Uşaqları cinsi istismar edənlərə ömürlük həbs verilsin - millət vəkili
Bizi izləyin

Qırmızı.az

Uşaqları cinsi istismar edənlərə ömürlük həbs verilsin - millət vəkili

Uşaqlara qarşı cinsi istismara görə ömürlük həbs verilsin - millət vəkili

Türkiyədə uşaqlara qarşı cinsi istismara qarşı cəzalar sərtləşdirilir. Bu cinayətlərə görə həbs cəzası ağırlaşdırılmış şəkildə 39 il olacaq.

Yaxın günlərdə bu qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi gözlənilir.

Hətta bu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu uşaqlara qarşı cinsi istismarın cəzası olaraq ölüm hökmünün bərpa ediləcəyini bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Avropa İttifaqı qarşısında götürülən öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir.

Ölkəmizdə də uşaqlara qarşı cinsi istismar problem aktualdır. Bu faktlar bir çox hallarda ailələr tərəfindən gizli saxlansa da, rəqəmlər heç də az deyil. Bəs Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqinə ehtiyac varmı? Cəzalar sərtləşdirilə bilərmi?

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidovun sözlərinə görə, cinsi istismara məruz qalan uşaqların statistikası hər il artır. Bu da cəzaların sərtləşdirilməsini aktuallaşdırır:

2010-cu ildə zorakılığın qurbanı olan uşaqlar üçün yaradılmış xüsusi reabilitasiya mərkəzinə edilən müraciətlər əsasında, onların statistikası müəyyən edilir. Son iki il ərzində mərkəzə paytaxt və bir neçə bölgədən 36 müraciət olub. Bunların arasında 12-16 yaş arası uşaqlar daha çoxdur. Amma bölgələrdə bu halla qaşılaşanların sayı daha çoxdur.

Bu rəqəmlər cinsi zorakılığa məruz qalan uşaqların sayının ildən-ilə artdığını göstərir. Rəqəmlər yalnız faktların artdığını yox, həm də problemi yaşayanların gizlədilməməsini göstərir”.

N.Seyidov hazırkı qanunvericiliyin bu hallara şərait yaradan, törədən şəxslərə qarşı sərt olmadığını deyib:

“Bu baxımdan da, cəzanın ağırlaşdırılması məqsədəuyğundur. Bu cəzanın müəyyən edilməsinə beynəlxalq təcrübədən yanaşılmalıdır. Həbs cəzası ilə yanaşı hadisəni törədənlərin psixi müalicəsi də tələb olunmalıdır. Çünki bu hadisələri törədənlərin çoxunun psixi problemləri olur. Ölüm cəzasına qarşıyam, çünki bu çox zaman təsirli olmur. Bunun əvəzində cəzanı artırmaq həmin şəxslərin məlumat bazasının yaradılması, sonrakı dövrlərdə izlənməsi də müəyyən edilə bilər. Bu izləmədən cinayətin törətmiş şəxslər xəbərdar olmalı, ünvan dəyişərkən Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər. Onların uşaqlarla sıx təmasına qarşı işlər görülməlidir. Bu addımlar atılsa, cinayətlərin qarşısını müəyyən qədər alına bilər”.

Millət vəkili Fazil Mustafa da problemlə bağlı qanunvericiliyin sərtləşməsinə xüsusi ehtiyac olduğunu dedi:

“Xüsusən özünü qoruyacaq imkana sahib olmayan kateqoriyadan olan uşaqlarla bağlı bu məsələ daha aktualdır. Çünki hər hansı psixi problemi olan birinin təcavüzü onların bütün həyatını məhv edir. Bu məsələdə ölüm cəzasına qədər cəzalandırmanın tərəfdarıyam. Lakin ölüm cəzası ləğv edildiyindən, cəzanın ağırlaşdırılmasını, ömürlük həbs cəzasının tətbiqini normal qəbul edirəm. Bu cəzalar faktların azalma tendensiyasına təsir edə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm