• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəhid ailələrinə xoş xəbər

Şəhid ailələrinə xoş xəbər

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 4 rayonun sakinləri ilə görüşüb

Aprelin 25-də Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, ümumilikdə 80 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb. Müraciətlərdə imtiyazlı şəxslərin mənzil və minik avtomobilləri, sanator-kurort yollayışları, reabilitasiya vasitələri, bərpa-müalicə xidməti ilə təmin olunması məsələləri üstünlük təşkil edib. Əvvəlki dövrlərdən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı ilə bağlı müraciətlər kəskin şəkildə azalıb.

S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı imtiyazlı şəxslərin bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları ilə təmin olunması barədə tapşırıqlar verib. Nazir vətəndaşların diqqətinə çatdırıb ki, hazırda bu və ya digər sosial təminat növündən istifadə etmək üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi saytında təqdim olunur. Həmin sənədləri təqdim edən şəxslərin müraciətləri üzrə sosial təminatında heç bir problem yoxdur.

Qəbul zamanı aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququnun olub-olmamasının araşdırılaraq müvafiq qərar qəbul olunması, eləcə də əlillik qrupu almaq üçün müraciət edən şəxslərin əlillik vəziyyətinin müəyyən olunması tapşırılıb. Tapşırıqlarda vətəndaşların müraciətlərinə səhlənkar yanaşan əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi də əksini tapıb.

Nazir minik avtomobili ilə təmin olunmaq üçün müraciət edən şəxslərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, 2014-cü ilin əvvəlinədək növbədə olan vətəndaşların cari il ərzində avtomobillə tam təmin olunması üçün konkret işlərin görüldüyünü, təkcə bu ay ərzində həmin insanlardan artıq 300 nəfərinə avtomobil verildiyini bildirib. “Növbədə olan daha 375 nəfər əlilliyi olan şəxsə də yaxın aylarda minik avtomobilləri veriləcək. Biz indi müvafiq işləri görürük ki, növbədə olan Böyük Vətən müharibəsi və digər kateqoriyadan olan əlilləri də qısa müddətdə avtomobillə təmin edək”.

S.Müslümov əlil və şəhid ailələri üçün bir sıra bölgələrdə olduğu kimi, Ağdam və Bərdə rayonlarında da yeni çoxmənzilli yaşayış binalarının inşa olunduğunu deyib: “Artıq bu gün (25 aprel) Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasındakı mənzillər növbəlilik üzrə əlil və şəhid ailələrinə təqdim olundu. Digər binalardakı mənzillər də Nazirliyin rəsmi internet saytında təqdim olunan mənzil növbəliliyi siyahısı əsasında paylanacaq. Sonrakı mərhələdə isə biz şəhər yerlərində mövcud olan mənzil fondlarından əlil və şəhid ailələri üçün mənzillər alınıb verilməsi qaydasını tətbiq etməyi qərara almışıq. Belə yanaşma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün də məqsədyönlü olacaq”.

Qəbul zamanı Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR