Millət vəkili Tovuzda tədbir keçirdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Tovuzda tədbir keçirdi

Tovuzda Qovlar şəhər məktəblərində "Azərbaycan və Türk dünyası həqiqətlərinin yayılmasında gənclərin rolu" adlı tədbir keçirilib. Tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, rayonun ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər.

Millət vəkili çıxışında bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, həqiqətlərimizi böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib:

"Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik".

Azərbaycan həqiqətlərinin, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işğal edilmiş Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, faciələr, vandalizm aktları, qondarma “erməni soyqırımı”barədə gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində gənclərimizin daha fəal mübarizə aparması üçün tariximizi öyrənmələrinin vacibliyini qeyd edən Qənirə Paşayeva bu həqiqətlərin daha geniş yayılması üçün hər bir gəncin səylə çalışmasının əhəmiyyətini qeyd edib. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili deyib:

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Gənclərimiz tariximizi, həqiqətlərimizi yaxşı öyrənməlidir.” “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir gəncimiz Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”.

Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və Azərbaycan, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı gerçəkləri, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Qovlar şəhər məktəbinin rəhbərliyi çıxış edərək gənclərlə bu istiqamətdə görüşlərin və müzakirələrin önəmindən danışıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hər bir gəncimizin ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, həqiqətlərimizi oxuyub öyrənməsinin və yaymasının vacib olduğunu deyib.

Sonda Qənirə Paşayeva Qovlar şəhər məktəblərinə qədim Türk sənət növü olan ebru sənət növünə aid rəsm əsəri və gənclərə müəllifi olduğu kitabları hədiyyə edib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan da məktəblərə Türkiyə və Türk dünyasına aid çoxlu kitablar hədiyyə edib.

Tədbirdə TRT-nin Bakı ofisinin rəhbəri Əmrah Yazıçı da iştirak edib və Qovlar məktəblərindəki tədbirlərdən proqramlar hazırlanıb. Əmrah Yazıçı bundan sonra da Azərbaycanı, onun tarixi bölgələrini, gənclərini dünyada daha çox tanıtmaq üçün daha çox proqramlar hazırlayacaqlarını deyib və gənclərə daha çox oxumağı, öyrənməyi tövsiyyə edib. Müəllimlərin fikir və düşüncələri ilə bərabər gənclərdə onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşüblər və fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm