“Hacıbaba Əzimov DTK-nın agenti olub” – Siyavuş Novruzov
Bizi izləyin

Qırmızı.az

“Hacıbaba Əzimov DTK-nın agenti olub” – Siyavuş Novruzov

“Hacıbaba Əzimov DTK-nın agenti olub” – Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, sabiq deputat Hacıbaba Əzimovun onun və hakim partiya haqqında söylədiyi fikirlərə cavab verib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında bildirib ki, 1990-ci ildə Azərbaycanda keçirilən seçkilər saxta seçkilər olub. Onun sözlərinə görə, həmin ildə yalnız Naxçıvan Muxtar Respublikasında (MR) keçirilən seçkilər şəffaf təşkil olunub: “O dövrə də nəzər salsaq görərik ki, parlamentə seçilənlərin əksəriyyəti milli azadlıq hərəkatının nümayəndələri olub. Digər yerlərə isə seçilənlərin hamısı Ayaz Mütəllibovun siyahısı ilə təyin olunub. Elə Hacıbaba Əzimov da Mütəllibovun siyahısı ilə deputat seçilib. Bu isə saxta seçkilər olub”.

S.Novruzov qeyd edib ki, o dövrdə Azərbaycan hələ müstəqil deyil idi və keçmiş Sovet İttifaqının tərkibində idi: “O dövrdə də Hacıbaba Əzimov səsini çıxarmırdı, Komunist Partiyasına və onun qurumlarına xidmət edirdi. Hacıbaba Əzimovun deputat fəaliyyəti dövründə bir dəfə də olsun hər hansı çıxışı və ya mübarizəsi yadıma gəlmir. Halbuki o dövrdə deputat olmuş şəxslər arasında Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan insanlar da var idi. Ancaq Hacıbaba Əzimov ortalıqda görünmürdü. Ola bilər ki, Hacıbaba Əzimov oturub bir-iki dəfə əlini qaldırdı, ancaq Azərbaycanın milli azadlığı, müstəqilliyi və inkişafı yolunda heç bir fəaliyyəti olmayıb. İndi də Hacıbaba Əzimovun davası pensiya davasıdırsa, o zaman bunu aparıb istiqlaliyyətə və müstəqilliyə bağlamasın. Bunun hüquqi yolları var. Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bunun üçün də müvafiq müraciət edilməlidir. Milli Məclisin daxili nizamnaməsində və Azərbaycanın Konstitusiyasında da göstərilir ki, yalnız 1995-ci ildən sonra Milli Məclisə seçilmiş deputatların əmək haqlarının 80 faizi təqaüd kimi müəyyənləşdirilir. Lakin 1995-ci ilədək olan deputatların təqaüdləri ilə 1985-ci ildə seçilmiş deputatın təqaüdündə heç bir fərq yoxdur. Çünki bunlar eyni sistemdə seçilib. Yəni, bunlar müstəqil Azərbaycan dövləti olan dövrdə seçilməyib”.

YAP-çı deputat deyib ki, Hacıbaba Əzimov özünün yalandan istiqlalçı adlandırır: “Bu yalandır və həqiqətə uyğun deyil. O dövrdə Ali Sovetə seçilmiş deputatların hamısı Azərbaycanın müstəqillik aktına səs veriblər”.

S.Novruzov H.Əzimovun indi YAP-da DTK agentlərinin təmsil olunması barədə söylədiyi fikirləri də şərh edib: “Hazırda YAP-da 600 mindən çox insan var. Ancaq Milli Təhlükəsizlik Nazirliyinin ümumi üzvlərinin sayı 5-10 min arası ancaq olar. Amma indi 600 mindən çox adam Yeni Azərbaycan Partiyasının sıralarında yer alıb. İndi Azərbaycanın ən ləyaqətli, ağıllı, ziyalı və vətənpərvər şəxsləri Yeni Azərbaycan Partiyasının sıralarındadır. Bu sözü o adam deyir ki, onun özü gecə-gündüz DTK-ya xəbər ötürür. Hacıbaba Əzimov DTK-nın agenti olub. Əgər belə olmasaydı, Hacıbaba Əzimov Ayaz Mütəllibovun siyahısı ilə parlamentə seçilə bilərdi? Hacıbaba Əzimov təkcə Azərbaycan DTK-nın deyil, eyni zamanda Sovet DTK-nın agenti olub. O nə qədər ziyalıların üzünə durub, nə qədər adamı şərləyib. İndi arxivlər açılsa, bunların hamısı ortalığa çıxacaq. Bu adam heç vaxt da Milli Azadlıq Hərəkatının üzvü olmayıb. İndi özünə ora yamaq etmək istəyir”.

Xatırladaq ki, Hacıbaba Əzimov 1991-1995-ci illərdə 50 nəfərdən ibarət seçilmiş Azərbaycan parlamentinin deputatı olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm