura bilirlərmi?

- Sevindirici haldır ki, son dövrlər buna cəhdlər var. Artıq yerli sakinlər, bəzən siyasət adamları belə tədbirlərimizə dəvət alırlar. Təbii ki, qatılanlar da olur, qatılmayanlar da. Önəmli olan ona edilən cəhdlərdir. İnanın ki, qarşıda məqsəd olsa, gec, yaxud tez, ona çatmaq olar. Ancaq elə təsəvvür yaranmasın ki, yerli siyasətçilərlə ünsiyyət qurmaq, onları tədbirlərə cəlb etmək bu qədər sadədir. Heç də elə deyil.

Düzdür, mən bəzən yazılarımda burdakı təşkilatlarımızı tənqid edirəm və yəqin ki, edəcəm də. Ancaq məqsədim düşmənçilik deyil. Hər hansı bir yerli siyasətçi, yaxud sıradan bir sakin ilə Azərbaycanda kimlərəsə göstərmək naminə münasibət qurulursa, yaxud qurulmağa çalışırsa, bunun bir nəticəsi olmayacaq. Ancaq həqiqətən səmimi, özünü kimlərəsə göstərməmək şərti ilə çalışsaq çox şeylər əldə edərik. Ondan sonra hər kəs sənin işini biləcək, bundan narahat olmağna dəyməz.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm