“Guya, Şeyx vəhhabilərdən və nurçulardan pul alır” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Guya, Şeyx vəhhabilərdən və nurçulardan pul alır” – MÜSAHİBƏ

“Guya, Şeyx vəhhabilərdən və nurçulardan pul alır” – MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin Publika.az-a müsahibəsi:

- Son günlər Azərbaycanda ayrı-ayrı dini qrupların, o cümlədən vəhhabilərin və nurçuların fəallaşdığı deyilir. Sizcə, bu doğrudanmı belədir?

- Son illər Azərbaycanda radikal dini qruplar, missioner təşkilatları, o cümlədən vəhhabilik və nurçuluqla bağlı xeyli işlər görülüb. Statistikaya da baxsaq, görərik ki, təkcə vəhhabiliklə bağlı və digər dini təriqətlərin fəaliyyətinin qarşısının alınması ilə bağlı nə qədər maaifləndirici tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində minlərlə insan səhvən düşdüyü yoldan ayrılaraq doğru yola qayıdıb.

Ötən gün mətbuatdan da gördüm ki, bir neçə dini təriqət cavan insanları yoldan azdırdığı zaman ifşa olunub. Mən deməzdim ki, dövlətimiz nurçuların və digər bu cür təşkilatların fəaliyyətinə biganə yanaşır. Əksinə, dövlət tərəfindən bu istiqamətdə nəzarət var. O adamlar da tam əmin olsun ki, Azərbaycanın dövlət siyasətində onlara yer olmayacaq.

Suriya ilə bağlı da onu deyə bilərəm ki, onların zərərləri çoxdur. Bunun əsas səbəbləri onların məlumatsız olmasıdır. Ayrı-ayrı cavan insanlarımız yiyəsiz qalaraq bu cür yollara düşürlər. Bu isə ümumilikdə Azərbaycan dövlətinin və xalqının adına ləkə gətirən hallardır. Azərbaycanda bu istiqamətdə mübarizə tədbirləri görülsə də, ancaq Suriyada onlara hələlik əlimiz çatmır. Mən bu yaxınlarda Böyük Britaniyada idim. Orada bir şeyin şahidi oldum. Böyük Britaniyada mənə dedilər ki, Suriya müxalifətinə azərbaycanlıların da böyük dəstəyi var. Bu sözləri eşitmək mənə xoş olmadı. Onlar bir azərbaycanlının hərəkətlərini bütövlükdə Azərbaycan dövlətinin adına şamil edirlər. Əslində isə Suriya müxalifətinə Azərbaycan dövlətinin hər hansı dəstəyi yoxdur. Sadəcə olaraq, hər hansı 1-2 nəfərin hərəkəti Azərbaycan dövlətinin adına bu cür ləkə gətirir.

Sabah elə bir vaxt gələr ki, deyərlər Azərbaycan dövləti bundan əvvəl Suriya müxalifətini dəstəkləyib və s. Ona görə də belə şeylərə yol verilməməlidir.

- Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov da Prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Onun adı da nurçuların siyahısında hallanırdı. Sizcə, bunun hər hansı bağlılığı ola bilərmi?

- Axı Prezidentin sərəncamında yazılmayıb ki, Elşad İsgəndərov nurçuluğuna görə işdən çıxarılır. Onu bu vəzifəyə Dövlət Başçısı təyin etmişdi, indi də azad etdi. Mən deyə bilmərəm ki, Elşad İsgəndərov nurçuluğuna görə vəzifəsindən azad olunub. Əlbəttə, sizin kimi mən də bundan qabaq Elşadın nurçularla əlaqəsinin olması barədə mətbuatda oxumuşdum. Ancaq mən onun nurçularla hər hansı bağlılığını görməmişəm. Ola bilsin ki, Elşad İsgəndərov vəzifəsinin öhdəsindən gələ bilmədi. İstənilən halda onun vəzifədən azad olunması Cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələ idi.

- Bildiyim qədər, sizin Elşad İsgəndərovla tanışlığınız uzun illərdir ki, var. İndiyədək onun fəaliyyətində hər hansı şübhəli məqam müşahidə etmişiniz?

- Mənim Elşadla hələ o, Gənclər Təşkilatında işlədiyi dövrdən yaxınam. Mən də, Elşad da İslam Konfransı Gənclər Təşkilatının üzvüyük. Hələ biz 10 il əvvəl görüşmüşdük. Mən onunla Afrikada, Türkiyədə və digər yerlərdə görüşmüşəm. Mən Elşad İsgəndərov haqqında mənfi və ya müsbət nə isə deyə bilmərəm. Çünki mən onunla, ancaq dövlət tədbirlərində bir yerdə iştirak edirdim. Həmin tədbirlərdə isə mən onun şəxsi xüsusiyyətini bilə bilməzdim.

Onu da deyim ki, nurçuların bu qədər irəli getməsində bəzi səhvlər olub. Artıq dövlət də bu səhvləri görür və müvafiq tədbirlər görür. Bu cür dini təriqətlər, o cümlədən vəhhabilik və nurçuluğun Azərbaycana ayaq açması 90-cı illərin əvvəllərində, yəni Azərbaycan Xalq Cəbhəsinin dövrünə təsadüf edir. Çünki o dövrdə Azərbaycanda xaos olduğu üçün ölkənin ayrı-ayrı sahələrində də kifayət qədər boşluqlar var idi. Ona görə də o dövrdə vəhhabilik və nurçuluq Azərbaycana asan ayaq açaraq burada özünə himayədarlar tapdı. Bu gün isə biz 20 il öncə etdiyimiz səhvlərin cəzasını çəkirik.

- Son vaxtlar Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin adı bu cür dini təriqətlərdən pul almaqda hallanır. Qardaşınıza qarşı olan bu ittihamlara cavabınız necədir?

- Mən bu suala cavab vermək istəmirəm. Çünki mən bir dəfə buna cavab vermişəm. Yaxşı olar ki, Şeyxlə bağlı olan məsələlərə onun mətbuat xidməti cavab versin.

Şeyxlə bağlı bu cür cəfəng fikirlər yazırlar. Hətta bir dəfə də yazmışdılar ki, guya, Şeyx vəhhabilərdən və nurçulardan pul alır. Əgər Şeyx onlardan pul almışdısa, o zaman nə üçün konfrans keçirib vəhhabiləri və nurçuları tənqid edirdi, onlarla bağlı bəyanat qəbul edirdi? Buradan aydın olur k, bu cür söhbətlər inandırıcı deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm