Qənirə Paşayeva fəxri vətəndaş oldu
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva fəxri vətəndaş oldu

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Qənirə Paşayevaya Türkiyənin Bolu bölgəsinin fəxri vətəndaşı adının verilməsi ilə bağlı Bolu bələdiyyə binasında tədbir keçirilib və mərasimdə bu barədə rəsmi sənəd ona təqdim olunub.

Bolu Bələdiyyə Başçısı Alaaddin Yılmaz tərəfindən irəli sürülən və Bolu bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən səs vermə ilə qəbul edilən qərara əsasən Qənirə Paşayeva Türk dünyası üçün və Bolunun tanıdılmasındakı xidmətləri, "Marka Şehir Bolu" və I Beynəlxalq Koroğlu Festivalında, Beynəlxalq Koroğlu simpoziumlarında, Türk dövlətləri və toplumları ilə aparılan çalışmalarda qatqılarından, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Bolu arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Bolunun fəxri vətəndaşlığına layiq görülüb. Millət vəkili Qənirə Paşayeva qələmə aldığı “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında "Məndən salam olsun ..." dediyi Bolu vilayətini bir bolulu qədər tanıtması, sevgisi də nəzərə alınaraq Bolunun Fəxri Vətəndaşı elan edilib. Bu münasibətlə Bolu vilayətində Qənirə Paşayeva, Bolu Bələdiyyə sədri Alaaddin Yılmaz , Bolu vilayətinin rəsmiləri, bölgə vətəndaşları və KİV-in iştirakı ilə Bələdiyyə binasında Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi təşkil olunub.

Təqdimat mərasimində çıxış edən Bolu Bələdiyyə Başçısı Alaaddin Yılmaz millət vəkili Qənirə Paşayevanın Türk dünyasındakı problemlərə özünü həsr etdiyini deyərək “Türk dünyasının birlik və bərabərliyi üçün Qənirə Paşayeva bütün səylərini sərf edir. Bizim hamımızın hədəfi Türk dünyasını birliyidir, bir araya gətirməkdir. Beynəlxalq Koroğlu festivalları davam edəcək. Bolunun Türk dünyasına tanıdılmasına önəm veriləcək. Koroğlu parkının qurulması işi sürətləndirələcək. Bolunun Koroğlu Parkı deyil, Türk dünyasının Koroğlu Parkı olacaq. Dolayısı ilə bu park bələdiyyə tərəfindən hamımız üçün müştərək inşa etdiyimiz, müştərək sahiblənəcəyimiz bir park olacaq. Bizim Azərbaycan ilə bağlarımız və könül birlikdələrimiz heç zaman qopmadı. Bölgəmizin tanıdılmasında çox böyük əməyi olan millət vəkili Qənirə Paşayeva çox təşəkkür edirəm. Könül birliyi, huzur birliyi və səs birliyi ilə beratın verilməsində əməyi keçən bütün məclis üzvlərinə təşəkkür edirəm”, dedi.

Daha sonra çıxış edən millət vəkili ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bolu Bələdiyyə sədri Alaaddin Yılmaza və bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə və bütün Bolululara təşəkkürünü bildirib. “Mənə bu duyğuları hiss etdirən insanlar sizlərsiniz. Bolunun fəxri vətəndaşı seçilməyim mənim üçün şərəf, böyük bir xoşbəxtlikdir. Türk dövlət və toplumlarının birliyi, bərabərliyi üçün hamımız əlimizdən gələni etməliyik. Əl-ələ verib, var gücümüzlə çalışma zamanıdır. Bolu Türk tariximizin çox önəmli bir parçasıdır. Bizim hər zaman sevgiylə andığımız gözəl bir bölgəmizdir. Bolu Koroğlu və Novruz təpəsi ilə tanınan çox önəmli bir şəhərdir. Novruz bayramı, Koroğlu bizi birləşdirən dəyərdir. Bolunun fəxri vətəndaşı olmaq qürurverici bir görəvdir və bu görəvin haqqını layiqincə verməyi Allah mənə nəsib etsin. Özümü hər zaman Bolulu kimi hiss etdim, artıq bir missiyam da var. Bolunun Türk dünyasına tanıdılması üçün əlimdən gələni edəcəyəm",- deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, bundan sonra da Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib. O, Bolu daxil olmaqla Türk dünyasının 18 qədim və önəmli bölgəsini özündə əks etdirən və gənclərimizin ortaq tariximizi, mədəniyyətimizi yaxından öyrənməsinə kömək edəcək "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitabının iyun ayında Bakıda təqdimatının və tanıdılmasının keçiriləcəyini deyib və tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan qırılmaz əlaqələrdən də bəhs edib:

“Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Biz ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətik. Azərbaycan prezidenti İlham Əliyevin son Praqa toplantısında Türkiyəni ittiham edən Ermənistan prezidenti Sarkisyana sərt cavab verərək "Türkiyə burda olmasa da mən burdayam və cavabınızı verəcəm" deyərək Türkiyənin maraqlarını Azərbaycan qədər qoruması hər bir türk gəncinə böyük örnəkdir. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər.” Qənirə Paşayeva "mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək və o gözəl bölgələrimizdən birində Bolu ilə qardaş şəhər sənədi imzalansın, tədbirlər, bayramlar keçirilsin”.

Sonda ona bu adı layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva, “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Bolu, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün istər siyasətçi, istər pedaqoq, istərsə də Türk dünyasına dair kitabların müəllifi kimi əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb.

Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Bolunun fəxri vətəndaşlığı statusunun rəsmi sənədləri və Bolunun simvolları hədiyyə olunub. O da öz növbəsində Bolu Bələdiyyə başçısı Alaaddin Yılmaza həmmüəllifi olduğu kitabları, Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm