• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik  konfransı keçirilir

Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb.

ADU –nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.az-a verilən xəbərə görə, iki gün davam edəcək konfransın plenar iclasını ADU-nun rektoru, millət vəkili Səməd Seyidov açaraq, rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışıb. O, bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb.
ADU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor S.Seyidov universitetə 2014/2015-ci tədris ilində qəbul planının artırılacağını bildirib: “O rəqəmləri fəxr hissi ilə qeyd etmək istəyirəm. Yeni tədris ilində universitetə qəbul olunacaq tələbələrin sayı 2000-ə yaxındır. Bu dövlətin Azərbaycan Dillər Universitetinə olan etimadının nəticəsidir".

Rektor prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” təsdiq edildiyini qeyd edib və bu mütərəqqi addımın tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirib.

Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor Səməd Seyidov qeyd edib ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu təhsil siyasəti nəticəsində hər il Dillər Universitetinin 100-ə yaxın tələbə xaricə təhsil almağa göndərilir.

Bilikli gənclərin gələcəyin yüksək kadrları olacağına əminliyini ifadə edən rektor universitetin tələbələrinin respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəal şəkildə iştirak etdiyini qeyd edib: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə mənim qarşıma Azərbaycan Dillər Universitetini tələbələri çıxır. Bu tədbirlərin təşkilində, tərcümə prosesini həyata keçirilməsində tələbələrimiz, müəllimlərimiz fəal iştirak edir. Bu çox sevindirici və fəxr ediləsi haldır”.

S.Seyidov bu yaxınlarda universitetin bir qrup tələbəsinin Erasmus Mundus proqramı çərçivəsində Avropa ölkələrinə təcrübəyə gedəcəklərini vurğulayıb.

Rektor Səməd Seyidov konfransda çıxış edən ən yaxşı tələbələrin qiymətləndiriləcəyini və onların ADU-da müəllim kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verib. Prorektor bildirib ki, 21 bölmədən ibarət konfransda 800-dən çox məruzə dinlənəcək. Aprelin 24-də konfrans öz işini bölmələrlə davam etdirəcək. Yekun iclas isə aprelin 25-də olacaq.

Sonra tələbələrin çıxışları dinlənildi.

Pedaqoji fakültənin 411-ci qrup tələbəsi Ziba Nəcəfova “Gənclər siyasətinin inkişafında Heydər Əliyevin rolu”, həmin fakültənin 104-cü qrup tələbəsi “Keyfiyyətli təhsil və peşəkar müəllim inkişafı”, 335-ci qrup tələbəsi Gülüstan Kərimova “Nanotexnologiyaların tibbdə tədqiqi”, Filologiya və Jurnalistika fakültəsinin 213-cü qrup magistri İlahə Əhmədova isə “Bədii ədəbiyyatda postmodernizmin xüsusiyyətləri” mövzularında çıxış ediblər.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirir.

Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR