Minlərlə insanın ölümünə səbəb olan qanun
Bizi izləyin

Qırmızı.az

Minlərlə insanın ölümünə səbəb olan qanun

Minlərlə insanın ölümünə səbəb olan qanun- ARAŞDIRMA

Onun 48 yaşı var, böyrəklərinin biri 7, digəri 60% işləyir. Həftədə bir neçə dəfə dializə gedir. Təcili böyrək köçürülməsinə ehtiyacı var. Amma yaxınlarından heç kimin böyrəyi uyğun gəlmir. Yeganə ümidi uyğun donor tapılmasınadır. Lakin hazırkı durumda bu real görünmür.

Sənan Cəfərov kimi 2 mindən artıq xəstə dializ aparatından asılıdır, donorun tapılması ümidi ilə yaşayır. Elə bu ümidlə ölənlərin də sayı az deyil. Böyrək və qaraciyər ehtiyacı olan xəstələrin ən azı donor ümidləri olsa da, ürək, ağciyər və digər orqana ehtiyacı olanların bu şansları belə yoxdur. Onlar isə xəstəliyi öyrəndikləri gündən ölümlərini gözləməyə məhkumdurlar. Amma xilas yolları var.

Bu yolun nə üçün bağlı olmasını Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Əvvəl ehtiyacı olanlar haqqında

Azərbaycanda xroniki böyrək xəstəliyindən əziyyət çəkən 2312 nəfər xəstə dövlət hesabına hemodializ seansları qəbul edir. Orqana ehtiyacı olanların sayı isə 5 mindən çoxdur. Dünyada təxminən 100 min insan orqan transplantalogiyası sayəsində şəfa tapır. Ölkəmizdə bu əməliyyatla şəfa tapanların sayı ildə bəzən 50-dən çox olmur.

Səbəb nədir?

Əsas səbəb uyğun donorun tapılmamasıdır. 1999-cu ildə qəbul edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda meyit və donorlardan orqan köçürülməsi qeyd olunub. Lakin indi yalnız donorlardan orqan köçürülməsi mümkündür. Donorlar isə əsasən xəstənin yaxın qohumları olur. Kənar şəxslər donor olduqları halda, bunun üçün müəyyən ödəniş tələb edirlər. Bu isə orqan satışı hesab edilir və qanunla qadağandır. Orqana ehtiyacı olanların dar çərçivələri bir az da daralır. Nəticədə, yaxınından uyğun böyrək, qaraciyər tapa bilməyənlər ömürlərini bir neçə il uzatmaq üçün dərmanlarla yaşayır, ölümlərini gözləyirlər.

Meyitdən orqan köçürülməsi qanunda göstərilsə də, bunun necə həyata keçirilməsi açıqlanmır. Bu da köçürmə prosesinə mane olur. Bundan başqa, orqanların bağışlanması ənənəsinin olmaması, ailənin yaxınlarının orqanını başqalarına köçürülməsinə razı olmaması da orqana ehtiyacı olanların qapılarını bir az da bağlayır.

Digər bir məsələ, əməliyyat xərcləridir. Bəzən uyğun donor tapanlar, əməliyyat üçün vəsait tapa bilmir.

Xarici təcrübə

Dünyada orqan transplantasiyasından şəfa tapanların sayının bizdəkindən dəfələrlə çox olmasının səbəbi məhz orqan bağışlanması, meyitdən köçürülməsi və donor bankının olmasıdır. Gənc yaşlarında orqanlarını bağışlayanların beyin ölümü baş verəndə ailənin razılığına əsasən onun orqanları ehtiyacı olanlara həyat verir.

Artıq Türkiyədə bu qaydalar bir az da sadələşdirilir. Ölkənin Səhiyyə Nazirliyinin ötən il qəbul etdiyi qərara əsasən orqanlarını bağışlayan insanların yaxınlarından icazə alınması proseduru aradan qaldırılıb. Həmin insanların beyin ölümü təsdiqləndiyi halda, ailənin fikri öyrənilmədən orqanları ehtiyacı olanlara köçürüləcək. Bununla da orqan köçürülməsinin 4 dəfəyə qədər artacağı planlaşdırılır.

Bizdəki mövcud qanunvericiliyə görə, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Qanun nə deyir?

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda göstərilib ki, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Qanun da qeyd olunub ki, meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

2 aylıq xəstənin donora ehtiyacı var

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, Respublika Diaqnostika Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi ötən il 19 qaraciyər, 35 böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Lakin bunlar ehtiyacı olanların çox az bir faizini təşkil edir:

“Donora ehtiyacı olan insanların rəsmi statistikası yoxdur. Amma xəstələrimiz arasında 2 aylıq qaraciyərə ehtiyacı olanlar da var. Ehtiyacı olanların yalnız 20%-i əməliyyat ola bilir. Qalan faizin əməliyyat ola bilməməsində səbəb 60% -i əməliyyat xərclərini təmin edə bilməmək, 40%-də isə donor qıtlığıdır.

Bu vaxta qədər həyata keçirilən əməliyyatların hamısında donor yaxın qohumlar olub. Meyitdən orqan köçürülməsinə isə ehtiyac çoxdur, lakin bu proses gecikir. Dövlət və Səhiyyə Nazirliyi bu istiqamətdə yeni konsepsiya hazırlayır”.

Həkimin sözlərinə görə, qaraciyər və böyrək xəstələrinin donor tapmaq imkanı var. Gözün buynuz qişası, ürək, mədəaltı vəz, ağciyər xəstələrinin isə bu şansı yoxdur. Amma qaraciyər və böyrək xəstələrinin belə 60-70%-də canlı donorların uyğun gəlməmə ehtimalı mövcuddur. Bu baxımdan, meyit orqanından keçirilməsinə ehtiyac çoxdur. M.Kazıminin sözlərinə görə, bunun üçün qanunvericilikdə dəyişiklik etməyə və ya yeni qanun qəbul etməyə ehtiyac yoxdur:

“1999-cu ildə qəbul edilmiş qanunun həyata keçirilməsi üçün sadəcə təlimata ehtiyac var. Bu təlimatda kimlərdən orqan köçürməyin mümkün olması, orqan koordinatorları kimlər olmalıdır, beyin ölümünün gerçəkləşməsi barədə qərarı kim təsdiqləməlidir. Kənardan baxanda bu sadə görünsə də, əslində, bu məqamlarda həm tibbi, həm hüquqi, həm də mənəvi aspektlər əks olunub. Bu səbəbdən də konsepsiyanın qəbulu vacibdir”.

Həkimin sözlərinə görə, bəzən yaxınlarında beyin ölümü baş verənlər orqanların köçürülməsi üçün müraciət etsə də, bu praktik baxımdan mümkün olmur:

“Məsələdəki insanı faktorunda problem yaşanmayacaq. Bir az maarifləndirmə aparmaqla insanlarda orqan transplantasiyasına münasibəti dəyişmək olar. Hətta yaxınlarında beyin ölümü baş vermiş iki xəstə yaxınları oqranların istifadə olunması üçün razılıq vermişdi. Lakin bizdə beyin ölümünün gerçəkləşməsi diaqnozu və bir sıra hüquqi məsələrlə bağlı təlimatlar olmadığına görə, bu işi həyata keçirə bilməmişik”.

Bir çox xəstələrin donor olduğu halda əməliyyat edilə bilməməsinin bir səbəbi də qiymətlərdir. Məsələn, böyrək xəstələrinin illik dializ xərcləri orqan köçürülməsi əməliyyatında bir neçə dəfə baha olur. Dizaliz xərcləri dövlət tərəfindən təyin edildiyindən, əməliyyatlarların da dövlət hesabına həyata keçirilməsi mümkündür. Bu həm ailələri, həm də dövləti əlavə xərclərdən azad edər. Həkim də bunun aktual olduğunu, məsələnin həlli üçün tibbi sığortanı tətbiq etməyin vacibliyindən danışdı:

“Bildiyim qədəri ilə tibbi sığorta məsələsi yaxın zamanda həll olmalıdır. Bu zaman əməliyyat xərclərinin neçə faiz ödəniləcəyini deyə bilmərəm, amma trasnsplantasiya əməliyyatları sığorta hesabına olunacağı mümkündür. Xəstələrin sağalmasındakı maneələrdən biri aradan qalxacaq. Qohum olmayan şəxslərin donor olması barədə müraciət etdiklərini, lakin araşdırma zamanı onların müəyyən ödəniş qarşılığında razı olduqlarını aşkarlamışıq. Həmin insanlardan orqan köçürülməsi həyata keçirilməyib”.

Şəbəkə qurulmalıdır

Tibbi ekspert Adil Qeybulla transplantasiya haqqında ölkədə ciddi problemlərin olduğunu dedi. Ekspertin sözlərinə görə, “Donor haqqında qanun” qəbul olunsa da, donorun mənbəyi məsələsi qaranlıq qalıb:

“Donor praktiki sağlam və beyin ölümü keçirmiş şəxslər olmalıdır. Lakin heç kim beyin ölümü keçirmiş gənc uşağının orqanlarının başqa birinə köçürülməsinə razı olmur. Ona görə də, bu məsələ bizdə psixoloji olaraq həll edilməlidir. Bunun üçün təbliğat aparılmalıdır, ölmüş insanlar digərlərinə həyat verə bilsin. İnsanı nöqteyi- nəzərdən də bu çox önəmlidir”.

Ekspertin sözlərinə görə, yalnız bundan sonra qanun işlək hala gətirilə bilər.

“Orqana ehtiyacı olan və donorlarla bağlı şəbəkə qurulmalıdır. Bundan sonra isə, məsələn Zaqatalada böyrəyə ehtiyacı olanla bağlı şəbəkədə lazımı orqanı tapa bilər. Hazırda isə bu məsələlər epizodik xarakter daşıyır. Məsələnin sistem şəklini alması üçün xeyli mexanizmlər hazırlanmalıdır”.

Ekspert bildirdi ki, qanun tam hazır olsa belə, onun işlək mexanizmi yoxdur. Çünki “Tibbi sığorta haqqında” qanun 1999-cu ildən qəbul olunsa da, hələ bəhrəsini görməmişik.

“Bura təbliğatı məsələlər, şəbəkənin qurulması,maarifləndirmə işi xeyli vaxt tələb edir”.

Qanunvericilikdəki boşluqlar və insanların psixoloji baxımdan hazır olmaması orqan transplantasiyası qarşısında duran əsas maneədir. Bunlar aradan qalxmadıqca, eytiyacı olanlar ölümlərini gözləyəcək.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm