• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Elnarə Tofiqqızının qətlə yetirildiyi klinika bağlandı

Elnarə Tofiqqızının qətlə yetirildiyi klinika bağlandı

Həkim terroru nəticəsində əməliyyat masasında dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının əməliyyat olunduğu “Medi Sina” Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb.

Bunu “Axar.az”a açıqlamasında hüquqşünas Səməd Vəkilov deyib.

Onun sözlərinə görə, aprel ayının əvvəllərində sözügedən cinayət işi Nəsimi Rayon Prokurorluğundan alınaraq yenidən araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna verilib. Hazırda işi müstəntiq Vaqif Süleymanov araşdırır. Onun təcrübəli müstəntiq olduğunu deyən S.Vəkilov sözügedən çinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar veriləcəyinə ümid etdiklərini vurğulayıb.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib.

Çinayət işinin başlanmasından az sonra klinikanın baş həkimi Abbas Bağırov vəzifəsindən istefa verib. Bundan sonra Elman Səfərov “Medi Sina”ya baş həkim təyin edilib. Hazırda isə klinikanın ümumiyyətlə fəaliyyətini dayandırdığı təsdiqlənib. Tibb Mərkəzinin bağlanması məhz mərhum Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində həyatını itirməsinə səbəb olması ilə bağlıdır.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət cəhdlərimiz boşa çıxdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli telefona cavab vermədi.

Hadisəni diqqətdə saxlayacağıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR