• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

BANM ABŞ universitetləri ilə əməkdaşlıq edəcək

BANM ABŞ universitetləri ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərində yerləşən böyük universitetlərdən biri olan Hyuston Universitetinə səfər edib və hər iki təhsil ocağı arasında mütəxəssis hazırlığında əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıb.

Müzakirələrdə Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva, Hyuston Universitetindən Qlobal Strategiya və Araşdırmalar üzrə prorektor, fəlsəfə doktoru Ceym Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis, doktor Ramanan Krişnamurti, Mühəndislik fakültəsinin dekanı, doktor Jo Tedesko, dekanın müavini, doktor Sureş Xator, Neft-qaz mühəndisliyi proqramının rəhbəri, doktor Tomas Holli iştirak ediblər.

Hyuston Univeriteti ABŞ-nın nüfuzlu ali təhsil müəssisəsi olaraq Hyuston Azərbaycan Mərkəzi ilə sıx əməkdaşlıq edir, hər il bu univeritetdə Azərbaycan xalqının ənənəvi bayramları və xatirə günləri yüksək səviyyədə keçirilir.

Nümayəndəliklərin görüşü və müzakirələr Hyuston Azərbaycan Mərkəzinin direktoru İradə xanım Axundovanın dəstəyi ilə təşkil olunub.

Görüş çərçivəsində tərəflərin birgə əməkdaşlıq proqramları vasitəsi ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan, Hyuston və Bakı və hər iki ali təhsil müəssisəsi arasındakı əlaqələrin inkişafına töhfələr verilməsi, professor-müəllim heyəti və tələbələr arasında tədris, elmi-tədqiqat və peşəkar inkişaf sahələrində akademik proqramların həyata keçirilməsi, təhsil, elmi-tədqiqat, professor-müəllim heyəti və tələbə mübadiləsi istiqamətlərində beynəlxalq təcrübənin zəngiləşdirilməsi məsələləri müzakirə olunub, müəyyən ixtisaslar üzrə birgə mütəxəssis hazırlığının konkret istiqamətlərinin müəyyənləşdirilməsi haqqında qərar qəbul edilib.

Müzakirələrin nəticəsində Bakı Ali Neft Məktəbi ilə Hyuston Universiteti arasında gələcək birgə əməkdaşlığın inkişafı üçün əsas rolunu oynayacaq Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin Texas Məzunlar Mərkəzinin və Texas Vadisi İcmaları Fondunun prezidenti cənab Roland Arriola və bu qurumların icraçı direktoru xanım Mari Alis Reyeslə görüşü də keçirilib.

Nümayəndə heyəti Hyuston şəhərinin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov tələbələrlə görüşdən məmnunluq hissləri keçirdiyini bildirmiş, onların təhsillərinin gedişi ilə maraqlanmış, onlara Azırbaycan hökümətinin həyata keçirdiyi qlobal layihələr, ölkənin regionda və dünyada ildən ilə nüfuzunun artması, təhsil sahəsində həyata keçirilən islahatlar, xalqımızın mədəni həyatında baş verən yeniliklər haqqında ətraflı məlumat vermiş, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyatının müasir tədris proqramları və texnologiya əsasında ingilis dilində təhsil almış yüksək ixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsi üçün məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin özəlliklərini açıqlayıb və gəncləri yüksək təlim alaraq özlərini təsdiq etməyə çağırıb.

Elmar Qasımov gənclərə Hyuston Azərbaycan Mərkəzinin həyata keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak etməyi və Mərkəzin fəaliyyətinə hər cür dəstək verməyi tövsiyə edib.

Azərbaycanli tələbələr onların təhsillərinə göstərdiyi diqqətinə görə rektora minnətdarlıqlarını bildiriblər. Nümayəndə heyətinin iştirak etdiyi digər bir görüşdə Bakı Ali Neft Məktəbinə Texas Məzunlar Mərkəzi ilə neft-qaz yönümlü ixtisaslar üzrə birgə magistr hazırlığı həyata keçirmək, Mərkəzin kadr potensialından istifadə etməklə həm məsafədən (distant), həm də bilavasitə təlim texnologiyalarını tətbiq etmək yolu ilə mütəxəssislər üçün qısamüddətli kursların təşkilində iştirak etmək təklif olunmuş və belə xarakterli layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Texas Məzunlar Mərkəzi Harvard Universiteti və Texas A&M Universiteti ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərən müasir təhsil mərkəzidir.

Nümayəndə heyətinin Hyuston şəhərində fəaliyyət göstərən, ABŞ-nın 100 qabaqcıl universitetlərinin sırasında 18-ci yeri tutan özəl Rays Universitetində keçirdiyi görüşdə Universitetin prezidentinin müavini doktor David Vassar, Cones Qradu Biznes Məktəbinin Enerji Menecmenti sahəsində əlaqələndiricisi, professor Vilyam Arnold, Corc Braun Mühəndislik Məktəbinin Korporativ İdarəetmə və Strategiya fakultəsinin dekan köməkcisi, cənab Qari Marfin, Smalley Nanomer Elmlər və Texnologiya İnstitunun İstehsalat üzrə rəhbəri, cənab John Marş və Korporativ Əlaqələr üzrə direktor köməkcisi xanım Ənn Makadam Qriffin iştirak ediblər.

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əldə etdiyi uğurlar və fəaliyyətinin əsas hədəfləri haqqında məlumat vermiş, beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet təşkil etdiyini bildirib.

Daha sonra görüş iştirakçıları hər iki ali təhsil müəssisənin magistr hazırlığı, doktorantura təhsili, ixtisasartıırma və yenidənhazırlama kurslarının birgə həyata kecirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR