• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sərdar Cəlaloğlu AXCP və Müsavata "donosbaz" dedi

Sərdar Cəlaloğlu AXCP və Müsavata "donosbaz" dedi

ADP sədri Sərdar Cəlaloğlu AXCP və Müsavatı xarici təşkilatlara "danos" yazmaqda ittiham edib.

 

Partiya sədri teleqraf.com-a müsahibəsində bildirib ki, bu partiyalar onlarla bağlı da xarici təşkilatlarda mənfi rəy formalaşdırır: "Son parlament seçkilərində bizim qərargahımızda ATƏT-in seçkiləri müşahidə missiyası ilə görüşdük. Bizdən əvvəl missiya AXCP və Müsavat rəhbərliyi ilə görüşmüşdü. Onlar bizimlə görüş zamanı dərhal qeyd etdilər ki, bizdən əvvəl müzakirə apardıqları şəxslər deyiblər ki, siz hökumətin partiyasısınız. Mən də cavab verdim ki, əgər biz də desək ki, onlar hakimiyyətin partiyasıdır, onda sizdə təəssürat yaranacaq ki, Azərbaycanda müxalifət yoxdur. Bu səbəbdən də, onlar nə deyibsə, elə də qəbul edin. Bir sözlə, müşahidə missiyası bizə açıq dedi ki, bizdən əvvəl görüşdükləri müxalifətçi həmkarlarımız bizim hakimiyyətə işlədiyimizi deyiblər. Belə şeyləri qərblilər gizlətmirlər. AXCP və Müsavat bu cür bu cür kampaniya aparır".


Qeyd edək ki, S. Cəlaloğlu bir müddət əvvəl də Publika.Az-a açıqlamasında demişdi ki, Qərb siyasətçiləri ilə görüşən bu partiyalar ölkədə olmayan məsələləri qabardır, eləcə də ADP də daxil olmaqla bəzi partiyalar haqqında yalan məlumatlar verirlər.



"Sərdar Cəlaloğlunun özü də "danos" yazır"



Lakin Müsavat ADP sədri ilə razılaşmır. Publika.Az-a danışan İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli S. Cəlaloğlunu böhtan atmaqda ittiham edir: "Ölkədə insan haqları, demokratiya ilə bağlı məlumat vermək "danos" yazmaqdırsa, Sərdar Cəlaloğlunun özü də dəfələrlə şikayətlər edib, məlumatlar ötürüb. Deməli o "danos" yazır. Avropa strukturlarında, məhkəmələrinə 10 minlərlə Azərbaycan vətəndaşı şikayət edib. Onların arasında cəbhəçilərlə müsavatçılar da ola bilər. Amma Partiya olaraq heç kim haqqında, eləcə də Sərdar Cəlaloğlu haqda heç bir məlumat verməmişik. Buna görə ittiham irəli sürmək böhtan atmaqdır. S. Cəlaloğlu özü Avropa Məhkəməsinə şikayət edib kompensasiya alıb".


M. Hacıbəyli S. Cəlaloğlunu Müsavatın bostanına daş atmaqda da ittiham edib.


"Sərdar Cəlaloğlu fəaliyyətsizliyini örtmək üçün vaxtaşırı bostanımıza daş atmaqla məşğuldur"-deyə o bildirib.



AXCP susur: səbəbi maraqlıdır



Məsələ ilə bağlı AXCP danışmaq istəmir. Lakin səbəb S. Cəlaloğlıuna cavab vermək yox, partiya rəhbərlinin çıxartdığı qəribə qərarla bağlıdır. Belə ki, AXCP rəhbərliyi bəzi media orqanlarına danşmağı funksionerlərinə qadağa qoyub.



"Belə təşkilatlarla ümumiyyətlə əməkdaşlıq edilməməlidir"



Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.Az-a açıqlamasında deyib ki, ölkədəki vəziyyəti qeyri-obyektiv şərh etmək və təhrif olunmuş formada hansısa təşkilata ötürmək qəbul edilməzdir. Onun sözlərinə görə, xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı ehtiyatlı davranmaq lazımdır.


"Hakimiyyəti nədəsə tənqid etmək olar, amma xarici təşkilatlarla işləyərkən ehtiyatlı olmaq lazımdır. Verilən məlumatlar təhrif olunmamalı və milli maraqları tapdamamalıdır. Çünki bu təşkilatların çoxu heç də insan haqları və demokratiya qoruyucusu deyil, xüsusi kəşfiyyat orqanlarının leqal qolu kimi fəaliyyət göstərir"-deyə politoloq qeyd edib.


Q. Hüseynli hesab edir ki, bəzi beynəlxalq təşkilatlarla ümumiyyətlə əməkdaşlıq edilməməlidir: "Kimlər əməkdaşıq edirsə də bunu dayandırmalıdır. Çünki onların məqsədi aydın deyil. Azərbaycana, bizim milli məsələlərimizə də həmişə ikili standartlardan yanaşırlar. Onlarla işləmək, xüsusilə bu işbirliyi ölkənin əleyhinə olması məsuliyyət yaradan elementlərdir".



Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR