Ekspert: “Bu dəyişiklik DYP-yə yeni səlahiyyət vermir”
Bizi izləyin

Qırmızı.az

Ekspert: “Bu dəyişiklik DYP-yə yeni səlahiyyət vermir”

"«Yol hərəkəti haqqında» Qanunun 85-ci maddəsinə edilən dəyişiklik bu gündən qüvvəyə minir. Söhbət DYP-nin dayanma barədə tələbini yerinə yetirməyən nəqliyyat vasitəsinin hansı hallarda təqib edilə bilməsindən gedir.

Qeyd etmək istəyirəm ki, burada hər hansı səlahiyyətdən söhbət getmir, bu sırf düzəlişdir. Hətta bu düzəlişdə ciddi bir səhvə də yol verilib".

Publika.az-ın məlumatına görə, bu sözləri «Digesta» firmasının direktoru Ərşad Hüseynov deyib.

Ölkəmizdə bütövlükdə polisin, o cümlədən DYP-nin fəaliyyətini tənzimləyən əsas normativ akt «Polis haqqında» Qanundur. 1999-cu ildən qüvvədə olan bu Qanunun “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları” adlanan 20-ci maddəsi bütövlükdə DYP-nin səlahiyyətlərini müəyyən edir. 20-ci maddənin 9-cu bəndində qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının (yəni DYP əməkdaşının) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək hüququ var.


«Polis haqqında» Qanunun 20-ci maddəsi ilə müəyyən olunan səlahiyyətlərin DYP-də icra olunmasının təfərrüatlarını isə DİN kollegiyasının qərarı ilə təsdiq olunmuş “Yol-patrul xidməti haqqında” Təlimat təsbit edir. Bu Təlimatın 7.33-cü bəndində bildirilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda, habelə YPX inspektorunun nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə onun təqib olunmasına icazə verilir. Bu halda YPX inspektoru əvvəlcə DYP orqanının vəzifəli şəxsinə radio-cihaz vasitəsi ilə məlumat verməlidir.


Həmin Təlimatın 5.15-ci bəndində isə göstərilib ki, sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq barədə YPX inspektorunun tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda məcburi dayandırma vasitələrindən (kirpi, stasionar postlarda yerdən çıxan avtomatik idarə olunan çəpər) istifadə olunmasına icazə verilir.


İndi isə bu gün qüvvəyə minən dəyişikliyə, yəni “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin 2-ci bəndinin “Qeyd” hissəsinin dördüncü cümləsinin yeni redaktəsində göstərilir ki, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər".

Ekspert bildirib ki, istinad edilən 3 normativ aktın müvafiq müddəaları təhlil edilərkən, DYP-yə nəqliyyat vasitələrinin təqib edilməsi ilə bağlı yeni səlahiyyətin verilmədiyi, yaxud mövcud səlahiyyətin genişləndirilmədiyi aydın olacaq.


“Amma bu təhlildən yeni dəyişiklikdə ciddi səhvə yol verildiyi görünür. İlk 2 qanunvericilik aktından fərqli olaraq, yeni dəyişiklikdə nəqliyyat vasitəsində olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda təqibə yol verildiyi unudulub. Bunun hərfi mənasından belə çıxa bilər ki, sürücü özü heç bir cinayət törətməyibsə, lakin onun sərnişinləri terrorçu olsalar da, təqib yolverilməzdir. Aşkar yanlışlıq göz qabağındadır. İlk 2 qanunvericilik aktından fərqli olaraq, yeni dəyişiklikdə nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) ayrıca göstərilib. Xatırladıram ki, Cinayət Məcəlləsini 185-ci maddəsinə əsasən, bu əməl (nəqliyyat vasitəsinin qaçırılması) də cinayətdir. Məsələnin belə qoyulduğunu görən bir “ağıllı” deyə bilər ki, madam ki, təqibə əsas verən cinayətlərdən biri olan nəqliyyat vasitəsinin qaçırılması ayrıca göstərilib, onda zəhmət çəkin təqib üçün əsas olan bütün cinayətləri sadalayın, yoxsa, başqa cinayətlər üçün təqib qanunsuzdur. Yenə də məsələnin yersiz qəlizləşdirildiyi və yanaşmadakı məntiqsizlik göz önündədir”.

Ə.Hüseynovun sözlərinə görə, təqib söhbətində nəinki yeniliyin olmadığını, əksinə qanunvericiliyin qəlizləşdirildiyini görürük. Belə qəlizləşmə də qanunvericilik texnologiyasındakı səhvdən irəli gəlir:

“Bugünkü dəyişikliyin edildiyi 85-ci maddənin “Yol hərəkəti haqqında” Qanunun tənzimləmə predmetinə heç bir aidiyyəti yoxdur. Bu maddə müxtəlif qanunlardan (“Polis haqqında” Qanundan, İnzibati Xətalar Məcəlləsindən, hətta Konsulluq Nizamnaməsindən və s.) götürülmüş, özü də bəzən yarımçıq, ziddiyyətli şəkildə bir yerə yığılmış müddəalardan ibarətdir. Bu maddəni və həmin Qanunun 83, 84, 85-1-ci maddələrini təcili olaraq “Yol hərəkəti haqqında” Qanundan çıxarmaq lazımdır ki, belə anlaşılmazlıqlar olmasın.

Maraqlananlar üçün isə bir daha qeyd etmək istəyirəm ki, dayanma barədə göstərişə tabe olmayan nəqliyyat vasitəsini təqib etmə ilə bağlı məsələ əvvəl necə idisə, elə də qalır. Qanun belə nəqliyyat vasitəsini yalnız 2 halda təqib etməyə icazə verir: 1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; 2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.

Digər hər hansı vəziyyət, o cümlədən sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.), hətta real qəzaya gətirəcək təhlükəli manevrlər edilmədiyi halda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə də təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır”.

Ekpsert sürücülərə DYP əməkdaşının dayanma barədə göstərişinə riayət etməyi tövsiyə edib. Çünki belə göstərişə riayət etməmə İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən 80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm