3 DEKABR
Bizi izləyin

Qırmızı.az

3 DEKABR

1996-cı il. ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.

1992-ci il. Beynəlxalq Əlillər Günü təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.

2008-ci il. Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında “Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.

1967-ci il. Cənubi Afrika Respublikasının Keyptaun şəhərində tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılıb. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürüb. Əməliyyat uğurla başa çatıb.

1984-cü il. Hindistanda kimya zavodunda baş vermiş qəza nəticəsində 18 min insan həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm