• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Sarkisyanın kabineti Azərbaycan tərəfindən izlənilir” – SENSASİYA - MÜSAHİBƏ

“Sarkisyanın kabineti Azərbaycan tərəfindən izlənilir” – SENSASİYA - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərovun Publika.az-a müsahibəsi:

- Ziyafət müəllim, Avropa Birliyinin “Şərqi Tərəfdaşlığı” proqramının Praqa sammitində Prezident İlham Əliyevin ötən gün etdiyi çıxışı və Serj Sarkizyana tutarlı cavabı Türkiyə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bu barədə sizin də fikirləriniz maraqlı olar...

- Ermənilərin bütün türk dünyası ilə münasibətləri tarixindən danışarkən, ilk növbədə ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox vaxt ərzində törətdiyi soyqırımı aktlarından danışmaq lazımdır. Bura 1905-1906, 1918-1920, 1948-1953-cü illər və 1988-ci ildən bəri törədilən soyqırımılar daxildir. Yəni, 19-cu əsrdən bu yana 200 il ərzində ermənilər türklərə və azərbaycanlılara qarşı hər zaman soyqırımılar törədiblər.

İndi də Ermənistan rəhbərinin gündəlikdən kənar və Türkiyənin burada olmamasından sui-istifadə edərək ermənilərin qondarma soyqırımı məsələsinin Praqa sammitində qaldırılması Serj Sarksiyanın söylədiyi cəfəngiyatdan başqa bir şey deyil. Sarksiyan hesab edirdi ki, Türkiyə sammitdə yoxdur və bundan istifadə edib tədbirdə iştirak edən dövlət başçılarını çaşdıra biləcək. Ancaq Sarksiyan anlamırdı ki, həmin sammitdə Türkiyənin yaxın dostu və qardaşı olan Azərbaycan prezidenti də əyləşib və cənab prezident İlham Əliyev də Serj Sarkisyana çox layiqli cavab verdi. Həqiqətən bir daha sübut olundu ki, Ermənistan qondarma soyqırımı iddiaları ilə bağlı tarixi faktların araşdırılmasında maraqlı deyil. Cənab prezident İlham Əliyev Praqa sammitində doğru vurğuladı ki, əgər Ermənistan bu məsələnin aydınlaşmasında maraqlıdırsa, o zaman nə üçün Türkiyənin təşəbbüsünə cavab vermədi? Çünki Türkiyənin baş naziri Cənab Ərdoğan hələ bir neçə il bundan əvvəl bəyan etdi ki, biz arxivləri açmışıq, Ermənistanın, Türkiyənin və beynəlxalq komissiyalar bu məsələni birgə araşdırsın. Ancaq Ermənistan bunda maraqlı deyil. Çünki arxiv araşdırılsa, tamam başqa mənzərə ortaya çıxacaq və beynəlxalq komissiya da görəcək ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb.

Çox təəssüf ki, “soyuq müharibə” dövründə ermənilər sui-istifadə edərək dünyanı aldada və qondarma soyqırımı ilə bağlı aktları dünyanın bəzi ölkə parlamentlərində qəbul etdirə biliblər. Ancaq reallıq və fakt odur ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Əksinə, son 200 il ərzində azərbaycanlılara və türklərə qarşı ermənilər tərəfindən soyqırımı aktları törədilib. Əslində, Sarkisyan orada azərbaycanlılara qarşı törədilmiş soyqırımılara görə, xüsusilə, 1918-1920-ci illərdə və Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməli və bu soyqırımıları tanımalı idi.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin də ötən gün Praqada Serj Sarkisyana bu tutarlı və ardıcıl cavabı bir daha sübut etdi ki, həqiqətən Azərbaycan və Türkiyə qardaş və dost dövlətlərdir. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanında olacaq.

- Ötən gün İrəvanda qondarma soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə çıxışı zamanı erməni yazar Aykazn Qaqriyan deyib ki, Serj Sarkisyan Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktoru Qorik Akopyana xüsusi tapşırıq verib. Buna münasibətiniz necədir?

- Serj Sarkisyanın bu tapşırığının çox sadə izahı var. Əslində, mən burada qeyri-adi heçnə görmürəm. Çünki həm Ermənistan, həm də onun prezidenti Sarkisyan mahiyyətcə terrorçudur. Biz hər zaman demişik, indi də bəyan edirik ki, Ermənistan mahiyyət etibarı ilə terrorçu dövlətdir. Təbii ki, bu terrorçu dövlətin başında da terrorçu prezident oturub. Ona görə də Ramil Səfərovun öldürülməsi ilə bağlı belə bir tapşırığın verilməsi terrorçunun xislətinə xas olan məsələdir. Sadəcə, bunu bir daha dünya görsün ki, Ermənistan prezidenti nə ilə məşğul olur. Mən Ermənistana dövlət deyə bilmirəm. Ermənistan dövlət deyil, terrorçu qurumdur, onun başında da Sarkisyan kimi cəllad və terrorçu oturub.

Ermənistan rəhbərliyi, o cümlədən prezidenti yaxşı bilməlidir ki, bu gün Azərbaycan dövləti 90-cı illərin əvvəllərində olan ölkə deyil. Bu gün Azərbaycanın güclü diplomatiyası var. Çünki hər bir siyasətdə də güc faktoru olmalıdır.

Cənab Prezident İlham Əliyevin dünənki çıxışı da bunu bariz şəkildə göstərdi. Bu gün Azərbaycan çox güclü dövlətdir, onun güclü ordusu var və Azərbaycanla artıq başqa dildə danışmaq mümkün deyil.

Serj Sarkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir. Sarkisyan bunu bilməlidir və nəzərə almalıdır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR