"Narginə neçəyə apararsan?" - Dəniz taksiləri fəaliyyətə başlayacaq
Bizi izləyin

Qırmızı.az

"Narginə neçəyə apararsan?" - Dəniz taksiləri fəaliyyətə başlayacaq

"Narginə neçəyə apararsan?" - Dəniz taksiləri fəaliyyətə başlayacaq

Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək.

Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə işləyəcək taksilər Bakı buxtasını Nargin adası ilə birləşdirəcək. Katerlərin sürətinin Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcəyi bildirilir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək.

Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov millət vəkilləri ilə görüşündə bildirib ki, artıq buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək.

Bəs dəniz taksilərinin fəaliyyətə başlaması tıxacların qarşısını alacaqmı?

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, dəniz taksiləri bulvara gəzinti üçün gələnlərə xidmət edəcək. Onlardan xüsusən, yay aylarında daha çox istifadə ediləcək.

Ekspertin sözlərinə görə, bu yenilik tıxacları müəyyən qədər azalda bilsə də, problemi kökündən həll etməyəcək. Onun sözlərinə görə, tıxacların qarşısını almaq üçün bir müddət əvvəl gündəmə gəlmiş dəniz üzərindən yol layihəsi həyata keçirilə bilər:

“Bu zaman Günəşli, Zığ, Mərdəkan yoluna gedənlər həmin yoldan istifadə edə bilərdilər. Hazırda həyata keçirilməsi planlaşdırılan bu addım isə nəqliyyat yox, sərnişin daşıması məqsədi ilə fəaliyyətə başladığına görə, tıxaclarını qarşısını ala bilməyəcək”.

Ekspert onu da bildirdi ki, dəniz taksiləri şəhərə gələnlər üçün əlverişli hesab edilmir: “Həmin kraterlər Əhmədlidən Bayraq meydanına gələcək. Oradan şəhərin mərkəzinə gəlmək üçün isə xeyli vaxt itikisidir və əlavə nəqliyyat vasitəsindən istifadə edilməlidir. Bu qədər yol gəlməkdənsə, vətəndaşlar metrodan istifadə edə bilər. Ancaq həmin taksilərin bulvardakı saatın yanı, AzNeft dairəsi, həmçinin əlavə 2-3 dayanacaq yerləri olsa, insanlar daha rahat olar”.

Qiymət məsələsinə gəldikdə isə, M.Rüstəmov əyləncə xarakteri daşıdığına görə, taksilərin qiymətinin ucuz olmayacağını dedi: “Pulu olanlar əyləncə məqsədilə istifadə edəcək. Amma düşünmürəm ki, işə tələsən biri bu katerlərdən istifadə etsin. Tələbatın çox olması da qiymətə təsir edəcək. Istənilən halda, qiymət taksilərdən baha olacaq. Bu iş dövlət təmin edərsə, o zaman qiymət Tarif Şurası tərəfindən müəyyən ediləcək”.

Ekspert deyir ki, intervalı bir neçə dəqiqə olan gəmilərdən istifadə etməklə tıxaclara təsir etmək mümkündür. Lakin katerlərin bu problemi həll etməsi real deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm