• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanda 1 günlük əsgərlik – Fotolar

Azərbaycanda 1 günlük əsgərlik – Fotolar

Azərbaycanda əlil gənclər üçün bir günlük simvolik hərbi xidmət təşkil edilir.

Trend xəbər verir ki, bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyindən müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına məktub daxil olub. Məktubda bildirilib ki, Mərkəzdə respublikanın müxtəlif şəhər və rayonlarından yüzdən artıq əlil gənc yaşayır. İndi yaşıdları həqiqi hərbi xidmətdə olan və yaxud əsgərliyini başa vuran bu əlil gənclər heç olmasa bir günlüyə əsgər forması geyinmək, hərbi and içmək, əllərinə silah almaq, əsgər yeməyinin dadına baxmaq arzusundadırlar. Məktubda onlar səhhətlərinə görə hərbi xidmətə yararlı hesab edilməsələr və həqiqi hərbi xidmətdən azad olsalar da, onların bu istəyi nəzərə alınaraq bir günlük simvolik əsgər həyatı yaşamalarına şərait yaradılması xahiş olunub. Çox çəkmədən əlil gənclərin bu arzuları reallaşıb.

Aprel ayının 30-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində respublikanın 20 rayonunu təmsil edən 29 nəfər gənc təntənəli surətdə "həqiqi bərbi xidmətə" yola salınıb. Onlardan 5 nəfər I qrup, 11 nəfər II qrup, 13 nəfər isə III qrup əlildir.

Müdafiə Nazirliyinin göndərdiyi avtobuslar artıq bir gün öncə əsgər forması ilə təmin edilmiş əlil gəncləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gətirib. Onları Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri, hərbi orkestr qarşılayıb.

Hərbi şəhərciklə tanışlıqdan, qısa məlumatlandırmadan və sıra hazırlığı məşğələsindən az sonra təntənəli andiçmə mərasimi başlayıb. Sağlamlığı məhdud olan gənclər Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Vətənə sədaqət andı içiblər. Dövlət himni ifa edilib. Müharibə veteranları, ictimaiyyətin nümayəndələri xadimləri onları təbrik etdikdən sonra gənc əsgərlər tribuna önündən keçiblər.

Simvolik əsgərlər gün ərzində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin tarixinə dair ekspozisiya ilə tanış olacaq, onlara atəş şəhərciyi, sürücülük, idman trenajorlarında təyinatlar üzrə praktiki istifadə qaydaları göstəriləcək, cəbhə bölgələrindən gəlmiş zabitlər təlimlər keçəcək və onları maraqlandıran suallara cavab verəcəklər.

Əsgər yeməkxanasında digər əsgərlərlə birlikdə əlil gənclər süfrə arxasında əyləşəcəklər. Daha sonra onlar Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının vətənpərvərlik mahnı və rəqslərinə tamaşa edəcək və günün sonunda Heydər Əliyev muzey-lektoriyasında bir günlük əsgər həyatının yekunları müzakirə olunacaq, fərqlənənlər mükafatlandırılacaq, hər bir gəncə xatirə hədiyyələri veriləcək.

Maraqlısı odur ki, sonda onlara simvolik olaraq "Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir gün həqiqi hərbi xidmətdə olmuşdur" hərbi bileti təqdim ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR