Bizimkilərin heyvan "sevgisi"
Bizi izləyin

Qırmızı.az

Bizimkilərin heyvan "sevgisi"

Bizimkilərin heyvan "sevgisi"

Bu yaxınlarda Quba rayonunda itə dəhşətli işgəncə verilməsini əks etdirən görüntüləri yəqin çoxlarınız izləmisiniz. İzləməyənlərin diqqətinə çatdıraq ki, videoda bir nəfər iti tutub saxlayır, ikinci şəxsin isə itə çoxsaylı bıçaq zərbələri endirir, daha sonra isə itin başını kəsir.

Heyvanlara qarşı belə işgəncə faktları dəfərlərə təkrar olunub. Lakin heyvanlara qarşı bu hərəkətləri edənlər lazımi cəza almır.

Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək qadağandır: əgər çəkilişlər onlara əziyyət verərsə. Avstriyada hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu, yaxud da qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu sayılır. Bu ölkədə itləri zəncirləmək də qadağandır. Qanunu pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyır. Bu cinayəti törədən şəxsi ya 10 min avro cərimə, ya da 1 il həbs gözləyir. Türkiyədə küçələrdə yaşayan və ya atılmış heyvanlar üçün sığınacaqlar var..

Azərbaycanda isə ötən ilə qədər belə hərəkətlərə yol verənlər 25 manat məbləğində cərimələniblər. Yalniz 1 ildir ki, cərimənin məbləği artırılaraq 500- 1000 manat müəyyən edilib.

2011 ci ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə ev heyvanları ilə qəddar davranışa rəsmən qadağa qoyuldu. Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları təsdiq olundu. Qaydalara əsasən, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.

Qərarda bəzi məhdudiyyətlər də göstərilib. Belə ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, zərər verməməli, heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir. Qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişmək üçün cərrahi əməliyyatlar (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) da qadağan olunub.

Heyvanları Mühafizə - Azərbaycan Cəmiyyətinin sədri Azər Qarayev deyir ki, hüququ pozulan heyvanlar arasında birinci yeri kənd təsərrüfatı heyvanları tutur:

“Əsasən də xırdabuynuzlular: qoyun, inək və s. Onlardan sonra ən pis vəziyyətdə olan sahibsiz heyvanlardır. Onlara qəddarlıq göstərilir. Üçüncü sahə isə zooloji parkdır. Orda vəziyyət acınacaqlıdır”.

A.Qarayev əlavə edir ki, Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyasına qoşulanda Azərbaycan öhdəlik götürmüşdü ki, sahibsiz heyvanlar öldürülməyəcək:

“Təəssüf ki, hələ də Bakı Şəhər Kommunal Təsərrüfatı İdarəsi küçə heyvanlarını vəhşicəsinə qırır. Yalnız axtalanma vasitəsilə onların sayı tənzimlənə bilər”.

Ölmüş heyvanların cəsədlərinin basdırılması ilə bağlı paytaxtda anormal vəziyyət yaranıb:

“Artıq on illərdir ölmüş heyvanların cəsədləri paytaxtın park və bağlarında basdırılır. Bu isə mənfi halların baş verməsinə səbəb olur. Bu problemlərin aradan qaldırılması üçün heyvanlar üçün ayrıca qəbiristanlığın yaradılmasına ehtiyac var”.

Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsindən deyirlər ki, belə heyvanlar səhərin erkən saatlarında öldürülür: Bunun üçün də “Pnevmatik tapançadan, keyləşdirici iynələrdən istifadə edirlər. Heyvanlar öldürüldükdən sonra xüsusi yerlərdə yandırılır. Heyvanların öldürülməsi insanların şikayəti əsasında, heyvanların quduzluğuna görə edilir. İdarə əməkdaşları küçə reydləri zamanı yalnız xəstə heyvanları öldürür. Bakıda sahibsiz itlərin sakinləri dişləməsi ilə bağlı şikayətlər də çox olur. İt quduz olsa, məhv edilir.

Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə isə bildirir ki, "Ev heyvanlarının mühafizəsi və qorunması haqqında" qanununu Avropa Konvensiyasına uyğunlaşdırmaq lazımdır. Heyvanların sağlamlığına və həyatına qarşı ağır cinayət törətmiş şəxslərə həbs cəzası verilməlidir. Bu cəza insanlığa qarşı törədilən cəza ilə eyni olmaldır”- deyə Mənsurə Rəsulzadə əlavə edib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov heyvanların qorunması və mühafizəsi məqsədilə Dövlət Proqramının qəbulunu təklif edir.

Millət vəkili publika.az-a bildirib ki, bu təkliflə parlamentdə çıxış edib. O, bu sahədə qanunvericiliyə dəyişiklilər edilməsini zəruri sayır.

Onun sözlərinə görə, "Heyvanların mühafizəsi və qorunması haqqında" qanun Avropa Konvensiyasına uyğunlaşdırılmalıdır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm