SOCAR Rumıniyada yeni yanacaq doldurma məntəqələri açır
Bizi izləyin

Qırmızı.az

SOCAR Rumıniyada yeni yanacaq doldurma məntəqələri açır

SOCAR Rumıniyada yeni yanacaq doldurma məntəqələri açır

"Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təhlükəsizliyinin təmin olunmasında birgə əməkdaşlıq edəcək".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib.

Onun sözlərinə görə, indi Azərbaycan dünyanın enerji sektorunda əsas oyunçu və neft ixracatçısına çevrilib. O deyib: "Hazırda Cənubi Qafqaz regionunda reallaşdırılan enerji layihələrini Azərbaycansız təsəvvür etmək çox çətindir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırmaqla Azərbaycan Avropa ölkələrinə bir daha etibarlı tərəfdaş olduğunu sübut etməkdədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də TAP, TANAP və digər iri layihələrin reallaşdırılmasına - enerji nəqliyyat infrastrukturuna ilbəil milyardlarla dollar sərmayə yatıran dünyada çox az sayda olan şirkətlərdən biridir".

H.Kərimov qeyd edib ki, Xəzər dənizi və Qara dəniz bölgəsində baş vermiş son geosiyasi dəyişikliklər, eləcə də regionun enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Azərbaycan, Türkiyə və Rumıniyanın enerji rəsmiləri və nümayəndələri arasında müzakirələr aparılıb: "Həyata keçirilən və nəzərdə tutulan bütün layihələr - müvafiq olaraq TAP, TANAP, Cənub dəhlizi və digər öhdəliklər 3 ölkə - Azərbaycan, Türkiyə və Rumıniya arasında əhəmiyyətli iqtisadi baza yaradır. Ötən ilin yayında Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdıracaq yeni kəmər - TAP layihəsi seçilib. TAP vasitəsiylə Xəzər regionunun mavi yanacağı Yunanıstan və Albaniya ərazisindən keçməklə, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna ordan da Qərbi Avropaya çıxarılacaq. Tikintisi 2015-ci ildə başlanacaq kəmərin illik gücü 10 mlyd kubmetr qaz olacaq. Gələcəkdə kəmərin Balkan ölkələrinə və Rumıniyaya genişləndirmək, eləcə də AGRİ layihəsinin reallaşdırılması Azərbaycan qazının Rumıniya və Mərkəzi Avropa ölkələrinə nəqlinə imkan verəcək.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsilə Avropanın enerji xəritəsi dəyişilib.

Trans- Anadolu qaz kəməri (TANAP) ARDNŞ-nin Türkiyədə ən böyük investisiya və strateji layihələrdən biridir. TANAP Türkiyə ərazisi ilə Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən mühüm və tarixi layihədir. 2018-ci ildə istismara veriləcək boru kəmərindən ildə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Nəql edilən qazın 6 milyard kubmetri Türkiyəyə, qalan isə Avropa bazarlarına çatdırılaraq satılacaq. 2008-2018-ci illər ərzində "SOCAR TANAP" layihəsi də daxil olmaqla Türkiyəyə təxminən 18 milyard dollarlıq sərmayə yatıracaq.

Fəaliyyət göstərdiyi 7 il ərzində ARDNŞ-nin Rumıniya nümayəndəliyi bu ölkənin bazarında da aktiv fəaliyyət göstərir. Hazırda ARDNŞ Rumıniyada 50 mln avro sərmayə ilə paytaxt Buxarest də daxil olmaqla 27 yanacaq doldurma məntəqəsi (YDM) istifadəyə verib, 400-ə yaxın yeni iş yeri açıb".

Şirkət rəsmisi deyib ki, yaxın zamanlarda ARDNŞ stansiyalarına Rumıniyanın bütün regionlarinda görmək olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm