İş saatı və günləri azalacaq
Bizi izləyin

Qırmızı.az

İş saatı və günləri azalacaq

İş saatı və günləri azalacaq

Türkiyə işçilər üçün yeni iş qrafiki tətbiq ediləcək.Qanunda edilən sonuncu dəyişikliyə əsasən, həftədə 5 yox, 3 günlük, gündəlik isə yarım günlük iş rejimi tətbiq ediləcək.

Buna səbəb ölkədəki bələdiyyələrin birində işçilərin 70%-nin evdən işləməsi və bunun iş prosesinə mənfi təsir etməməsidir. Bundan başqa, təqaüdə çıxan insanlarda psixoloji problemlər yaranmaması, evdə olmağa daha tez uyğunlaşmaları üçün də iş saatının azaldılması daha məqsəduyğun hesab edilir. Həmçinin uşaqlı analar 2 il müddətində evdə oturub, işsiz qalırlar. Yeni qaydalara əsasən, o evdə həftədə 3 gün, yaxud gündə 4 saat işləyə biləcək.

Bəs yeniliyi ölkəmizdə tətbiq etmək olarmı?

Evdən işləmək məsələsi bir çox iri şəhərlərdə tətbiq olunur. Bu həm də şirkət və dövlət müəssisələrini geniş ofis problemindən xilas edir. Özəl şirkətlər üçün bu həm də daha az kirayə ödəmək, kommunal xidmətlərə daha az xərc çəkmək kimi üstünlüklər yaradır. Bu qayda həm də tıxac problemini də müəyyən qədər həll edir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədovun sözlərinə görə, Türkiyədə tətbiq edilməsi planlaşdırılan məsələ çevik iş qrafikinə uyğundur. Onun sözlərinə görə, ölkə Konstitusiyasında , iş vaxtı gün ərizində 8, həftədə 40 saatdan çox olmamalıdır. Bu çərçivədə işəgötürənə sərbəstlik verilir. Iş növbəli, vaxt sistemi ilə, yaxud çevik iş qrafiki ola bilər. Hazırda çevik iş qrafiki jurnalistlər üçün tətbiq edilir. Onlar səhər saat 9:00-da işə gəlmək, konkret saatda nahar etmək, işdən 6:00-da getmək məcburiyyətində deyil. S.Məmmədov bu sistemin ölkəmizdə də tətbiqinin mümkün olduğunu dedi: “İşəgötürən hesab etsə ki, işçinin evdə yaxud ofisdə işləməsi arasında fərq olmur, o zaman sərbəst iş qrafiki tərtib edə bilər. Bu qanunla qadağan edilmir. Iş günlərinin azaldılması, proporsional olaraq əmək haqqının da azaldılmasına təsir edəcək. Yaxud işçinin yarım günlük işi lazımdırsa, işəgötürən müqaviləni həmin saata uyğun bağlayır. Avropa ölkələrində iş saatının azaldılması istiqamətində iş aparılır, lakin əmək haqqının yüksək faizi qalır. İndiki durumda ölkəmizdə bunun tətbiqi sərfəli olmasa da, işçinin nə qədər əməyi lazımdırsa, ona uyğun müqavilə bağlana bilər. Məsələn, xadimələr yarım gün işləyə bilər, bəzi sahələrdə işin evdə görülməsi mümkündür”.

Onun sözlərinə görə, əsasən, yaradıcılıqla məşğul olanlar, dispetçer xidməti göstərənlər evdə işləyə bilər: “Hesabat hazırlayanlar, hüquqi işləri görənlər evdən işləyə bilər. İndi bu cür iş qrafiki əmək müqaviləsi yox, mülki hüquqi müqavilələrlə tənzimlənən fəaliyyətdə özünü göstərir. Məsələn, ekspertlər bir neçə təşkilatla işləyir, lakin heç birinin ofisinə getmədən materialları hazırlayır, internet vasitəsilə göndərir. Ödəniş də bank hesabına köçürülür, muzdlu işdə də bunu tətbiq etmək olar. Jurnalistlər də eyni vaxtda bir neçə KİV-lə əməkdaşlıq edir, iş yerinə getməyə ehtiyac qalmır”

S.Məmmədovun sözlərinə görə, bu həm də işəgötürənlər üçün də sərfəli olacaq.İşçilərin az olması, otaq sayının az olması deməkdir ki, bu da kirayə puluna təsir edir. Həmçinin ofisdə daha az enerji istifadə olunacaq. O, bu cür işlər əlilliyi olan şəxlər, uşaqlı analar və ahıllar üçün işləmək imkanı yarada biləcəyini dedi:“Bu insanlar əmək bazarını tərk etmədən çalışa biləcəklər. İndi bir çox müəssisələr əlilliyi olan şəxslər üçün rahat deyil. Həmçinin uşaqlı analar da, müəyyən müddət işdən uzaqlaşa bilirlər. Çünki dövlət də qadınların əmək bazarına cəlb edilməsində maraqlıdır. Işləmək qabiliyyəti olan ahıllar da bu formada çalışa bilər. Önəmli olan bu insanların işinin tələblərə uyğun olmasıdır”

Iqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, sovet dövründə də 16-18 yaş arasındakı əmək qabiliyyətli əhali üçün iş vaxtı daha az idi. Onlar eyni əmək haqqı alsalar da, daha az işləyirdilər: “İndi də bu qaydanı xüsusi imtiyazlı təbəqə üçün tətbiq etmək imkanı daha uyğundur, nəinki bütün əhali üçün. Çünki elə işlər var ki, gündə 8 saat işləsən də bitirmək olmur. Amma bir neçə saat işlədikdən sonra yorulurlar, davamlı işləmək qabiliyyətləri olmayanlar yarım gün işləyə bilər. Sosial statusa, yaşa, iş şəraitinə uyğun olaraq, əmək qabiliyyəti məhdud olan təbəqə üçün tətbiq etmək məqsədə uyğun olardı. Bu əmək məhsuldarlığının artırılmasına təsir göstərə bilər”.

Ekspertin sözlərinə görə, yanaşma sosial qruplar üçün tətbiq edilsə, əmək haqqına fərq qoyulmamalıdır. Q.İbadoğlu bu qaydaların tıxac vəs məsələlərinin də həllinə təsir edəcəyini bildirdi. Çünki dünyada bir çox iri şəhərlərdə iş saatları müxtəlif olur, bu da tıxacları, sıxlığı azaldır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm