Qaynana gəlini dağladı
Bizi izləyin

Qırmızı.az

Qaynana gəlini dağladı

Qaynana gəlini dağladı

Bakının Xətai rayonunda iki ilin gəlini əri və qayınanası tərəfindən aylarla dəhşətli işgəncələrə məruz qalıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı sakini Aynur Yaqub qızı Əsgərova 2012-ci ilin mayında Murad Toğrul oğlu Əzimovla “şəriət nikahı” bağlayaraq ailə qurub. O, ər evinə köçəndən sonra dəhşətli işgəncələrə məruz qalıb. Murad Əzizov siqaret çəkəndən sonra kötüyünü Aynur Əsgərovanın bədəninə vurmaqla söndürüb.

Bundan başqa, Aynur Əsgərovaya qayınanası Kəmalə də işgəncə verməyə başlayıb. Murad Əzizov və anası Kəmalə hər gün gəlini döyüb, dəhşətli işgəncələr veriblər. Onlar Aynuru mütəmadi olaraq döyüb, ayrı-ayrı vaxtlarda bıçağı qaz sobasında qızdıraraq bədəninin müxtəlif yerlərinə dağ çəkib, günlərlə ac saxlayıb, mütəmadi olaraq nalayiq söyüşlər söyməklə onun şəxsiyyətini alçaldıblar. Əri və qayınanasının işgəncələrinə dözməyən Aynur Əsgərova ata evinə gedib. Bundan sonra onun işgəncələrə məruz qalması ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edilib. Şikayət əsasında araşdırma aparılsa da, Murad Əzizovun barəsində hər hansı bir tədbir görülməyib.

Bu barədə Teleqraf.com-a dəhşətli işgəncələrə məruz qalan gəlinin anası Pakizə Əsgərova deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin təhqiqatçısı İlham Rəsulov tərəfindən araşdırma aparılıb: “Qızımın xəsarətlərini müəyyən etmək üçün ekspertiza təyin edilib. Xətai rayon ekspertizasına getmişik. Bir neçə gün sonra təhqiqatçı zəng edərək, baş ekspertin yanına getməli olduğumuzu bildirdi. Təhqiqatçı bizi yanına dəvət etdi. O, bizi Şakir adlı ekspertin yanına apardı. Təhqiqatçı İlham Rəsulov qızımı içəri apardı, bir neçə dəqiqədən sonra özü də çölə çıxdı. Bundan sonra qızıma bir neçə həkim baxdı və toplanmış material istintaqa verildi. Daha sonra müstəntiq işi bir müddət uzatdıqdan sonra əsassız olaraq cinayət işi başlanmasını rədd etdi, materialı arxivə göndərdi”.

Pakizə Əsgərovanın sözlərinə görə, qızının çoxsaylı şikayətlərindən sonra yenidən istintaq başlanıb: “Bu zaman məlum oldu ki, qızımın məhkəmə-tibbi ekspertizasından keçməsi barədə qərara əsasən ekspertizadan keçməsi faktı gizlədilib. Məhkəmə-tibbi ekspertizanın rəyi alınaraq materiala əlavə edilməyib. Əslində isə işi araşdıran son müstəntiq Kamal Vəliyevin dediyinə görə, ekspertizadan rəy alınıb, lakin işə əlavə edilməyib. Ekspert rəyinin yoxa çıxması əsas gətirilərək, cinayəti törətmiş şəxsə qarşı cinayət işi başlanılması süründürülüb. Bu isə cinayətkara havadarlıq edilməsinin sübutudur.

Ekspertizanın rəyini gizlədərək cinayətkara havadarlıq edən şəxsin kimliyi aydınlaşdırılmayıb. Çoxsaylı şikayətlərdən sonra ekspertizanın rəyləri arxivdən təkrar çıxarılıb və 7 aydan sonra fakt üzrə cinayət işi başlanılıb”. Pakizə Əsgərovanın dediyinə görə, bıçağı qızdırıb Aynurun bədəninin hər yerini dağlamaqla onu əzablara düçar edən Murad Əzimov və anası Kəmalə barəsində cinayət işi başlamayıb: “Hüquq-mühafizə orqanları nədənsə bu işi araşdırmaqda acizdirlər. Şikayətlərimə baxmırlar".

Pakizə Əsgərovanın sözlərinə görə, qızı Əzimov Murad Toğrul oğlu ilə “şəriət nikahı” bağlayaraq ailə qurub: “Bu evlilikdən onların bir oğlan uşağı olub. Murad qızıma qarşı vəhşi hərəkətlər edir, hətta onun bizimlə görüşməsinə imkan vermir, hər gün döyür, söyür, olumazın işgəncələr verirdi. Evə mütəmadi olaraq başqa qadınlar gətirir, qızımı iyrənc hərəkətlərinə baxmağa vadar edirdi. Buna etiraz edəndə qızıma dözülməsi mümkün olmayan işgəncələr verirdi. Ayrı-ayrı ünvanlarda kirayənişin yaşayırdılar. Məndən ünvanlarını gizlədirdilər. Çox çətinliklə onların ünvanını öyrənə bildim. Həmin ünvana getdikdə dəhşətdən nə edəcəyimi bilmədim. Qızımın durumu ağır idi. Bədəninin hər qap-qara idi. Tanınmaz hala düşmüşdü. Mən qızımı həkimə aparmaq adı ilə evimə gətirdikdən sonra Xətai rayon Polis İdarəsinə şikayət etdim. Qızımın azyaşlı körpə uşağı Muradda qalıb. Uşaq doğulandan bu günə kimi onu heç bir həkimə göstərməyiblər, zəruri peyvəndlər belə edilməyib. Hətta uşağa doğum haqqında şəhadətnamə belə alınmayıb. Fakt olaraq bu gün uşağın da hüquqları Murad tərəfindən pozulmaqda davam edir. Mən lazımi sənədləri Bakı şəhəri, Yasamal rayon Qeydiyyat İdarəsinə təqdim etmişəm. Uşağın sağlamlığı barədə arayış təqdim edilməli olduğundan ona doğum haqqında şəhadətnamə verməkdən imtina edilib. Bundan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yazdığım şikayətlər nəticəsində uşaq Xətai rayonu 2 saylı uşaq poliklinikasına polisin gücü ilə aparılıb və qeydiyyata salınıb və nəhayət, şəhadətnamə ala bilmişik”. Onun sözlərinə görə, çoxsaylı şikayətlərdən sonra fakt üzrə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam edir: "Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb".

Ancaq Zərərçəkmiş həmin maddə ilə razı deyil. Pakizə Əsgərovanın sözlərinə görə, qızına edilən işgəncələr Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsinin tərkibini yaradır: “Qızımın bədəninin müxtəlif yerlərinə ayrı-ayrı vaxtlarda yetirilən xəsərətlər silinməz izlərdir. Bu ömrünün sonuna kimi onu müşayət edəcək, kompleks yaşadacaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm