“İstehsalat qəzalarında milyonlarla bədbəxt hadisə baş verir”
Bizi izləyin

Qırmızı.az

“İstehsalat qəzalarında milyonlarla bədbəxt hadisə baş verir”

Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi» mövzusunda konfrans keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb:

“BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur”.

Nazir ölkəmizdə son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının 80 nəfərə yaxın olduğunu qeyd edib. Nazir respublikada işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarətinin son vaxtlarda xeyli gücləndirildiyini qeyd edib:

“Bu il işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Həmçinin bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə riayət edilməməsindən irəli gəldiyini qeyd edib: “Bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək çoxdur”.

F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq barədə də məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm