Evləri var, xana-xana? - Yazıçıların mənzil qalmaqalı böyüyür
Bizi izləyin

Qırmızı.az

Evləri var, xana-xana? - Yazıçıların mənzil qalmaqalı böyüyür

Evləri var, xana-xana? - Yazıçıların mənzil qalmaqalı böyüyür

Yazıçıların mənzil qalmaqalı böyüyür

Azərbaycan Yazıçılar Birliyinə verilən 9 mənzildən 6-sı artıq satılıb. Evlər satıldıqca mənzillərin ətrafındakı söz-söhbət daha da alovlanır. Bu məsələdəki son durumu öyrənmək üçün siyahıda adı olanlara müraciət etdik.

Şair Xanəmir Telmanoğlunun sözlərinə görə, onlara təklif olunan qiymət sərfəli deyil: “ Əslində, mən əvvəlcədən mənzillərin bu cür bölünməsinə razı deyildim. Dostlar dedilər ki, 35 nəfər razıdır, bir nəfərin etiraz etməsi düz çıxmır. Dostların xətrinə razı oldum. İndi də bütün evlərin bir nəfər tərəfindən alınması ilə bağlı fikirlər var.

Hamı tez-tələsik evlərini satmağa çalışır. Bizə 100 min manat təklif edirlər. Bunu 4 nəfərin arasında böləndə çox kiçik məbləğ alınır. Bu vaxta qədər satılanlar da təxminən bu qiymətə satılıb. Bir evin 4 nəfər arasında bölünməyi qətiyyən sərfəli deyil”.

X.Telmanoğlu Yazıçılar Birliyinə məsələ ilə bağlı müraciət etdiyini dedi: “Anar müəllimin köməkçisi Rauf Aslanov heç nə edə bilmədiklərini dedi. Hətta biz evi almaq üçün tanış adamlar da göndərdik, amma tikinti şirkəti tərəfində onlara qarşıdakı binadan ev almaq məsləhət görüldü. Qonşu binalarda isə evlər 250 min manatdır, bizə deyilən məbləğ ondan iki dəfədən də azdır”.

“Adama əlli min manat düşsə...”

Tənqidçi Əsəd Cahangir də qiymət məsələsinə görə evi satmağa razı deyil: “Kommersiya məsələsi olduğuna görə, təklif olunan qiyməti açıqlaya bilmirəm, amma həmin məbləğ bizi qane etmir. Daha sərfəli qiymətə satmaq istəyirik, ona görə də payıza qədər gözləyəcəyik. O vaxta qədər evin tikintisi tam başa çatacaq, Həm də qiymətlər gündən-günə qalxır, “Sovetski”dəki söküntülər də qiymətlərə təsir edəcək. Hazırda təklif olunan qiymətə normal ev ala bilmərik. Adama 50 min manat düşsə, bu sərfəli olar”.

Binanın konkret bir şəxs tərəfindən alınması ilə bağlı iddialara gəldikdə isə Ə.Cahangir bu fikirlə razılaşmadı: “Evi satmadığıma görə, dəqiq deyə bilmərəm. Amma bu fikir inandırıcı deyil. Çünki satılan mənzillərdən birini Yazıçılar Birliyinin üzvü, digərlərini isə başqaları alıb. Şirkət sahibi tərəfindən evlərin başqalarına satılmasına icazə verilməməsi düzgün deyil. Həm Yazıçılar Birliyindən, həm də tikinti şirkətindən evin daha yaxşı qiymətə satılması üçün bizə köməklik göstərirlər. Özüm də “makler”ə müraciət etmişəm, amma onların təklif etdikləri qiymət az olub”.

Şaiq Vəlinin bacısı: “25 minə də razıyıq”

Ötən il vəfat etmiş şair Şaiq Vəlinin bacısı Bahar Mürsəlova sonuncu dəfə mart ayında Yazıçılar Birliyinə ev məsələsi ilə bağlı müraciət etdiyini deyir: “Orada Elçin Hüseynbəyli ilə görüşdüm, o, satış olarsa, Şaiqin uşaqlarına düşən payın veriləcəyini dedi. Bizdə olan məlumata görə, həmin ərazidəki evlərin qiyməti 160 min manatdır. Amma bizə 100 min təklif edirlər. Bizimlə birlikdə evə ortaq olanlar isə bu qiymətlə razılaşmır”.

Bahar xanım uşaqlara düşəcək 25 min manatla razılaşdığını dedi: “İndi uşaqlar elə haldadır ki, o qiymətə razılaşmaqdan başqa yolumuz yoxdur. Uşaqlar küçədə qalıb. Həmin pulla bacımın Sumqayıtdakı torpaq sahəsində ev tikib, böyük oğlunun adına keçirmək istəyirik. 25 minə ev almaq onsuz da çox çətindir. Amma mərkəzdə bir yerdə evin satışının bu qədər gecikməsi, mümkün deyil. Bu qədər aşağı qiymətin təklif edilməsi də inandırıcı deyil”.

Masazırda birotaqlı təmirsiz ev

Evini bir müddət əvvəl satan İlham Qəhrəman deyir ki, onlara çatan qiymətlə ancaq Masazırda bir otaqlı, təmirsiz ev ala bilər. O, evin satış qiymətini açıqlamaq istəmədi: “Pulu hələ ki, saxlayıram, oğlum hərbi xidmətdədir, gəlsin, sonra nə edəcəyimizi düşünəcəyik. Bizim istədiyimiz qiymətə müştəri oldu, amma tikinti şirkəti qoymadı satmağa, məcbur elədilər ki, onların müəyyən etdiyi qiymətə sataq. Bizə dedilər, daha yüksək məbləğə satılsa, o zaman ƏDV ödəməliyik. Məsələn, 150 minə satılan evə görə, 27 min ƏDV ödəməli idik. Amma bu məbləği kimin alacağını, bu qərarı kimin verdiyini bilmirdik.

Razı olmasaq da, satmağa məcbur idik. Çünki qalanlara da istədikləri qiymətə satmağa qoymurlar. Biz binaya müştəri apardıq, onlara dedilər ki, bina satılmır, söküləcək. Belə bəhanələr gətirdilər, biz də məcbur qaldıq”.

“İstəsələr, 10 il sonra da sata bilərlər”

Azərbaycan Yazıçılar Birliyində ev bölgüsü ilə bağlı yaradılmış Komissiyanın sədri Rauf Aslanov ev siyahısında olan, lakin rəhmətə getmiş bütün yazıçıların ailələrinə çatan pulun mənzil satıldıqdan sonra veriləcəyini dedi: “Rəhmətə getmiş şəxslərin ailələrində sonradan ailədə problem yaşanmaması üçün vərəsəlik bizə təqdim edilir. Həmin sənədə əsasən, pulun kimə veriləcəyi müəyyənləşir.

Satmaq istəməyənlərə gəldikdə, onlar evlərin qiymətinin qalxmasını gözləyirlər. Tikinti şirkətinin satışa mane olması barədə bizə məlumat verilmişdi. Şirkət mənzillərə görə ƏDV ödənilməsi məsələsini qaldırmışdı. Biz Vergilər Nazirliyinə müraciət etdik. Bu razılıqla bağlı sənəd də bizdə var. Tikinti şirkətinin evi özünün almaq istəyi barədə də məlumatlar var. Bu da normaldır, amma heç kim onları məcbur edə bilməz. İstəsələr, 10 il sonra da sata bilərlər. Yazıçılar Birliyinin isə bu məsələyə müdaxilə etməsi mümkün deyil. Biz yalnız evlərin sənədləşmə işinə baxırıq”.

Qeyd edək ki, bu mənzillər AYB-yə “Abidə” MTK şirkəti tərəfindən verilib. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadratmetr olmaqla iki otaqdan ibarətdir. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Ona görə də mənzillər satışa çıxarılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm