Əli Əhmədov: "Azərbaycanda insanlar rahat yaşayırlar"
Bizi izləyin

Qırmızı.az

Əli Əhmədov: "Azərbaycanda insanlar rahat yaşayırlar"

Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans işə başlayıb.

Publika.az-ın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edəcək.

Onun sözlərinə görə, Heydər Əliyev yeni Azərbaycanın yaradılması uğrunda mübarizə aparıb: "Bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil. Yeni cəmiyyət modeli demokratik prinsipləri, tolerantlığı, vətəndaş cəmiyyətini əhatə edir. Eyni zamanda Heydər Əliyevin dünyagörüşündə sosial ədalət fərqli çalarlara malik idi. Sosial ədalət insanların maraqlarının mənəvi, qanun və vətəndaş hüquqları baxımından bərabərliyini nəzərdə tuturdu. Heydər Əliyev birinə qadağan olunan şeyin digəri üçün icazə verilməsini yolverilməz sayırdı”.

Ə.Əhmədov Heydər Əliyevin mili-mənəvi dəyərlərə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan cəmiyyəti dünya birliyinin layiqli üzvüdür. Bəşəri dəyərlərlə mili-mənəvi dəyərlərin sintezinə Heydər Əliyev böyük önəm verirdi. Bunun nəticəsində Azərbaycanda yeni uğurlu cəmiyyət modeli qurulub, insanlar rahat yaşayırlar. İnsanların həyatının daim yaxşılaşdırılması bu modelin əsasını təşkil edir. Bu, Azərbaycanın iqtisadi sahədə də uğurlarını şərtləndirir”.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə “Heydər Əliyevin sisətində demokratiya və plüralizm” mövzusunda çıxış edərək bildirib ki, hüquqi və demokratik dövləti yalnız bazar iqtisadiyyatını təmin etməklə qurmaq mümkündür: "Bəşəriyyət demokratiyadan gözəl sistem yarada bilməyib. Demokratiya daim inkişafda olan prosesdir. 1993-cü illərdə Heydər Əliyev Azərbaycan prezidentinin səlahiyyətlərini icra edərkən proqram xarakterli çıxışında demokratiyanın ölkədə təmin edilməsinin vacibliyini və konstitusiyanın hazırlanmasında demokratik dəyərlərin əldə əsas götürülməsinin zəruriliyini vurğulayıb. Seçki hakimiyyətə gəlməyin yeganə yolu olmalıdır. Ulu öndər qeyd edib ki, bizim qurduğumuz dövlət plüralist demokratiyaya əsaslanmalıdır. Hazırda ölkədə 50-dən çox partiya fəaliyyət göstərir. 1991-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası 20 ildən çoxdur ki, ölkədə hakimiyyətdədir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratik sistem qurmaq daha asandır”.

Hazırda konfrans çıxışlarla davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm