Azərbaycan – ABŞ münasibətlərinin müasir vəziyyəti
Bizi izləyin

Qırmızı.az

Azərbaycan – ABŞ münasibətlərinin müasir vəziyyəti

Azərbaycan – ABŞ münasibətlərinin müasir vəziyyəti

Amerika Birləşmiş ştatları ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətində mühüm yer tutur. Azərbaycan ABŞ-la bir çox beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq edir. BMT, NATO, ATƏT və başqa bu kimi nəhəng qurumlarin fəaliyyətində ABŞ önəmli rol oynayır.

XXI əsrin başlanğıcından Azərbaycanın ABŞ-la münasibətləri strateji tərəfdaşlıq istiqamətində daha da inkişaf etmişdir. İki ölkə arasındakı münasibətlərin son illərdə yüksələn xətlə inkişaf edən əsas istiqamətlərinə siyasi, hərbi, təhlükəsizlik, beynəlxalq terrora qarşı mübarizə, Qafqazda və dünyada siyasi əlaqələr, sülhün möhkəmləndirilməsi sahəsində birgə əməkdaşlıq daxildir.

Qlobal enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu qeyd etmək lazımdır. Keçən müddət ərzində Azərbaycan Qərbin Cənub Qafqazla bağlı beynəlxalq layihələrində fəal iştirak etmişdir. Qərbin enerji təhlükəsizliyinə ciddi təsir edə bilən qlobal əhəmiyyətli bütün layihələri dəstəkləmişdir. “Nabukko”, “Cənub dəhlizi”, “Transxəzər”. Bu enerji layihələrini ABŞ Azərbaycansız təsəvvür etmir.

Uzunluğu 1099 mil olan, dünya bazarlarına gündə 1 milyon barrel ''qara qızıl'' nəql edə bilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini, habelə yaxın vaxtlarda Xəzərdəki və Orta Asiyadakı yataqlardan Avropaya hər il 60-120 milyard kubmetr qaz nəql edəcək, gələcəkdə qaz yataqlarını tədricən qitəyə doğru şaxələndirəcək ''Cənub dəhlizi'' layihəsini də qeyd etmək lazımdır. ABŞ-ın Azərbaycandakı səfiri məhz bunları nəzərə alaraq ''Xəzər Beynəlxalq neft və qaz sərgisi - 2013'' tədbirinin iştirakçılarına xatırlatmışdır ki, Azərbaycan enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” adlı kitabında qeyd edir: “Yaddaşımda 1998-ci ilin dekabrın 16-da Bakıda Heydər Əliyevlə Ricard Morninqstarın görüşündə səslənən bəzi fikirlər canlanır. R.Morninqstar o vaxt ABŞ Prezidentinin və Dövlət katibinin xüsusi müşaviri, səfir idi. Azərbaycana gələn Amerika nümayəndə heyətinə başçılıq edirdi. Prezident sarayında keçirilən görüşdə R.Morninqstar Prezident Heydər Əliyevə enerji sahəsindəki əməkdaşlığı nəzərdə tutaraq dedi: “Siz bu sahədə dönüş nöqtəsi yaratmaqda xüsusi, müstəsna rol oynamısınız””.

Amerikanın "Stratfor'' analitik mərkəzinin qurucusu, tanınmış analitik Corc Fridman “Forbes” jurnalında dərc olunmuş məqaləsində qeyd edir ki, hazırda dünyanın böyük dövlətləri Avrasiya məkanında möhkəmlənmək üçün Azərbaycana nüfuz etməyi əsas məqsədlərindən biri hesab edirlər. Bu tezis Azərbaycan üçün çox əhəmiyyətlidir. Erməni analitiklər Ermənistanın regionda həlledici rol oynadığı görüntüsü yaratmağa çalışırlar. C.Fridman isə tamam əks ideya irəli sürür – o, Azərbaycanın nəinki region, hətta Avrasiya məkanı üçün əsas dövlət olduğunu vurğulayır.

ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Uiliam C. Börns öz çıxışlarının birində Azərbaycanın ABŞ üçün əhəmiyətini xüsusi vurğulamışdır. O, öz çıxışında qeyd edir: “Birləşmiş Ştatlar Azərbaycana, gələcəyi qarşıdan gələn bir çox illər boyu Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edəcək üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşən strateji tərəfdaş kimi baxır. Daha sabit və çiçəklənən Azərbaycan daha sabit və çiçəklənən Qafqaz deməkdir. Bu, mürəkkəb bir regionda sülh üçün daha çox imkanlar vəd edir. Və bu, heç bir dövlətin təkbaşına öhdəsindən gələ bilməyəcəyi terrorizmdən tutmuş maliyyə böhranlarına qədər bütün qlobal təhlükələrlə mübarizədə daha etibarlı tərəfdaş vəd edir”.

Yuxarıda sadalanan müsbət amillərdən əlavə Azərbaycan dünyada yeganə dövlətdir ki, həm Rusiya, həm də İran ilə həmsərhəddir. Neoimperialist meyllərin və teokratik artımın mövcud olduğu bu regionda indiyə qədər heç bir xarici təzyiq özünə güvənən Azərbaycanı Qərbdən üz döndərməyə məcbur edə bilməmişdir. Azərbaycan Birləşmiş Ştatların dəyərli və sınanmış müttəfiqidir. ABŞ-ın keçmiş konqresmeni Den Berton ''Washington Times'' qəzetində çıxan bir məqaləsində vurğulayır: ''Terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahəsində əməkdaşlıqdan Əfqanıstanda sabitlik yaradan qüvvələrdə tərəfdaşlığa qədər bütün məsələlərdə Azərbaycan ABŞ-ın etibarlı dostu olduğunu sübut etmişdir''.

Ötən il Prezident Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə ona ünvanladığı təbrik məktubunda transmilli enerji layihələrinin reallaşdırılmasında, iqtisadiyyatın şaxələndirilməsində, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində və digər məsələlərin həllində Prezident İlham Əliyevlə sıx əməkdaşlıq siyasətinə sadiqliyini ifadə etməsi və bunun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirməsi də dostluğumuzun, strateji tərfdaşlığımızın dönməz xarakter aldığını göstərir.

Günel Zeynalova

Dövlət İdarəçilik Akademiyasının magistrı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm