Əli Həsənov: “Əsas vəzifə gəncliyi avanqard bir hissəyə çevirməkdir”
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: “Əsas vəzifə gəncliyi avanqard bir hissəyə çevirməkdir”

“Gənclərin işlə təmin edilməsi prosesi gedir”

“Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Gənclər Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi onun statusunun daha da yüksəldilməsi məqsədi daşıyır. Fondun vəsaitləri də ildən-ilə artır”.

Publika.az-ın məlumatına görə, Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən iclasında çıxışı zamanı deyib.


Ə. Həsənov qeyd edib ki, Gənclər Fondu vasitəsilə böyük qrant layihələri həyata keçirilir və mindən artıq gənclər təşkilatına, yaxud ayrı-ayrı gənclərə qrantlar verilir: “Həmçinin cənab prezident bütün bölgələrdə gənclər evlərinin tikintisinin dövlət proqramına daxil edilməsi barədə göstəriş verdi. Gənclər evləri bölgələrdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və gənclərin idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirən addımlardan biridir”.


Şöbə müdiri dövlətin gənclərlə bağlı siyasətinə toxunaraq bildirib ki, bu gün müxtəlif istiqamətlər üzrə dövlət gənclər siyasətinin həyata keçirilməsi təmin edilir: “Bunlardan birincisi gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirak məsələsidir. Ümummilli lider Heydər Əliyev həmişə bu məsələyə ciddi önəm verib, bunu bütün dövlət qurumları qarşısında ali vəzifə kimi qoyub. Əgər Azərbaycan gəncliyi bu gün bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, mədəniyyətimizə, dilimizə, ümumiyyətlə, Azərbaycan dəyərlərinə sahib çıxmayacaqsa, deməli bizim millətin sabahı, gələcəyi yoxdur. Ona görə də gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir. Bilirsiniz ki, cəmiyyətin avanqard hissəsi gənclikdir, gəncliyin də avanqard hissəsi tələbələrdir. Azərbaycan tələbələrinin ali məktəblərdə vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara milli-mənəvi dəyərlərə sahiblik hissinin aşılanması dövlət proqramının əsas vəzifələrindən biridir”.


Ə. Həsənov onu da vurğulayıb ki, dövlət proqramında qarşıya qoyulmuş əsas vəzifələrdən biri kimi istedadlı gəncləri müəyyənləşdirmək, onların bilik və bacarıqlarının inkişafına nail olmaq və bütün bunları dövlətin və millətin xidmətinə səfərbər etmək üçün gənclərə dövlətin diqqət və qayğısı həmişə yüksək olmalıdır.


Ə. Həsənov gənclərin sağlamlığının təmin olunmasının da Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, gənclərin məşğulluğu məsələsinə toxunaraq deyib ki, əhalinin dinamik artdığı ölkələrdə məşğulluq məsələsi ciddi problemə çevrilir: “Azərbaycan əhalisinin 31 faizi, təxminən 3 milyondan artığı gənclərdir. 31 faizi işlə təmin etmək o qədər asan məsələ deyil. Amma Azərbaycan dövlətinin bütün sahələr üzrə qəbul etdiyi dövlət proqramlarında gənclərin işlə təmin olunması mühüm yer tutur. Düzdür, bu işdə müəyyən çətinliklər, problemlər ola bilər. Məsələn, bir müddət əvvəl qanunvericilik qaydasında müəyyən edildi ki, təqaüd yaşına çatan şəxslər maksimum bir ildən sonra iş yerlərini tərk etsinlər və yerlərinə gənclər cəlb olunsunlar. Amma gördünüz ki, buna qarşı cəmiyyətdə nə qədər müqavimət oldu. Yaşlı nəslin nümayəndələri öz mövqelərini belə əsaslandırırlar ki, əsl fəaliyyət 60 yaşdan sonra başlayır. Düzdür, son on ildə Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi geniş vüsət alıb. Amma bir məsələ də var ki, hər bir Azərbaycan vətəndaşı üçün yüksək təminatlı iş yeri açmaq olduqca mürəkkəb məsələdir. Ona görə də müəyyən iş yerlərində təqaüd yaşına çatmış insanların gənclərlə əvəz olunması siyasətini davam etdirmək lazımdır. Bu sahə üzrə müəyyən problemlər müşahidə olunsa da, düşünürük ki, müvafiq tədbirlər vasitəsilə ciddi irəliləyişə nail olunacaq”.


Gənc ailələrə dövlət qayğısından danışan PA rəsmisi bildirib ki, Azərbaycanda gənclərin ailə qurması tendensiyası çox sürətlə gedir: “Gənclərin ailələrinin möhkəm, gələcəkdə dayanıqlı olması, onların dağılmasının qarşısının alınması üçün gənc ailələrin sosial müdafiəsinə dəstək verilməsi dövlət siyasətinin mühüm istiqamətdir və ciddi maliyyə resursları tələb edir”.


Ə. Həsənov gənclər təşkilatlarına dəstəkdən də danışaraq deyib ki, bu təşkilatların fəaliyyətlərini stimullaşdırmaq, onlara dəstək vermək, dövlətin imkanları çərçivəsində qrantla təmin eləmək də Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin önəmli tərkib hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm