• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İmranın anası 1.5 milyon manat təzminat tələbindən danışdı

İmranın anası 1.5 milyon manat təzminat tələbindən danışdı

“Atam bir söz deyib, amma jurnalistlər tamam başqa söz yazıblar. Atamın dediyi 1.5 milyon manat İmranın bundan sonrakı müalicəsi üçün lazım olan vəsaitdir. Bu cür yazılara, həmin xəbərlərə yazılan şərhlərə görə, çox təəssüf edirik, buna görə əsəblərimiz korlanıb”.

Bu sözləri Publika.az-a İmran Cəfərzadəninanası Nuridə Cəfərova deyib.

N.Cəfərovanın sözlərinə görə, 25 yaşına qədər ən azı ildə bir dəfə İmranın protezi dəyişdirilməlidir:

“Xərclər bununla bitmir. Biz Almaniyaya beynəlxalq xəstə kimi getdiyimizə görə, qiymətlər çox bahadır. Prezident kömək etməsəydi, biz heç vaxt o xərcləri ödəyə bilməzdik.

Əlimizdə Almaniyadan gətirilmiş sənədlər var. Protez firması, reabilitasiya mərkəzi, ayaqqabının hazırlanması - bunlar hamısı çox böyük xərc deməkdir. İmranın barmağı yoxdur, ona xüsusi ayaqqabı hazırlanır. Ayaqqabının indiki qiyməti 350 avrodur. Ayaq böyüdükcə, qiymət daha da artacaq. Bir tərəfdən də inflyasiya gedir, Almaniyadakı xəstəxanada da bizə xəbərdarlıq etdilər ki, qiymətlər qalxacaq. Amma biz yenə də uşağımız üçün bütün əziyyətə razıyıq”.

N.Cəfərova bildirib ki, yaşadıqları mənəvi çətinliklərə, bundan sonra İmranın müalicəsi üçün lazım olan vəsaitə və hadisənin necə bir şəraitdə baş verdiyini nəzərə alaraq həmin vəsaiti tələb etmək hüquqları olduğuna inanır:

“Məsələ kompensasiya tələb etməkdən gedirsə, bizim buna haqqımız da var. Amma biz xəstəxanada olanda belə heç kimdən kömək istəməmişdik. İnsanlar özləri yardım edirdilər, buna çaşıb qalmışdıq. Buna görə də, Azərbaycan xalqına, Prezidentimizə minnətdaram.

Həmin obyekt sahiblərindən bir nəfər belə gəlib bizimlə maraqlanmadı. Yalnız Prezident müalicə ilə bağlı qərar verəndən sonra, həmin obyektdən bir-iki nəfər gəldi, amma heç bir köməklik etmədilər. Bizə heç lazım deyil onların hər hansı yardımı. İndi bizi yalnız İmranın səhhəti maraqlandırır. Biz bu vaxta qədər halal zəhmətimizlə uşağımızı saxlamışıq, bundan sonra da onun sağalması üçün nə lazımdırsa edəcəyik. Uşağımın ayağı yoxdur, bundan sonra mənə heç nə lazım deyil”.

Anası bütün bu söz-söhbətlərin onlar qədər İmranın da psixologiyasına təsir etdiyini dedi:

“Bu deyilənlər, yazılanlar bizim əsəblərimizi korlayıb. O şərhləri yazanlar bizim vəziyyətimizi bir az düşünsünlər. İmran 14 dəfə əməliyyat edilib və hər dəfə mən qol çəkirdim ki, ona bir şey olsa, heç kim məsuliyyət daşımır. Bunun ana üçün nə qədər çətin olduğunu anlayırsız? Bu cür söhbətlər bizim qədər İmrana da təsir edir. 18 dəfə narkoz alıb, çox əsəbidir, ona sakitləşdirici dərmanlar veririk. Düzdür, İmranın bu gün ayağa qalxmasına görə də Azərbaycan xalqına borcluyam, amma xahiş edirəm fikirlər yazarkən bizim vəziyyətimizi nəzərə alsınlar”.

Xatırladaq ki, İ.Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. O hazırda Uşaq Reabilitasiya Mərkəzində müalicə edilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR