Xarici dillərin tədrisində problemlər müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Xarici dillərin tədrisində problemlər müzakirə edilib

Xarici dillərin tədrisində problemlər müzakirə edilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilən ikigünlük Respublika elmi-praktiki konfransına yekun vurulub.

ADU İctimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən xəbərə görə, konfransın bağlanış mərasimində çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ikigünlük konfransda xarici dillərin tədrisi ilə bağlı bölmələrdə qızğın və maraqlı diskussiyaların getdiyini söyləyib. Əvvəlki konfranslarla müqayisədə budəfəki konfransda keyfiyyətin yüksəldiyini qeyd edən D. Yunusov müzakirələrdə ali məktəblərlə yanaşı, orta məktəb nümayəndələrinin də fəal iştirak etdiyini deyib. O, bildirib ki, belə konfransların gələcəkdə daha da uğurlu olması üçün səmərəli fəaliyyət göstərilməlidir.

Prorektor konfrans müddətində gənc müəllimlərə, elm adamlarına tribuna yaradıldığını deyən D. Yunusov bu sahədə aparılan işləri yüksək qiymətləndirib.

Sonra konfransın bölmə rəhbərləri – professorlar Bilal İsmayılov, Dilarə İsmayılova, Azad Məmmədov, dosentlər Leyla Cəfərova, Tamilla Əmirova və Fikrət İbiyev çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Bildiriblər ki, bölmələrdə müzakirə edilən mövzular özünün aktuallığı ilə seçilib. Bütövlükdə iclaslarda edilən çıxışları qənaətbəxş adlandıran bölmə rəhbərləri orada səslənən qarşılıqlı polemikaları, fikir mübadilələrini müsbət xarakterizə ediblər. Bağlanış mərasimində iştirak edən digər çıxışçılar da xarici dillərin tədrisinin inkişafı baxımından oxşar konfrans və iclasların mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.

Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da, mayın 7-8-də ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” Respublika elmi-praktiki konfransına yekun vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm