Qadın döyülürsə, demək səbəbi var
Bizi izləyin

Qırmızı.az

Qadın döyülürsə, demək səbəbi var

Qadın döyülərsə, demək səbəbi var

“Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyev ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib. S.Əliyevanın yaxınları onun dəfələrlə hüquq mühafizə orqanlarına, İcra Hakimiyyətinə müraciət etdiyini, həyat yoldaşı tərəfindən ölümlə hədələndiyini bildirib. Lakin bu müraciətlərə heç bir reaksiya verilməyib.

Nəticədə, ötən gecə baş münaqişədən sonra S.Əliyevanın qorxduğu başına gəlib, qətlə yetirilib.

Hər il yüzlərlə qadın həyat yoldaşı tərəfindən döyülür, təhdid edilir və bəlkə d, məhz səsinə səs verilmədiyinə görə, dünyasını dəyişir.

Publika.az-ın “Qırmızı xətt” layihəsində qadınları ölümə aparan səbəblər, artan məişət cinayətlərinin qarşısının alınması məqsədilə görülə biləcək tədbirləri araşdıracağıq.

Bu ilin ilk dörd ayı ərzində təxminən 25 qadın həyat yoldaşı tərəfindən öldürülüb. 2012-ci ildə bu rəqəm 150-dən az, ötən ilin müvafiq dövründə rəqəmlər daha az idi. Lakin bu məsələdə konkret statistika yoxdur. Çünki bu cinayətlər əsasən qəsdən adam öldürmə kimi qeydə alınır, real vəziyyəti araşdırmaq mümkün olmur. Bu da konkret tədbirlərin görülməsinə imkan vermir.

Ölənlər və xilas olanlar

Ölüm isə qadınlara qarşı olan zorakılığın son həddidir. Həmin faktların araşdırılması zamanı qadınların ölümdən əvvəl illərlə döyüldüyü, işgəncələrə məruz qaldığı müəyyən edilib. Bəziləri isə ölümdən son anda qonşu və ya yaxınlarının yardımı ilə xilas olublar.

Paytaxtın Xətai rayonunda iki ilin gəlini Aynur Yaqub qızı Əsgərova əri və qayınanası tərəfindən aylarla dəhşətli işgəncələrə məruz qalıb. Onlar Aynuru mütəmadi olaraq döyüb, ayrı-ayrı vaxtlarda bıçağı qaz sobasında qızdıraraq bədəninin müxtəlif yerlərinə dağ çəkib, günlərlə ac saxlayıb, mütəmadi olaraq nalayiq söyüşlər söyməklə onun şəxsiyyətini alçaldıblar. Anasının yarıdımı ilə Aynur işgəncələr və ölümdən xilas olub.

Saatlıdan olan 18 yaşlı Rəmziyyənin isə bəxti gətirməyib. Aprelin 30-da Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb. Onun ölümündə atasının səbəbkar olduğuı bildirilir. Sevdiyi oğlanla ailə qurmasına icazə verilməyib, döyülüb və başqa bir oğlanla nişanlamaq istəyiblər. Bütün bunlara dözə bilməyən qız isə çıxış yolunu intiharda görüb.

Siyahı və faktları artıra bilərik. Lakin hər bir hadisədə adlar fərqli olsa da, talelər, səbəblər oxşardır. Nəticələr isə əsasən üst-üstə düşür.

Kişilər nə üçün həyat yoldaşlarını öldürmək istəyir? Bunun qarşısını kim, necə ala bilər?

Səbəblərini isə ekspertlərdən öyrənəcəyik.

“Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, yalnız mətbuatda yayılan məlumatlar, ölüm faktları zorakılığın göstəricisi deyil. İl ərzində baş verən intihar hadisələrinin arxasında da məişət zorakılığının olması inkaredilməzdir və araşdırılmalıdır. M.Zeynalova qanunların işlək olmamasına da toxundu:

“Məişət zorakılığı haqqında”qanuna əsasən mühafizə orderinin tətbiqi ilə bağlı mexanizm işlənməyib. Yəni, zorakılıq törətmiş şəxs əvvəl 30 gün müddətində evdən uzaqlaşdırılmalı, təhlükədə olan şəxs sığınacaqda yerləşdirilməlidir.

“Hüquq mühafizə orqanlarının ölkədəki sığınacaqlarla bağlı məlumatsızlığı hər hansı tədbirin görülməsinin qarşısını alır. Onlar müraciətlər əsasında zorakılığı törədən şəxslə tərbiyəvi söhbətlər aparılmalıdır, qanun bütün bunlara imkan yaradır. Amma çox zaman kiçik ərazilərdə baş verən hadisələrə hüquq mühafizə orqanları müdaxilə etməkdən çəkinir. Məsələn, Lerikdə baş verən hadisədə kişinin atasının rayonda tanınmış şəxs olması qadının köməksiz qalmasına səbəb olub. Hüquq mühafizə orqanlarının yerli əhalidən olması, stereotiplərə söykənərək müdaxilə etməməsi problemləri gündəmdə saxlayır”.

M.Zeynalovanın sözlərinə görə,zərərçəkən şəxsin şikayətlərini dəyərləndirməyən, vəzifə tələblərini yerinə yetirməyən şəxslərin cəza alması da mümkündür. Ölən qadının hər hansı hüquq mühafizə orqanlarına müraciəti yerinə yetirilməyibsə, bu məsələ başqa müstəvidə həll edilməlidir. Məsələyə biganə qalan hüquq mühafizə orqanı əməkdaşlarına qarşı vəzifəsini yerinə yetirmədiyinə, hərəkətsizliyinə görə tədbirlər görülməlidir.

Ekspertin sözlərinə görə, çox zaman zorakılığa məruz qalan qadın kimə müraciət etməsi barədə məlumatlı olmur. “Məişət zorakılığı haqqında” qanunda digərlərindən fərqli olaraq, qonşu və kənar şəxslərin müraciəti əsasında da məsələ araşdırıla bilər.

M.Zeynalova zorakılıq faktlarının qarşısının alınması üçün Cinayət Məcəlləsinə bəzi əlavələrin edilməsinə də toxundu:

“Əmək Hüquqları Müdafiə Liqası ilə birlikdə məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə konkret maddələrin əlavə edilməsi, təkmilləşdirilməsi üçün təkliflər hazırlamışıq. Məişət zorakılığının ayrıca cinayət kimi qəbul edilməsi, ümumi konteksdə təqdim edilən faktlarda məişət zorakılığının xüsusi qeyd edilməsini vurğulamışıq. Müvafiq qanunvericilik orqanlarına bu təkliflərlə bağlı məlumat verilib, lobbiçilik işi aparılır. Milli Fəaliyyət Planının qəbul edilməsindən sonra, həmin dəyişikliklər həyata keçiriləcək. Amma hökümət bu məsələyə daha çox diqqət ayırmalıdır. Çünki, ayda ən azı iki nəfər məhz məişət zorakılığından ölür”.

“Döyürsə demək səbəbi var”

Psixoloq Azad İsazadənin sözlərinə görə, döymək insanın daxilində aqressiyanın olmasından irəli gəlir. Bundan başqa, qadını döymək cəmiyyət tərəfindən qınanmır, dəstəkləməyənlər isə əleyhinə çıxmır. Psixoloq bildirdi ki, döyən buna uyğun cəza almadığından faktlar artır. O, cəza alacağını bilsə, növbəti dəfə döyüb-döyməmək barədə daha yaxşı düşünəcək:

“Cəmiyyətdə “döyürsə demək səbəbi var” düşüncəsi formalaşıb. Qanunun qəbul edilməsi yetərli deyil. Hüquq mühafizə orqanları bununla bağlı iş aparmalı, hər bir siqnala reaksiya verilməlidir. Maarifləndirmə ilə yanaşı, qadınların hüquqi savadı artırılmalıdır. Zorakılıq qurbanları çox vaxt müdafiə olunmaqları ilə bağlı məlumatsız olur, hüquqlarını bilmir, döyülməni normal hesab edir. Tədbir görülməyəndə zorakılığı törədən şəxs əməlində haqlı olduğunu düşünür”.

Psixoloqun sözlərinə görə, belə faktlarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi mütləqdir:

“Ancaq məsuliyyətə cəlb etməklə iş bitmir. Polis həmin şəxslərlə söhbət etməli, nəzarətdə saxlamalı, ailə ilə görüşlər keçirməlidir, periodik evə baş çəkməlidir. Həmin şəxslər polis tərəfindən psixoloqa yönləndirilə, zorakılığa məruz qalanların qorunması, gizlədilməsi də təmin edilə bilər. Lakin polislər bunun əvəzində cinayət törədiləndən sonra insanları həbs edilməklə kifayətlənirlər. Profilaktik işlərin görülməməsi çox zaman hüquq mühafizə orqanlarında çalışanların vəzifə borcundan çox, həmcinslərini dəstəkləmək istəklərindən irəli gəlir.

Sığınacaqlar yaradılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın fikrincə, hər bir fakt incəliklərinə qədər araşdırılmalı və qanunvericilikdə nəzərdə tutulan tədbirlər tətbiq edilməlidir. Faktların azalması üçün maarifləndirməyə ehtiyac var. Müvafiq qurumların da məsələyə düzgün yanaşması vacibdir:

“Ailə elə bir məsələdir ki, hər hadisəyə görə polisin müdaxiləsi düzgün deyil. Müvafiq qurumlar tərəfindən faktlar tam araşdırılaraq tədbirlər həyata keçirilməlidir. İcra Hakimiyyətlərində belə ailələr qeydiyyata alınır və iş aparılır, lakin tədbirlər bir az da gücləndirilməlidir. Cəmiyyət bu məsələlərə həssas yanaşmalıdır. Qonşular “mənim işim deyil, qarışmayım” düşüncəsindən uzaqlaşmalıdır. Çünki, hər bir ailədə baş verən hadisə sonra cəmiyyətin probleminə çevrilir”.

A.Sofiyeva sığınacaqların yaradılmasının qadınlara ediləcək ən yaxşı yardımlardan biri olduğunu dedi:

“Dövlət tərəfindən isə lazımı tədbirlər görülür. “Məişət zorakılığı haqqında” qanunda icra hakimiyyəti tərəfindən qısamüddətli, məhkəmələr tərəfindən uzunmüddətli orderlərin verilməsi qeyd olunub. Amma bunun tətbiq edilməsinə ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlcə hər bir rayonda, daha sonra paytaxtda sığınacaqların yaradılması istiqamətində iş aparılır. Qurbanlar həmin sığınacaqlarda hüquqi, psixoloji yardım alacaq, problemin həllində onlara dəstək olunacaq”.

Zorakılıq cinayətlərinə qarşı cəzaların sərtləşdirilməsinə gəlincə, A.Sofiyeva buna ehtiyac olmadığını dedi:

“Qanunvericilikdə bu məsələlər həll edilib. Bu gün qanunlarda problem olmasa da, inkişaf nəzərə alınaraq gələcəkdə əlavələrin edilməsi mümkün və realdır”.

Bəzi ekspertlərin fikrincə, zorakılıqların ölümlə nəticələnməsi məhz qadınların şikayət etməməsi ilə bağlıdır. Bunun əsas səbəbi qadın polislərin olmamasıdır. Bölgələrdə yaşayanlar döyülməsi, işgəncəyə məruz qalması barədə kişi polisinə məlumat verməkdən çəkinir, utanır. Bunu ailəsinə, yoldaşına xəyanət kimi dəyərləndirir. Paytaxtda isə çox zaman kişi polislər vəzifələrindən daha çox həmcinslərini düşünür. Qadının döyülməsinə haqq qazandırır, hətta kişilərin yox qarşı cinsin günahkar olduğunu düşünürlər. Şikayət isə nəticəsiz qalır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm