Sürücü, ehtiyatlı ol...
Bizi izləyin

Qırmızı.az

Sürücü, ehtiyatlı ol...

Yol....sürücü ehtiyatlı ol...

İstər yazılı olsun, istərsə də şifahi ədəbiyyatın yolu sözdən, yerində deyilmiş fikirdən keçir. Yol həm də ədəb-ərkan qaydasıdır

Dünyada ən böyük dərd də elə yolsuzluq dərdidir. “Ömür bitər, yol bitməz” ifadəsi ilə böyük bir fəlsəfə yaratmış bir fikir adamının bu misranın üstündə var-gəl edərkən yerdən-göyə doğru uzanan könül yolundan xəbərsizəm deməyə dilim gəlməz. Yollara yoldaş olandan sonra anladım ki, “yolun dərdi” sonsuzluq deyil. Və “Harda yol varsa orada bir başlanğıc var” deyimini də unutmamalıyıq.

Böyük Səməd Vurğun nə gözəl deyirid:
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür...

Bəlkə də günümüzün baş mövzusuna çevirilmiş yollarla bağlı yazdığım bu düşüncələrin mövzuya bir o qədər də aidiyyatı olmasa da yolumu ilahi məqamlarla süslənmiş könül yollarından salmağım kimlərisə bir balaca düşünməyə vadar edəcək.

Mətbuatda, televiziyada işlədilən “Yollar yenə can aldı” deyənlərə ismarıcımı elə bu yolla çatdırmaq istəyirəm: Bir anlıq özünüzü yol kimi təsəvvür edin. Gəldiyiniz nəticə? Bu artıq vicdan məsələsidir...

Bu gün respublikamızda, xüsusən də Bakı şəhərində avtomobil parkının genişlənməsi yetkililəri çıxış yolları axtarmağa sövq etdi və buna ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük diqqət göstərildi. Avtomobillərin daha sıx olduğu yerlərdə yeraltı və yerüstü avtomobil parkları salınıb əhalinin ixtiyarına verildi. Lakin bununla problemlər bitmədi. Əsas məsuliyyət yenə də insanların üzərinə düşdü.

Unutmayaq ki, məsuliyyətin bir adı da qayda-qanuna riayət etməkdir. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, yollarda təhlükəsizliyin əsas şərti sürücü və piyada məsuliyyəti, həm də elə, sözün əsl mənasında, mədəniyyətidir. Və bu yerdə yada bir çox problemlərin açarı olan “Məsuliyyət də bir mədəniyyətdir” fikri düşür...

Hər gün bir neçə avtomobil qəzasının baş verməsi xəbərinə öyrəncəli olan qulaqlarımız sankı xoş xəbərlərdən ötrü qəribsəyib. Müqayisəli şəkildə təhlil aparsaq görərik ki, yol qəzasında həyatını itirənlərin sayı Qarabağ müharibəsində şəhid olanların və narkotik vasitə istifadəçilərinin ölüm sayı ilə eyni səviyyəyə çatıb. Ən dəhşətlisi isə budur ki, həyatla vidalaşanların əksəriyyətini gənclər təşkil edir. Düşünəndəki biz müharibə şəraitində yaşayırıq, bizə canlı qüvvə daha çox lazımdır, o zaman, heyfslənərək başımızı yelləməkdən başqa bir çarəmiz qalmır. Bəs çıxış yolu nədir, o Yol varmı? Var!!!
İlk olaraq övladlarımızın üzərində valideyn olaraq nəzarətimizi gücləndirməliyik. “Oğlum, qızım universitetə daxil olsun ona maşın alacağam” kimi primitiv arzuları ürəyimizin ən qaranlıq yerində səssiz-səmirsiz basdırmalıyıq. Uşaqlarımızın gələcəyinin aydın, sabahının işıqlı olmasını istəyiriksə, onlara maşını, əyləncələri deyil, Vətəni, torpağı, milləti və elmlərin açarı olan kitabları sevdirməliyik. Körpələrimiz dil açan kimi “Mənə filan şeyi alın”,- deyib ayağını yerə döyməsin, əksinə, dövlət himnimizi oxumağı bacarsın, gündoğandan-günbatana kimi itirdiyimiz tarixi yurd yerlərimizin adını yaddaşına əbədilik həkk etsin, bütöv, bölünməz Azərbaycan üçün gərəkli insan, vətəndaş-Vətən daşı olsun...

Dörd mindən çox müşahidə kamerası, radar qurğusu və digər texniki vasitələrlə qorunan yollarımızda gecə-gündüz, isti-soyuq bilmədən xidmət aparan yol polislərinin zəhmətini, xidmətini görməzlikdən gəlmək ən azından insafsızlıqdır.

Bu gün avtomobil yollarının təhlükəsizliyi, hərəkət iştirakçılarının intizamı bütövlükdə yol polisinin diqqət mərkəzindədir. Gəlin, bir anlıq təsəvvür edək ki, yol polisi yoxdur. Nə baş verər? Təkcə Bakı şəhərində həyat donar...

Bir zaman İngiltərədə “Çəpərləmələr” hərakatı başlamışdı və məqsəd də qoyunçuluğu inkişaf etdirmək idi. Yəni kim daha çox otlaq sahəsini çəpərə alsa, o, daha zəngin olacaqdı. Hətta o illərdə belə bir zərb-məsəl də yaranmışdı: “Qoyunlar insanları yeyəcək”. “Maşınlar insanları yeyir” deyimi isə günümüzün reallığıdır.
Yaşından asılı olmayaraq hər kəsi, xüsusən də gəncləri maşınların “dəmir ağzından”, ölümün əlindən qurtarmaq üçün yol polislərimiz səfərbər olub. Ancaq bəzən “Ürəyi yanan da onlar olur, elə yaman da”.

Yazını hazırlamaq üçün Bakının ən çox tıxaclarla müşahidə olunan küçə və prospektlərində müşahidələr apardım. Yüzlərlə maşının qaldığı tıxacları açmaq, yol hərəkətini tənzimləmək, sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək üçün əzab-əziyyətə qatlaşan paqondaşlarımızın işini təqdir etmək, əməyini qiymətləndirmək üçün bizdən heç nə tələb olunmur. Əsas odur ki, haqqı müdafiə edək, düzü-düz, əyrini-əyri görək...

Ömrünü yollara yoldaş edən həmkarım, polis baş leytenantı Mərdan Əliyevi tanıyandan sonra bir daha əmin oldum ki, “yollar yiyəsiz” deyil. O, 1968-ci ilin yanvarında bu gün hayların tapdağında qalan laçınlar yurdu Laçında doğulub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib. Burdan hərbi xidmətə yollanıb. 1990-cı ildə yenidən Laçına qayıdıb və Laçın işğal olunana qədər özünümüdafiə batalyonunda Laçın Polis Şöbəsinin əməkdaşları ilə birlikdə düşmənə qarşı döyüşüb. Bütün müharibə veteranları kimi gördüyü çətinliklər, aldığı yaralar deyil, Vətən dərdi, yurd nisgili onu rahat buraxmır. Hər gecə yuxularında Laçına doğru yol alır...
Niyə polis peşəsini seçdiniz və yol polisi olmağa qərar verdiniz sualıma cavab verməyə tələsmədi, nəyisə xatırladı, hətta gözləri belə doldu. Cavabı isə belə oldu:

- Mən atamı 1982-ci ildə avtomobil qəzasında itirdim. Hələ də o mənzərə gözümün önündən getmir. O gündən sonra söz verdim ki, yol polisi olub yollarda təhlükəsizliyi təmin edib vaxtsız ölümlərin qarşısını alacağam”.
Deyir ki, keçən 22 il ərzində yüzlərlə qəzanın şahidi olub, “lay divar” oğullar qollarında can verib. Çoxu da yüksək sürətin qurbanı olub.
Onu sürücülər də, şəhər sakinləri də yaxşı tanıyırlar. Bilirlər ki, qayda pozan, avtomobili sənədsiz, içkili vəziyyətdə idarə edənlər ondan yaxa qurtara bilməyəcəklər. Hətta “dosta zənglər” də əhəmiyyətsizdir. Onun bir devizi var: İnsanları qorumaq...

Xidmətə Baş Dövlət Yol Polisi İdarəsinin I tağımında başlayıb. Bakı-Quba yolunun 131-ci kilometrində xidmət aparıb. Polis “əlaçısı”dır, qüsursuz xidmətinə görə medallarla təltif edilib. Komandiri olduğu XI tağım yeni yaransa da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ən intizamlı tağımlarından biridir. Gənclərin əksəriyyət təşkil etdiyi bu tağımın fəaliyyətini, işini, xidmətini rəhbərlik də təqdir edir, qiymətləndirir.

Onunla bir çox mətləblərə aydınlıq gətirdik. Yol polisinin xidmətinin göstəricisi kimi keçən müddət ərzində görülmüş tədbirlər və keçən dövrlə müqayisədə sanksiyalar sərtləşdirildikdən sonra həm törədilən inzibati xətaların, həm də yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümlə nəticələnən yol qəzalarının sayında azalmanın olduğunu bildirdi. Qeyd etdi ki, bugünə kimi XI tağım tərəfindən 1500-dən çox sərxoş sürücü aşkar edilib və qanuni cəza tədbirləri görülüb. Həmkarım bir maraqlı detalı da diqqətimizə çatdırdı:

-Saxladığmız hər sərxoş sürücünün yanında müxtəlif sayda sərxoş sərnişinlər də olur. Biz onları saxladıqda bəzən tənqidlə də rastlaşırıq. Ancaq qanunun tələbləri onlara izah edildikdə bizimlə razılaşırlar. Hətta elə sürücülər olub ki, cərimə tətbiq olunduqdan, maşını cərimə meydançasına aparıldıqdan sonra, səhəri günü bizə yaxınlaşıb təşəkkür edib, onları vaxtsız ölümdən, qəzadan, özlərinin və sərnişinlərinin həyatını təhlükədən qurtardığımıza görə “çox sağ ol”un deyib, spirtli içkilərdən birdəfəlik əl çəkəcəklərinə söz verirlər. Biz yol polislərinin ən böyük arzusu yola çıxan hər bir sürücünün mənzil başına, ailəsinin, əzizlərinin yanına sağ-salamat çatmasıdır...

O, gənc əməkdaşlara, xidmətə yeni başlayan gənclərə bu peşənin sirrini öyrətməkdən yorulmur, usanmır. Onlara məsuliyyətli, nizam-intizamlı və sürücülərlə ünsiyyət zamanı səmimi, nəzakətli olmağı, polisin etik-davranış kodeksinin tələblərinə uyğun davranmağı tövsiyə edir.

Polis baş leytenantı Mərdan Əliyev 3 övlad atasıdır. Oğlu bu il Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı keçirilən test imtahanlarında yüksək nəticə göstərərək respublikanın daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov tərəfindən Şamaxı RPŞ-yə təhqiqatçı vəzifəsinə təyin edilib.

Yolumuzda hər zaman yaşıl işığın yanmağını istəyiriksə, qanunların aliliyinə riayət etməli, Vətəndaş olaraq dövlətimizin və millətimizin mənafeyi, güclənməsi naminə gücümüzü, istəklərimizi, dözümümüzü, səbrimizi birləşdirib mətin addımlarla gələcək hədəflərə doğru irəliləməliyik. Bax, belə olan halda, sürət həddini aşmaq üçün basdığımız əyləc görüləcək işimizi, yaşanacaq ömrümüzü yarıda qoymaz.

Və sonda yol adlı ucalıqdan boylanan həmkarım, polis baş leytenantı Mərdan Əliyevin bu fikrini yazımla baş-başa qalanlarla bölüşməyi özümə borc bilirəm: “Sürücü, ehtiyatlı ol, qarşına öz övladın çıxa bilər”...

Hafiz Təmirov,
polis kapitanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm