"Qarabağ" təqdim olundu
Bizi izləyin

Qırmızı.az

"Qarabağ" təqdim olundu

“QOY BİZİ DƏRD YOX, İDEYALAR, HƏDƏFLƏR BİRLƏŞDİRSİN!”

"Yeni nəsillər, o cümlədən Qarabağı görməyən, Qarabağda doğulmayanlar Qarabağı öyrənməlidir, öyrət­məlidir, tanımalıdır, tanıtmalıdır.”

- Bu sözləri millət vəkil Qənirə Paşayeva bu gün Bakının Yasamal rayonunda yerləşən Zərifə Əliyeva adına Liseydə keçirilən “Qarabağ” adlı kompozisiyanın təqdimat törənində söyləyib. O, bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün hər bir kəs üzərinə düşən missiyanın fərqində olmalıdır. “Gənclərimizə o torpaqları müvəqqəti itirdiyimiz hissini aşılamalıyıq. Biz öz torpaqlarımızı əlbəttə azad edəcəyik! Qarabağ problemi bizim hər birimizin problemidir, bütövlükdə Türk Dünyasının problemidir. Belə bir söz var - “Bizi dərd birləşdirir”. – Doğrudur, dərd bizi birləşdirir – Xocalı Soyqırımı, “20 yanvar” faciəsi və s. ... lakin bizi artıq təkcə dərd yox, ideya(lar), böyük hədəf(lər) birləşdirməlidir!” Çıxışına davam edən Qənirə Paşayeva gəncləri sosial paylaşım şəbəkələrində fəal olmağa çağıraraq, internet istifadəçisi olan yüz minlərlə insanımızın məhz ideyalı, böyük hədəflər uğrunda çalışan inamlı insanlar olmasını təmənna etdiyini bildirdi. O, konkret olaraq, bugünkü tədbirə töhfə olaraq, “Qarabağ” klipini internetdə paylaşmağa çağırdı”.

Qeyd edək ki, 2013-2014-cü tədris ilinin əvvəlində şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırlması məqəsədi ilə Təhsil naziri Mikayıl Cabbarov məktəblərədə bu məzmunda tədbirlərin keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsaslanaraq, Zərifə Əliyeva adına Lisey də, vətənpərvərlik ruhunda keçirilən ənənəvi tədbirlərdən savayı, gənc nəsli torpaqlarımızın işğaldan azad edilməsi uğurunda mübarizəyə səsləyən düşündürücü musiqili kompozisiya hazırlamağı qərara alıb. Pedoqoji kollektivin ümumi rəyi ilə bu kompozisiya üçün Q.Paşayevanın sözlərinə gənc bəstəçi Zümrüd Tağıyevanın bəstələdiyi musiqi əsasında əməkdar artist AZƏRİNin efir həyatı verdiyi “Qarabağ” adlı əsər seçilib. Bu məqsədlə liseyin müəllim, şagird və valideyn kollektivi cari ilin fevral ayında Xızı rayonunda rejissor Namiq Ağayevin rəhbərliyi ilə çəkilişlərə başlayıb. Beləliklə, ideyası Liseyin direktoru Məhəbbət Vəliyevaya məxsus olan kompozisiya-klip araya-ərsəyə gəlib.

Bu kompozisiyanın çəkilişi ilə bağlı bütün təşkilati işləri adıkeçən təhsil müəssisəsi öz üzərinə götürüb. Bu gün (07.05.2014) Şuşanın işğalının 22-ci ildönümü ərəfəsində həmin kompozisiyanın geniş təqdimat mərasimin keçirilməsini, mərasimdə mötəbər qonaqlarla yanaşı şagirdlərin, yeniyetmə və gənclərin iştirakını təasadüfi hal saymayan məktəb direktoru, qardaş Türkiyədən bir qrup ziyalının da mərasimə qatılmasını xüsusi vurğuladı, onlara təşəkkürünü çatdırdı. Təqdimatda millət vəkilləri, ictimai xadimlər, sənət xadimləri, KİV təmsilçiləri, liseyin müəllim və şagird kollektivinin nümayəndələri iştirak edirdi.

Təqdimat və anım mərasimi olaraq tərtib edilmiş tədbirdə bu möhtəşəm ideyanın müəllifi – liseyin direktoru Məhəbbət Vəliyeva, Xankəndindən seçilmiş millət vəkili Flora Qasımova, yaradıcı heyətin bütün üzvləri, Türkiyəli opera sənətçisi Oya Ergün, qardaş ölkədən gəlmiş başqa ziyalılar – dr. Bədri Bilgi (Manisa), Sərdar Ünsal (İğdır) və başqaları çıxış etdilər, öz duyğu və düşüncələrini bölüşdülər.

Millət vəkili Flora Qasımova diqqəti Xankəndinin, Şuşanın, ümumən Dağlıq Qarabağın dünəninə yönəldərək, xatirələrini danışdı, gənc nəslə ünvanlanmış tövsiyyələrini səsləndirdi və Qarabağın bütövlükdə azad olunacağı günə inamla və idrakla yanaşmağı hər birimizin həyat amalı olaraq dəyərləndirdi.

AZƏRİNin Xalq şairi Xəlil Rza Ulutürkün “...Eşqi tükənməyən Azərbaycanam!..” sözləri ilə süslənmiş şeirini oxuması, Qarabağ ağrımız, Azərbaycan həqiqətlərinin dünyaya daha geniş çatdırılması istiqamətində hər bir insanın üzərinə düşən vəzifələr, sənət adamlarının bu istiqamətdə missiyası ilə bağlı fikirləri, həyəcanlı çağırışları mərasimdə zaman-zaman duyğulu anlar yaşatdı... Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda “harada doğulub, harada yaşamasından asılı olmayaraq Qarabağ bütün Türklərin əsas məsələsi olmalıdır. İnşallah gələn tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə keçirək”- deyib.

Tədbirdə əsərin musiqisinin müəllifi Zümrüd Tağıyeva, klipin rejissoru Namiq Ağayev çıxış edərək öz təəssüratlarını, bu cür layihələrin bugünki və gənc nəsillər üçün önəmi barədə çıxış ediblər. Tədbirin sonunda klip təkrar nümayiş etdirilib və alqışlarla qarşılanıb.

Klipin linkini sizə təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm