• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qan qrupunu söylə, sənin kim olduğunu deyim...

Qan qrupunu söylə, sənin kim olduğunu deyim...

(Millət vəkili Qənirə Paşayevanın "QANIN SƏSİ" silsiləsindən 1-ci yazısı)

Türkiyəyə son səfərlərimdən birində İstanbul Hava Limanında mənə Azərbaycanlı bir gənc yaxınlaşdı. Salamlaşdıq. Böyük Mirzə Ələkbər Sabirin nəticəsi olan Nurlan adlı bu gənc qardaşımız biologiya elmləri namizədi, bir neçə maraqlı kitabın müəllifi, anası Sevda Tahirlinin son araşdırması olan “Qanımızın səsi” kitabını mənə hədiyyə etdi.

Həyatda kitabı ən dəyərli hədiyyə hesab etdiyim üçün təşəkkür etdim və adı mənə çox cəlbedici görünən kitabı mütləq oxuyacağımı söylədim. İşlərin çoxluğundan kitabı bir az gec oxudum amma böyük maraqla oxudum. O qədər böyük maraqla ki, kitab məni bu sahədə dünyada böyük maraqla qarşılanan son araşdırmaları, yapon alimlərinin bu istiqamətdəki bir sıra möhtəşəm araşdırmalarını da oxumağa sövq etdi.

Bir sözlə, Sevda xanım məni qanımın səsini dinləməyə çağırdı və mən onu həm də anlamaq üçün bir yola çıxdım və qarşımda yeni elm araşdırmalarının qapısı açıldı...

Qeyd edim ki, qan qruplarının insanın xarakterinin formalaşmasındakı rolu dünyanın bir çox yerlərində artıq ciddi diqqət mərkəzindədir. Elmin sürətlə inkişaf etdiyi Yaponiyada nəiniki bu istiqamətdə ciddi araşdırmalar gedir hətta araşdırmaların nəticələrindən bir hissəsi həyatda ciddi tətbiq edilir.

Məsələn, Sevda xanım Yaponiyada buna nə qədər böyük önəm verildiyini anlatmaq üçün bir hadisəni misal gətirir: “İşbirliyi qurmaq istəyən, biri yapon, digəri rus əsilli olmaqla iki iş adamı imzalayacaqları çox vacib razılaşmadan bir gün öncə işgüzar yeməkdə tanışlıqlarını qeyd edirmişlər. Görüş gözəl ovqatda davam edərkən, yapon rus həmkarından hansı qan qrupuna sahib olduğunu soruşur.

Sual qarşı tərəf üçün çox gözlənilməz olur və o, sualın hansı məqsədlə verildiyini bilmədiyindən qısaca: “Mən qan qrupumu bilmirəm” deyərkən yaponun ovqatının pozulur və bu rus işadamının da diqqətindən yayınmır. Daha sonra yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaq üçün onun “Axı mən Formula-1 sürmürəm, qan qrupumu bilmək mənim nəyimə lazımdır?” – söyləyərək vəziyyətdən zarafatla çıxmaq təşəbbüsü belə yapon biznesmenin ovqatını dəyişə bilmir.

Bu qısa sual-cavab həmin görüşün sanki dönüş nöqtəsinə çevrilir. Hər iki tərəf arasında səmimi söhbəti davam etdirmək mümkün olmadığından, onlar elə beləcə də ayrılırlar. Ertəsi gün yapon razılaşmanı imzalamağa gəlmir... Gündoğan ölkəsindən olan həmkarının belə qəribə - izaholunmaz davranışını heç bir şəkildə anlaya bilməyən rus əsilli biznesmen nə onda, nə də sonralar bilmədi ki, bir yapona “qan qrupumu bilmirəm” söyləmək özün haqqında arzu olunmaz məlumatları gizlətmək anlamına gəlir.

İlk baxışdan o qədər də önəm daşımayan qan qrupunu bilməmək, hər iki iş adamı üçün çox mühüm anlam daşıyan razılaşmanın pozulmasının əsas səbəbi olmuşdu...

Görəsən, yaponlar nə üçün qan qrupuna bu qədər önəm verirlər? – sualı bir zamanlar məni çox düşündürmüşdü. Əgər sizin üçün də maraqlıdırsa, gəlin, söhbətimizi davam etdirək...”

Söhbətin arxasını dinləmədən həmən öz qan qrupumu axtardım və diqqətlə oxumağa başladım. Mənə də çox maraqlı gəlmişdi yaponların bu məsələyə bu qədər önəm verməsi və qan qrupumla bağlı araşdırmaların təxminən 90 faizi üst-üstə düşürdü. Sadəcə 10 faizlik bir fərq ola bilərdi ki, bu da “yolverilən həddir”... – Qeyd olunur ki, bizim yetişdiyimiz ailə, verilən tərbiyə, əhatə olunduğumuz mühit bəzi xarakterlərimizin daha qabarıq üzə çıxmasına və bəzilərinin bir az passiv qalmasına səbəb ola bilər.

Eyni zamanda nəfsimizlə nə qədər mübarizə apara bilməmiz də bu məsələdə önəmli rol oynayır. Təbii ki, bu bir aksiom deyil və hər bir insanın öz fikri ola bilər amma bu araşdırmalar fərqli zamanlarda, müxtəlif ölkələrdə, ayrı-ayrı tədqiqatçılar tərəfindən yüzminlərlə insanlar üzərində aparılmış müşahidələr və statistik göstəricilər əsasında əldə olunan nəticələrdir.

Sevda xanımın çox maraqlı araşdırması olan “Qanımızın səsi” kitabında qan qrupumla bağlı bütün incəlikləri oxudum və özümü bir az da daha yaxından tanımağa çalışdım. Bu mövzunun oxucular üçün də çox maraqlı olacağını və qanınızın səsini dinləmək istədiyinizi bildiyim üçün bəzi araşdırma nəticələrini sizinlə də bölüşməyi qərara aldım.

Beləliklə, 0(1) yəni 1-ci qan qrupundan başlayaq. Kitabda yazılır: “0(I) qan qrupu – “ovçular”dır. Dünya əhalisinin 40-45%- də rast gəlinən bu qan qrupunun ən qədim qan qrupu olduğu iddia edilərək 40 000-50 000 il bundan öncə meydana gəldiyi ehtimal olunur. Onları həyat tərzi və məşğuliyyətlərinə görə “ovçular” adlandırırlar.

Ovçuların qədim əcdadları olan neandertallar ovdan əldə etdikləri kobud qida, yabanı bitkilər, cəsədlər üzərində toplanmış həşərat və cücülərlə qidalanmışlar. Təbiətin verdiyi neməti yeyib-dolanarkən də gələcək üçün heç nə planlaşdırmayıblar. Ovçular təhlükəsizliklərini və qastrnomik maraqlarını güdərkən qarşıya çıxa bilən hər kəsi – onun kimliyindən asılı olmadan – dostmu ya düşmənmi, fərqinə varmadan, məhv etməyə qadir olublar. Amma təxminən 40 000 il bundan öncə yarandığı güman olunan kromanyonlar ətraf ərazilərin bütün iri heyvanlarını ovlayıb yedikdən sonra qida dalınca miqrasiya edərək tədricən Afrikadan Avropa və Asiya ərazilərinə keçmək məcburiyyətində qalıblar.

0 (I) qan qrupunun heç bir irqə - nə avropoid, nə neqroid, nə də monqoloidə aid olmadığı hesab edilir. Əcdadları “ovçular” olan bu qan qrupu sahibləri güclü xarakterə malikdirlər, özlərinə inamlı və qərarlıdırlar. Onların devizi – “Axtarmaq, tapmaq, mübarizə etmək, təslim olmamaq”dır. Hərəkətdə olmağı çox sevirlər. Tez əsəbiləşən, özündən çıxan və eləcə də səbirsizdirlər.

Tənqidi heç bir formada, hətta xoşməramla söylənilmiş olsa da, sevməzlər. Fikir və tapşırıqlarının hər kəs tərəfindən dəqiq başa düşülməsini və dərhal da icra olunmasını gözləyəndirlər. Bu qan qrupundan olanlarda temperament, dözüm, iradə, uğura can atmaq, dərhal güclərini bərpa etmək, qalib gəlmək (nəyin bahasına olursa-olsun!) kimi keyfiyyətlərlə yanaşı, şöhrətpərəstlik, aqressivlik, bir qədər paxıllıq, qısqanclıq kimi xarakterik özəlliklər dəmüşahidə olunur.

Liderlik və güclü rəqabətə davam gətirmək kimi bacarığı, onların biznes sahələrində çalışması üçün bir zəmin yaradır. Onlar ünsiyyət qurmağı bacaran, dözümlü olurlar. Çox rahatlıqla fiziki çalışmaların öhdəsindən gələ bilirlər. Fiziki çalışmaların onların gündəlik həyatlarına daxil olması, onlara ruh yüksəkliyi verməklə onların hər zaman yaxşı fiziki formada olmasını təmin edir.

Bu qrupdan olanlar sanki rəhbər mövqelərdə olmaq üçün yaranmışlar və əksər hallarda da liderlik etməyə nail olurlar. Onlar pulun harda və necə qazanılsması barədə sanki altıncı hissə sahibdirlər və demək olar ki, bu hiss heç zaman yanıltmır...

Hədsiz avtoritarlıq nümayiş etdirməsələr, başçılıq etdikləri təşkilat dəqiq və effektiv şəkildə fəaliyyət göstərə bilər. Planlaşdırma və bu planlaşdırmanın həyata keçirilməsi məsələsində mükəmməldirlər. Monotonluğu sevməzlər. Buna görə də hər zaman təəssüratlarına rəngarənglik qatmaq üçün axtarışda olurlar. Əsəbiləşərkən özünə nəzarəti itirən "ovçular" yüksək dərəcədə aqressivlik də nümayiş etdirə bilərlər. Bu insanlar həmçinin ambisiyalı olmaları və çox qısqanclığı ilə də səciyyələnirlər.

Bu qrupdan olanlar arasında çoxlu kraliyyət mənsubları, siyasətçilərlə yanaşı, mafiya başçılarını da görmək mümkündür. Qıraqdan müşahidə edildikdə, onun bütün zirvələri fəth edəcəyini sanmaq olar... lakin bu, belə olmaya da bilər.

0 (I)-lar qarışıq insani münasibətlərin olduğu işləri sevməzlər. Bir işi başdan ta sonuna qədər təkbaşına görməyə üstünlük versələr də, müdirinin ona görəcəyi iş barədə uzun-uzadı izahatlar verməsindən heç xoşlanmazlar, bununla belə gördüyü işə qarşılıq olaraq həm tərifi, həm də maddi ödülü hər an gözləyən olurlar.

Gözəl təşkilatçı olsalar da, bəzi xırda məqamları diqqətə almamaqları onların partnyorlarını itirməsinə səbəb ola bildiyi kimi, diplomatiyada yol verdikləri yanlışlıqlar da ona düşmən qazandıra bilər. Təriflənməkdən xoşlansalar da, tərifləməyi və güzəştə getməyi sevməzlər. Öz siyasəti barədə açıq söyləyib kompromislərə çətin gedirlər. Lakin yardım üçün ona müraciət edənləri də ümidsiz geri qaytarmazlar. (Olsun ki, bir çox hallarda bu yardımsevərliyin arxasında çox zaman reklam olunmaq marağı gizlənmiş olsun.)

Digər keyfiyyətləri:

• Enerjili

• Tez özündən çıxan

• Səbirsiz

• Güclü özünümühafizə instinkti

• İradəli

• Riskə getməyi sevən

• Dərhal güclərini bərpa edən

• Şöhrətpərəst

• Natiqlik bacarığı

• Uğura can atan...

Mənfi yönləri:

• Özündən razılıq

• Əsəbiləşdikdə kontrolu itirən

• Bir qədər paxıl

• Nəyin bahasına olursa-olsun (!) qalib gəlmək –

bu, bəzən qalib gəlmək üçün istifadə olunan vasitələrin seçimində ciddi yanlışlıqlara səbəb olur.

Yuxarıda qeyd olunan müsbət keyfiyyətlərinə görə, bu qrupdan olan insanlar:

- Bankir

- Siyasətçi

- Nazir

- Biznesmen

- Broker

- Yazıçı

- Satıcı

- Hərbçi

kimi peşələrdə, eləcə də, cəldlik və aqressivlik tələb edən idman növlərində özlərini təsdiq edə bilirlər.

Qrupun ünlüləri:

• Kraliça II Yelizaveta

• Şahzadə Çarlz Uelsski

• Ronald Reyqan

• Con Lennon

• Elvis Presli

• Pol Nyuman

• Vladimir Putin

• Dmitri Medvedev

• Cerald Ford

• Mixail Qorbaçov

• Al Kapone

• Sergey Bezrukov

• Dmirti Düjev və. b.-dır.

0 (I) qan qrupuna məxsus dostlar nə qədər razılaşacaq – deyə bilmərəm amma gələn yazımda digər qan qrupları ilə bağlı bilgilərlə yanaşı bu sahədə dünyada aparılan maraqlı tədqiqatların nəticələrindən və indiyə qədər eşitmədiyiniz bəzi sirli faktlar barədə də bilgi verməyə çalışacam. Məsələn, uzun illər işğalında yaşadığımız SSRİ-də Lenindən başlayaraq liderlərin gəncləşmək üçün qanla bağlı nələrə əl atması və aparılan bir sıra gizli (sirli!) tədqiqatlar da daxil olmaqla dünyada bəziləri son dönəmlər açılmağa başlayan gizli araşdırmalara qədər...

Dostlarıma dəyərli alimimiz Sevda Tahirlinin “Qanımızın səsi” kitabını oxumağı böyük məmuniyyətlə tövsiyyə edərdim. Əminəm ki, maraqlı olacaq...

(Ardı var...)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR