Nəqliyyat Nazirliyinin iki qurumu Rabitəyə verilir
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat Nazirliyinin iki qurumu Rabitəyə verilir

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi təəssüf ki, hələ də özünü doğrultmayıb. Bu sistemi yenidən təşkil edib ayağa qaldırmaq lazımdır. Bunu isə yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bacarar. Çünki bu onların işidir”.

Bu sözləri “Axar.az”a nəqliyyat eksperti Məzahir Rüstəmov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdinə veriləcəyi barədə xəbərlərə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, NİİM yarandığı ilk gündən Nəqliyyat Nazirliyinə verilməsi səhv və yanlış addım idi:

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə Nəqliyyat Nazirliyi deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzarət etməlidir, çünki bu sahənin mütəxəsisləri də ordadır, o nazirliyin kurasiyasıdır. Mərkəzin bu günə qədər nəqliyyatda heç bir dəyişikliyə nail ola bilməməsinin səbəbi də budur. Nəqliyyatın intellektual idarəsi sırf rabitə və texnologiya, ötürülmə, texniki məsələlərlə əlaqədardır. Burada əsas məqsəd operativliyi təmin etməkdir”. M.Rüstəmov hesab edir ki, NİİM-in işlək vəziyyətdə olmamasının bir başqa səbəbi yolların pis vəziyyətdə olmasıdır:

“Sistem işə başlayan zaman biz bildirmişdik ki, ağıllı nəqliyyata keçməyin zamanı deyil. Əvvəlcə yolları yüksək səviyyəyə çatdırmaq lazımdır. Bakı yolları nəqliyyatın intellektual idarəsinə hələ tam uyğunlaşmayıb, paytaxtın bütün yolları tam istifadəyə verilməyib. Təmir və bərpa işləri aparılır. Belə olduğu təqdirdə ağıllı nəqliyyat sisteminin hansısa inqilabi dəyişiklik edəcəyini gözləmək sadəlöhvlük olardı”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə “Axar.az”a açıqlamasında NİİM-in sözçüsü olduğu nazirliyə verilməsindən məlumatsız olduğunu bildirdi:

“Bu barədə heç bir məlumatım yoxdur. Ona görə də bir söz deyə bilmərəm. Belə bir qərar olacağı təqdirdə rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və “Avto FM” radiosunun Nəqliyyat Nazirliyindən alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə veriləcəyi barədə xəbər yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm