Zərdab polisinin qanunsuzluğu ifşa olundu
Bizi izləyin

Qırmızı.az

Zərdab polisinin qanunsuzluğu ifşa olundu

Zərdab polisinin qanunsuzluğu ifşa olundu

Dövlət Yol Polisinin (DYP) növbəti neqativ əməli ortaya çıxıb. Bu dəfə etiraz edən vətəndaş DYP-nin qanunazidd əməli ilə qarşılaşdığını iddia edir.


AzNews.az-a açıqlama verən şikayətçi, Zərdab rayon sakini Səbuhi Cəfərov deyib ki, istifadəsində olan 90 RC 963 dövlət nömrə nişanlı avtomobillə naməlum şəraitdə radara düşüb və bundan xəbərsiz olub. S. Cəfərovun sözlərinə görə, qayda pozuntusuna görə, ona cərimə yazılıb. Lakin ona bu haqda da xəbər verilməyib.

Şikayətçi onun etirazına səbəb olan məqam haqda da danışıb: “Qayda pozuntusu haqda mən məlumatlandırılmamışam. Heç qeydiyyatda olduğum ünvana da bu barədə heç bir bildiriş daxil olmayıb. Məsələnin ən qanunazidd tərəfi isə budur ki, cərimə məndən asılı olmadan, yəni xəbərim olmadığından vaxtında ödənilməyib. Nəticədə cərimə məbləğinin üzərinə faiz gəlib. Bununla da məbləğ yetəri qədər artıb”.

S. Cəfərov yol polisinin bu hərəkətinə etiraz edərək, məsələnin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev isə AzNews.az-a açıqlmasında məsələyə aydınlıq gətirməyə çalışıb.


O deyib ki, S. Cəfərov 2014-cü ilin yanvarın 10-da Bakı şəhəri ərazisində sürət həddini 20-40 kilometr aşdığından radar tərəfindən qeydə alınıb: “Ola bilsin, Səbuhi Cəfərovun rayondakı ailə üzvlərindən kiməsə cərimə ilə bağlı bildiriş təqdim edilib”.

Şikayətlə bağlı Zərdab rayon DYP bölməsinin rəisi Müşviq Əmirovla da əlaqə saxladıq.


AzNews.az-a açıqlamasında M. Əmirov deyib ki, Səbuhi Cəfərov idarə etdiyi avtomobillə radara düşüb və məsələ ilə bağlı sözügedən şəxsin ünvanına bildirişlə xəbərdarlıq göndərilib.

M.Əmirov əlavə edib ki, əgər şikayətçidə hansısa qaranlıq bir məqam yaranıbsa, ərizə ilə Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər:

“Müraciət etsin ki, araşdırılsın. Sonda kimin günahkar olduğu məlum olacaq və həmin şəxs də öz cəzasını alacaq”.

Zərərçəkən Səbuhi Cəfərov isə DYP rəsmilərinin dediklərini təkzib edib. Onun sözlərinə görə, o həmin ünvanda yaşamır, heç qeydiyyatı da ora deyil. Bundan əlavə, xəbərdarlığın onun qohumlarına verilməsi də düzgün deyil: “Çünki mənim orada heç bir qohumum yaşamır”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm