“Azərbaycan onu fikirləşmədi ki, bu ABŞ və NATO-nun xoşuna gəlməyə bilər” - Müsahibə
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan onu fikirləşmədi ki, bu ABŞ və NATO-nun xoşuna gəlməyə bilər” - Müsahibə

“Azərbaycan onu fikirləşmədi ki, bu ABŞ və NATO-nun xoşuna gəlməyə bilər”- Müsahibə

Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. Azərbaycan Prezidenti plenar iclasda çıxışında bildirib ki, bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam, cavabınızı verəcəyəm”.

Publika.az – a müsahibəsində Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli Azərbaycan və Ermənistan dövlət başçılarının çıxışlarını dəyərləndirib.

-Elman müəllim, Ermənistan prezidentinin çıxışının məzmumu sammit tarixinin qondarma erməni soyqırımının qeyd olunduğu 24 aprel tarixi ilə üst-üstə düşməsindən irəli gəlirdi, yoxsa burada başqa məqamlar var?

-Ermənistan prezidenti onun fərqindədir ki, onun ölkəsində nüfuzu və sosial bazası yox dərəcəsindədir. Əhalinin sosial problemlərdən diqqətini yayındırmaq üçün isə müxtəlif üsullardan istifadə edilir. Bu üsullardan biri də qondar “erməni soyqırımı” iddialarıdır. Sammit tarixi də qondarma soyqırımın qeyd olunduğu tarixə təsadüf etdiyindən bundan maksimum faydalanmaq və özünü qəhrəman kimi təqdim etmək istəyirdi. Buna görə də sərhədləri açmadığına və qondarma “soyqırım”ı tanımadığı üçün Türkiyəni ittiham etməyə başladı. Cənab prezidentimiz İlham Əliyev isə Serj Sarkisyana lazımı cavabını verdi, onu layiqincə tənqid etdi. Azərbaycan prezidenti Ermənistan-Türkiyə sərhədlərinin də hansı səbəbdən bağlı olduğunu aydın şəkildə həm Sarkisyanın, həm də sammitin digər iştirakçılarının diqqətinə çatdırdı. Cənab prezident Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu.

-Cənab prezident çıxışında bildirdi ki, Azərbaycan xalqı Ermənistana niyə sanksiyaların qoyulmadığını, Avropa Şurasındakı Ermənistan nümayəndə heyətinin səsvermə və söz hüququndan niyə məhrum edilmədiyini soruşur. Xatırladaq ki, bir müddət əvvəl Rusiya Krım ilhaqına görə, Avropa Şurasında eyni vəziyyətlə qarşılaşıb. Demək olarmı ki, dövlət başçısı ölkəmizin siyasətinin müstəqil olduğunu və işğalçının kim olmasından asılı olmayaraq cəzalandırılmasının vacib olduğunu bildirmək istəyir?

-Bəli, cənab prezidentin çıxışındakı bu məqam çox əhəmiyyətli idi. Bu mövqeyin əhəmiyyəti həm də ondan ibarət idi ki, bu yaxınlarda Krımın ilhaqına görə, Rusiyanın Avropa Şurasındakı nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilib. Bu reallıq var. Yəni, bir ölkəyə işğalçı siyasətinə görə, Avropa Şurasında sanksiya tətbiq edilirsə, səsvermə və söz hüququndan məhrum edilirsə, digər bir işğalçı ölkəyə eyni münasibət niyə göstərilmir? Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycanın siyasəti müstəqil siyasətdir, biz heç bir dövlətin və təşkilatın təzyiqləri altında addımlar atmırıq. Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyən dövlətlər sırasındadır və bu mövqeyi Avropa Şurasında da göstərdi. Bu bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasət yürüdür. Biz 2008-ci ildə də analoji vəziyyətlə qarşılaşmışdıq. Kosova müstəqilliyini elan edəndə onun müstəqilliyini nəinki tanımadıq, eyni zamanda sülhməramlı qüvvələri oradan çıxardıq. Halbuki, Kosovanın müstəqilliyini ABŞ və NATO dəstəkləyirdi. Yəni, Azərbaycan onu fikirləşmədi ki, bu hərəkət ABŞ və NATO-nun xoşuna gələcək, ya gəlməyəcək. O mövqedən çıxış etdik ki, bu Azərbaycanın milli maraqlarına xidmət edir. Bütün dövlətlər də fərqində olmalıdır ki, Azərbaycan yalnız özünün milli maraqlarına uyğun gələn siyasət aparır.

-Azərbaycan prezidenti, bir Avropa paytaxtında etdiyi çıxışında qitə ölkələrini ittiham etdi ki, qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar…

-İşğalçı tərəfə bu cür loyal münasibət nəticə etibarilə regionda təhlükəsizlik mühitinin son dərəcə kəskinləşməsinə çıxarır. Separatçı rejimə vizalar verilərsə, xarici ölkələrin nümayəndələri Dağlıq Qarabağa gəlirsə, onlarda belə bir inam yarana bilər ki, prinsip etibarilə hər şey mümkündür. Onlarda belə bir inam yaranır ki, beynəlxalq hüquqa zidd olub, dövlətin ərazi bütövlüyünü pozub fəaliyyət göstərmək mümkündür. Nəinki mümkündür, hətta beynəlxalq birliyin legitim dövlətləri kimi onlar da viza ala bilir. Belə bir halda separatçı rejim cəzasızlıq mühitində olduğunun fərqində olur və cinayətkar əməllərin sayı daha da artır. Ona görə də beynəlxalq birliyin üzərinə böyük məsuliyyət düşür və cənab prezidentin çıxışındakı bu məqam xüsusi əhəmiyyət daşıyırdı.

-Cənab prezidentin bu çıxışı, Azərbaycan-Türkiyə münasibətlərində hansı bir məqamları bir daha göztərmiş oldu?

-Bu çıxış bir daha göstərdi ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlığı, qardaşlığı yalnız sözə əsaslanmır, eyni zamanda real işdə öz təsdiqini tapır. Bu bir daha göstərdi ki, dostluğumuz möhkəmdir. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu cəsarətli addımı Türkiyə mətbuatında çox yüksək qiymətləndirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm