• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əli bəy Hüseynzadə və türk dünyası

Əli bəy Hüseynzadə və türk dünyası


“Türkçülük türk millətini yüksəltmək deməkdir”

Əli bəy Hüseynzadə


Azərbaycan tarixində özünəməxsus və unudulmaz yer tutan, əvəzsiz, misilsiz, danılmaz və ədəbiyaşar xidmətləri ilə adı və xatirəsi daim əbədiləşdirilən şəxslərdən biri də məhz Əli bəy Hüseynzadə olub. Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Əli bəy XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-islam dünyasının yetirdiyi nadir şəxsiyyət, dahi mütəfəkkir, bənzərsiz fikir adamı, böyük maarifçi və ictimai xadim kimi tanınıb. Dilçi, publisist-jurnalist, rəssam, həkim, şair, alim, tərcüməçi, pedaqoq-müəllim, musiqiçi, filosof, ədəbiyyat tənqdiçisi və ideoloq-ensiklopedist sima olan Ə.Hüseynzadə çoxcəhətli fəailyyəti ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyəti tarixində önəmli yer tutub və fəaliyyət göstərdiyi sahələrin hər birində özünəməxsus iz qoyub. Həyatının 33 ilini vətəni Azərbaycanda, 43 ilini Türkiyədə keçirən Əli bəy həmçinin Azərbaycanda milli özünüdərk prosesinin, türkçülük ovqatının yüksəlməsində böyük rolu olan, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının, “Füyuzat” ədəbi məktəbinin banisi olub. Türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında türkçülük ideyalarının banisi Əli bəy həyatı boyu türkçülüyə xidmət etmiş və türkçülüyü ideologiya səviyyəsinə qaldırmış böyük bir şəxsiyyət olub. Onun dillər əzbəri olan “Türkçülük türk millətini yüksəltmək deməkdir” şüarı da türklük duyğusunun yüksəlişində böyük xidməti olan Əli bəyin türk dünyasına nə qədər bağlı olmasından xəbər verir.

Qeyd edək ki, Ə.Hüseynzadənin yaradıcılıq və fəaliyyəti çox məşəqətli dövrləri əhatə edib. Məsələn, Əli bəy 1903-cü ildə Azərbaycana gələndə Qafqazda milli duyğuların çox zəif olduğu bir mərhələ yaşanırdı. Həmin dövrlərdə Rusiya dövləti Osmanlı dövlətinə qarşı Azərbaycan türklərindən istifadə etməyə çalışırdı. O zamanlar Bakıdakı vəziyyətin ağırlığı və çarizm tərəfindən qızışdırılan ermənilər tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımları ziyalılar arasında həmrəyliyin lazımi səviyyədə olmamasını üzə çıxarmışdı. Ona görə də Əli bəy özünün əsas vəzifəsini xalqı həmrəyliyə və birliyə səsləyən milli ruhlu məqalələr yazmaqda görürdü. Bu məqsədlə Ə.Hüseynzadə Bakıda rus dilində nəşr edilən “Kaspi” və digər qəzetlərlə əməkdaşlıq etməyə başladı. Əli bəy özü ilə türklük ruhu gəzdirir və öz yazıları ilə bu ruhu hər bir türk övladında oyandırırdı. 1881-ci ildə rus dilində nəşrə başlayan “Kaspi” həmin dövrdə rus dilində təhsil alan azərbaycanlı ziyalıların qismən də olsa milli ruhda köklənməsində müəyyən rol oynayırdı.

Ə.Hüseynzadə redaktorluq etdiyi “Kaspi”də yazdığı məqalələrdə türkçülük ideyalarının təbliğini önə çıxarırdı. O, cəsarətlə çarizmin milli xalqları ətalət və əsarət altında saxlamasını ifşa edirdi. Bu baxımdan “Kaspi”də onun dərc etdirdiyi “Gənc türkçülük nədir?” adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb olaraq, müəllifinə böyük şöhrət gətirdi. Əli bəy bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə bildi. Sonra Bakıda “Kaspi” mətbəəsində ana dilində çap edilən “Həyat” qəzetində, daha sonra isə “Füyuzat” jurnalında redaktorluq edən Ə.Hüseynzadə türk xalqlarının problemlərini mətbuat vasitəsilə həll etməyə çalışırdı. Onu da bildirək ki, türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında ilk dəfə “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” ideyasının əsasını qoyan Əli bəyin rəhbərlik etdiyi “Füyuzat” jurnalı XX əsrin əvvəlində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə, Azərbaycanın özünüdərk aktı və faktı kimi daxil oldu və xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə etdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkilində və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında və jurnalistikanın ictimai fikir tribunasına çevrilməsində əvəzsiz xidmətlər göstərən milli mətbuat nümunələrindən biri olan “Füyuzat” jurnalı dili və üslub keyfiyyətləri ilə ədəbi dil tariximizdə mütərəqqi rol oynadı. Ə.Hüseynzadə bütün fəaliyyəti boyu və xüsusilə də “Füyuzat” jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət etdi.
Azərbaycanda yaşadığı 1903-1910-cu illər arasında müxtəlif qəzetlərdə yazıları və 1906-1907-ci illərdə nəşr etdiyi “Füyuzat” məcmuəsiylə bütünləşən Ə.Hüseynzadənin yazıları, söhbətləri və müəllimliyi yeni Azərbaycan türk nəslinin ədəbi və fikri inkişafını çox dəyişmiş oldu.

Həmin dövrlərdə türkçülüyün gələcəyi üçün cəhalət və dini təəssüb ən böyük fəlakətlərdən biri idi. Ona görə də Əli bəy öz yazıları və təsirli çıxışları ilə dini təəssübün, sünni-şiə çəkişmələrinin aradan qalxmasında və xalqın mədəni səviyyəsinin yüksəlməsində mühüm rol oynadı, əvəzsiz xidmət göstərdi. Üstəlik, Ə.Hüseynzadənin türkçülük ideyaları Türkiyədə “İttihad və tərəqqi” partiyasının, Azərbaycanda isə Müsavat hökumətinin yaranması ilə nəticələndi. XX əsrin əvvəlində Azərbaycan dili sürətlə İstanbul türkcəsinə yaxınlaşırdı və bu prosesdə Əli bəyin redaktoru olduğu “Həyat” qəzeti və “Füyuzat” jurnalı, onun idarə etdiyi Füyuzat Darülmüəlliminin tələbələri fəal iştirak edirdilər. “Füyuzat”da “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” yazan Əli bəyin bu uzaqgörən çağırışı tarixin müxtəlif dövrlərində hərbi və ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Ə.Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etməyi özünə şərəf bilirdi. O, “Füyuzat” jurnalın səhifələrində türk dillərinin quruluşu, keçmişi, bu günü, gələcəyi, xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezi və sair məsələləri daim işıqlandırırdı.

Əli bəy jurnalistlik və publisistlik fəaliyyəti boyu və xüsusilə də “Füyuzat” jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət etdi, mənsub olduğu xalqın hüquqlarını müdafiə edən maraqlı yazılarla tanındı. O, həmişə türk xalqlarının gələcək taleyinin onların ədəbi dilindən xeyli dərəcədə asılı olduğunu göstərərək dil qaydı və problemlərinin həlli yollarını göstərdi və bunun üçün konkret faktlarla fikirlərini əsaslandırdı. Əli bəy redaktoru olduğu “Həyat” və “Füyuzat” mətbu orqanlarının dili ilə ümumtürk dilinin mümkünlüyünü sübut etdi. Ə.Hüseynzadə irəli sürdüyü dil birliyi probleminin aktuallığını ziyalıların şüuruna yeridir, türk soylu xalqların assimliyasiyasının, dilinə təcavüzün acı nəticələrini əvvəldən görürdü. Əli bəyin ensiklopedik fikirlər mənbəyi olan “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsərində türk xalqları haqqında irəli sürülən etimoloji fikirlər, məsələlərə dilçi, tarixçi, coğrafiyaçı kimi hərtərəfli münasibət heyranedici səviyyəsi ilə diqqəti cəlb etmişdi. “Türkün türkü anlamaması onun faciəsidir” deyən Ə.Hüseynzadə türk mətbuatının dilinin asanlaşmasında, türklərin bir-birini anlamasında mətbuatın elmlərə ciddi əhəmiyyət verməsini istəyirdi. Onun “Həyat”da işıq üzü görən türklərin irq və dillərinin tədqiqinə həsr edilmiş monumental əsəri olan “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı yazısı, “Yazımız, dilimiz”, “İkinci ilimiz” adlı məqaləsi soy-kökünü yüksək qiymətləndirən, ona son dərəcə sadiq olan əsil dilçi fikirlərinin mənbəyidir.

Əli bəy “İttihad və tərəqqi” tərəfdarı idi. Onun “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” prinsipinin birinci komponenti ilə bağlı vəzifələrin həyata keçməsi dildən başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi yolunda ən mühüm bir yol idi. Əli bəy türklərin bütün sahələrdə birləşməsini onların gələcəyi üçün önəmli bir yol hesab edirdi. Xüsusən dildə birlik və bütövlük məsələsini Ə.Hüseynzadə mənəvi bütövlüyün bütün digər sahələrdə gerçəkliyi üçün zəmin hesab edirdi. Millətinin dil problemləri onun türkçülük ideyalarının əsas səbəblərindən biri idi. Ə.Hüseynzadə türk millətinə məxsus olan ayrı-ayrı türk xalqlarının dilləri arasındakı fərqlərin aradan qaldırılmasını və nəticədə vahid ümumtürk dilinin yaradılmasını çox istəyirdi. İstanbul türkcəsinə yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda belə münasibət formalaşdırmağa çalışırdı. İstanbul ləhcəsinin islahı gələcək ali məqsədə-vahid ümumtürk dilinə nail olmaqda əsas vəzifələrdən biri idi. Ona görə də Ə.Hüseynzadə və digər füyuzatçılar İstanbul türkcəsini Azərbaycan dilinə yaxınlaşdırır və XX yüzilin əvvəlində mətbuatda həmin dilin işlənmə dairəsini genişləndirirdilər. Bütün türk dillərinin vahid halda birləşdirilməsi aktual bir problem olaraq irəli sürülürdü.

Əli bəyin çoxcəhətli, böyük bilgisi, ideyaları və çıxışları ilə göstərdiyi təsir ədəbi-elmi irsindən daha çox olub. Onun çıxışları da türkçülüyün formalaşmasında və yayılmasında mühüm rol oynayıb.
14 avqust 1917-ci ildə Stokholmda keçirilən Millətlərarası Sosialist konfransında Əli bəyin “Osmanlı dövlətində milliyyətlər məsələsi dünya millətlərinin müstəqillik əldə etmələrinə bağlıdır” fikrini əsas tutaraq çıxış etməsi ciddi rezonans doğurdu.

Əli bəyin Azərbaycanda “Həyat” və “Füyuzat”da fəaliyyəti, Türkiyədə “Türk yurdu” jurnalında, “Türk ocağı” dərnəyində, “Xalqa doğru”, “Məlumat”, “Yeni məcmuə” kimi mətbuat orqanlarında iştirakı, “Turan” heyətinin tərkibində Qərbi Avropa ölkələrində çıxışları, Budapeştdə alman dilində nəşr olunan “Rusiya müsəlmanlarının tələbləri” kitabında Rusiyanın tərkibindəki altı müsəlman ölkəsinin müstəqilliyini iddia etməsi, Berlində “Türk qövmləri konqresi”ndə irəli sürdüyü fikirlər və sair türklər və onların dili ilə bağlı problemlərin həllinə yönəlmişdi.
Birinci Dnya müharibəsindən sonra Əli bəy konfranslarda milli Azərbaycan dövləti qurulması haqqında mövzulara müraciət edirdi. Ə.Hüseynzadə türk ölkəsi kimi Transqafqazda ayrı türk və gürcü dövlətləri, Qafqaz federasiyası və ya türklərin yaşadığı ərazilərin valiliyi ilə Osmanlı dövlətinə bağlanması yolunu anladırdı. Bütün bu qeyd olunan faktlar, Əli bəyin ömürlüyünə aid olan rəsmi yığıncaqlarda yüksək məqsədlərlə iştirakı, türk xalqlarının dili ilə bağlı irəli sürdüyü problemlər və onların həllinə çalışmaq prosesindəki əzmkarlıq fəaliyyəti onun əsil türk və türkoloq olduğunu göstərir.

Ə.Hüseynzadənin türk dünyası tarixinə verdiyi xidmətləri sadalamaqla bitməz. Danılmaz bir faktdır ki, türk millətinin oyanmasına və mədəniyyətinin irəliləyib yayılmasına bütün ömrünü vermiş Əli bəy özündən sonra zəngin elmi, bədii, publisistik irs qoyub gedib.

Onun haqq dünyasına qovuşmasından 74 il ötsə də, Ə.Hüseynzadə öz əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də yaşayır. Əli bəyin böyük bir millətin gələcəyinə xidmət edən türkçülük ideyaları isə heç vaxt ölməyəcək.


Vasif Həsənli


Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR